Erməni klounadası nə zaman bitəcək? ANALİTİK+AKTUAL

13 Aprel 2022 11:48 (UTC+04:00)

Yaxud, revanşist deputatların Qarabağ sərgüzəştlərinin puç olması növbəti proseslərin siqnalıdır

Məlum olduğu kimi, Ermənistan parlamentinin revanşist hissləri ilə alışıb-yanan bir qrup müxalifətçi deputatları parlamentin iclaslarına qatılmayacaqlarını bəyan edərək, bunun yerinə Qarabağa, Xankəndiyə gedəcəklərini, separatçı rejimin “deputatları” ilə görüşlər keçirəcəklərini bəyan etmişdilər. Daha dəqiq desək, parlamentin Daşnaksütyun fraksiyasından olan vitse-spikeri İşxan Saqatelyan “Ermənistan” və “Şərəfim var” fraksiyasının deputatlarına belə bir təşəbbüs təklifi irəli sürdü və onlar da həmin təkliflər razılaşaraq Xankəndiyə gedəcəklərini bildirdilər. Əsas səbəb kimi isə Ermənistan hakimiyyətinin Azərbaycanın irəli sürdüyü beş təklifi qəbul etməsi və bu təkliflər ətrafında müzakirələrə başlaması göstərildi.

Bakının RSK komandanlığına etdiyi çoxsaylı və haqlı iradlarından sonra nəhayət ki, sülhməramlılar həmin iradlardan doğru nəticə çıxarmağa səy göstərdilər

Lakin erməni revanşist deputatları saydıqlarını sayarkən, fələyin onlar üçün hansı sürpriz hazırladığndan çox yəqin xəbərsiz olublar. Məhz Bakının rəsmi icazəsi olmadan, eləcə də öncədən etdiyi xəbərdarlığından sonra Qarabağda müvəqqəti yerləşmiş Rusiya sülhməramlıları kontingenti (RSK) erməni deputatlarının Azərbaycan ərazisinə daxil olmalarına izn vermədi. Bu arada onu da qeyd edək ki, Bakının RSK komandanlığına etdiyi çoxsaylı və haqlı iradlarından sonra nəhayət ki, sülhməramlılar həmin iradlardan doğru nəticə çıxarmağa səy göstərdilər və bu faktı məhz revanşist deputatların qeyri-qanuni şəkildə ərazilərimizə buraxılmamaları ilə əlaqələndirə bilərik.

Ancaq bütün bunlardan sonra Ermənistan XİN dərhal saçını-başını yolmağa başladı ki, sən demə erməni deputatlar Qarabağ ərazisinə buraxılmalıymışlar və hətta onların bu ərazilərə buraxılmamaları hansısa hüquq pozuntusuymuş, üçtərəfli bəyanatda ziddiymiş və s...

Gəlin erməni XİN-nin həmin bəyanatına diqqət yetirək və növbəti mülahizələrimizi irəli sürək. SİTAT: “Bu addım 2020-ci ilin 9 noyabr (görünür, ermənilər 10 noyabr tarixindən necə qıcıqlandıqlarını və qorxduqlarını onu 9 noyabr tarixi ilə əvəzləməkləri ilə etiraf edirlər-R.R.) bəyanatında göstərilən və Dağlıq Qarabağın Laçın dəhlizi vasitəsi ilə Ermənistanla maneəsiz əlaqəsini əks etdirən bəndə zidlik təşkil edir. Bəyanatdakı bütün tərəflər (burada artıq Rusiyaya da kəllə atırlar-R.R.) onun hərfinə və ruhuna, həmçinin üzərlərinə götürdükləri öhdəliklərinə əməl etməlidirlər”.

Görünür, sərsəm iddiaları irəli sürən erməni tərəfi oxumaq, mütaliə etmək qabiliyyətlərini də itiriblər

Beləliklə, Ermənistan respublikasının XİN-i Azərbaycan ərazisində müvəqqəti yerləşmiş RSK-nı erməni deputatlarının Azərbaycana daxil olmalarına əngəl yaratmaqda ittiham edir və Bakı ilə “əlbir” olmasına eyham vurur (?!)

