ABŞ Ukraynaya zirehli “Humvee” yolsuzluq avtomobillərini və müasir avadanlıqları ötürmək niyyətindədir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ABŞ rəsmilərinə istinadən “The Washington Post” yazıb.
Amerika qəzetinin adını açıqlamayan həmsöhbətlərinin sözlərinə görə, ABŞ prezidenti Cozef Bayden administrasiyası Kiyevə verilən silahların çeşidini genişləndirməyə hazırlaşır.
Belə ki, Vaşinqtonda müzakirə edilən ilkin planlara Mi-17 helikopterləri, haubitsa silahları, sahil mühafizəsi üçün pilotsuz uçuş aparatları, habelə kimyəvi, bioloji və ya nüvə hücumu zamanı xüsusi qoruyucu geyimlər daxildir.
Qeyd olunur ki, ABŞ Ukraynaya 750 milyon dollarlıq yardım paketi təqdim edə bilər.
Bundan əvvəl “Reuters” ABŞ-ın yaxın vaxtlarda Ukraynaya analoji məbləğdə əlavə silah tədarükünü elan edəcəyini bildirmişdi. Agentliyin həmsöhbətləri onu da bildiriblər ki, tədarüklər prezidentin xüsusi səlahiyyətləri çərçivəsində maliyyələşdiriləcək. Yeni çatdırılmaların elanı 13 apreldə veriləcək. Birləşmiş Ştatların rəhbəri fövqəladə hallarda Konqresin təsdiqi olmadan mal və xidmətlərin ötürülməsinə icazə verə bilər.
Ağasəf Babayev