Görünür, həmin sərsəm iddiaları irəli sürən erməni tərəfi oxumaq, mütaliə etmək qabiliyyətlərini də itiriblər. Çünki adıçəkilən üçtərəfli bəyanatda bilavasitə Laçın dəhlizi ilə bağlı “maneəsiz” ifadəsi mövcud deyil və orada açıq-aydın yazılıb ki, dəhliz yalnız (!!!-R.R.) sadə vətəndaşların istifadəsi üçündür, ermənilərin rəsmi məmurları, xarici diplomatlar üçün deyil!

Yaxud, belə bir arqumentlə erməni tərəfinə xatırlada bilərik ki, “maneəsiz” ifadəsi məhz Zəngəzur dəhlizi ilə bağlıdır və Ermənistan XİN klounada ilə məşğul olmaqdansa, revanşist deputatların hay-həşirinə dəstək verməkdənsə, bu məsələlər barədə baş sındırsınlar.

İrəvanın RSK-nı hədəfə almasını Moskvanın erməni tərəfinin minimal iştirakı ilə Zəngəzur dəhlizinin açılmasında maraqlı olması ilə də əlaqələndirə bilərik

Daha bir məqam: məsələ ondadır ki, biz son vaxtlar Rusiyayönümlü parlament müxalifətinin Ermənistanda “artsax” mövzusu ətrafında çoxsaylı təxribatçı cəhdlərini müşahidə edirik. Məsələn, qondarma rejimin əski parçasını Ermənistanın müxtəlif şəhərlərində qaldırmaqla və s...

Üstəlik, növbəti – Laçın təxribatına cəhd də bu sıradandır və buradan daha bir nəticə də hasil etmək olar. Məlumdur ki, baş nazir Nikol Paşinyanın Moskvaya səfəri gözlənilir və mövcud təxribat nümayiş etdirir ki, onun hökuməti proseslərdən rahatsızdır, eləcə də razılaşmalar yönündəki dinamikliyin marağında da deyil. Bəllidir ki, aprelin sonuna qədər erməni tərəfi sərhədlərin delimitasiyası ilə bağlı birgə komissiyanın işlək vəziyyətə gəlməsi istiqamətində qəti addımlarını atmalıdır və Azərbaycanın sülh sazişinin əldə edilməsi yönündə irəli sürdüyü beş təklifin realizə olunmasındakı fəaliyyətini reallaşdırmalıdır.

Nəticədə üç mühüm məsələ qalır – nəqliyyat dəhlizinin blokadadan çıxması, Ermənistan tərəfindən Qarabağın rəsmi şəkildə Azərbaycanın suveren ərazisi kimi tanınması, yəni delimitasiya prosesinin başlanılması və qanunsuz erməni silahlılarının bu ərazilərdən rədd edilmələri.

Əbəs deyil ki, hər iki mövzu ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev qəti sözünü deyib. Və o da əbəs deyil ki, artıq Moskvada da qəti şəkildə bəyan olunur ki, üçtərəfli bəyanatdakı bəndlərin həyata keçirilməsi vacibdir. Belə bir fonda İrəvanın RSK-nı hədəfə almasını Moskvanın erməni tərəfinin minimal iştirakı ilə Zəngəzur dəhlizinin açılmasında maraqlı olması ilə də əlaqələndirə bilərik.

Prezident İlham Əliyev aprelin 12-də keçirdiyi müşavirəsində bu məsələyə toxunaraq, əslində, Bakının çox gözləməyə vaxtının olmadığını xatırlatdı, əks halda...

Qarabağın Azərbaycanın tərkibində delimitasiya olunması mövzusu isə artıq həll edilib, qalır onun rəsmiləşdirilməsinə ki, həmin prosesdə yalnız Ermənistan deyil, RSK da əməli fəaliyyətə keçməlidir. Hələlik, son erməni təxribatının qarşısının alınması yönündə RSK tərəfindən atılan addımı alqışlaya bilərik. Təbii ki, sonrakı proseslərdə yenidən Bakının maraqlarına zidd addımlar atılmazsa...

Ümid edək ki, bundan sonrakı proseslər də məhz üçtərəfli bəyanatda tələb edilən bəndlər əsasında aparılacaq və bu bəndlərdən biri və ən əsası – 4-cüsü hələ ki, realizə olunmur və Prezident İlham Əliyev aprelin 12-də keçirdiyi müşavirəsində bu məsələyə toxunaraq, əslində, Bakının çox gözləməyə vaxtının olmadığını xatırlatdı, əks halda, Ermənistan bundan sonra da dalana dirənəcək və sülhə məcburetmə prosesi üzərindəki mexanizm işə salınacaq.