Müharibənin Azərbaycan iqtisadiyyatına təsiri necə olacaq? - İQTİSADÇI AÇIQLADI

12 Aprel 2022 16:15 (UTC+04:00)

"Ukrayna ətrafında davam edən bu münaqişənin Azərbaycan üçün bir çox istiqamətlər üzrə mənfi nəticələri olacaq. Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə kifayət qədər geniş xarici ticarət əlaqələri, qarşılıqlı ticarət dövriyyəsi var. Sözsüz ki, münaqişə bu dövriyyəyə təsirsiz ötüşməyəcək". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elşad Məmmədov deyib.
Onun sözlərinə görə, Rusiyada etnik azərbaycanlıların işlə təmin olunması, ölkəmizə vəsait köçürülməsinin reallaşdırılması məsələsi də olduqca önəmlidir: "Rusiyada yaşayan 3 milyona yaxın azərbaycanlının sosial vəziyyəti də ölkəmizə öz təsirini göstərəcək. Bunlarla yanaşı ölkəmizin qeyri-neft, qeyri-xammal sektoru nöqteyi-nəzərdən prioritet bazarı hələ uzun müddət Rusiya olacaq. Ona görə də Rusiyadakı vəziyyət Azərbaycan iqtisadiyyatı üçün önəmlidir".

İqtisadçı sözlərinə davam edərək həmçinin belə qeyd edib ki, iqtisadiyyatının imkanlarını nəzərə alsaq, Rusiyanın çökəcəyi ilə bağlı verilən proqnozların əsassız olduğunu deyə bilərik: "Hazırki vəziyyətdə Rusiya üçün qonşu dövlətlərlə iqtisadi əlaqələrin qurulması prioritetdir. Azərbaycan da bundan faydalana bilər. Eyni zamanda, Rusiyada istehsal olunan məhsulların Azərbaycan üzərindən başqa bazarlara çıxarılması perspektivini də nəzərə almaq lazımdır. Ən əsas məsələlərdən biri isə enerji daşıyıcıları, neft və qazın qiymətlərinin kəskin artımıdır ki, ölkəmiz bu istiqamətdə iqtisadi dvidentlər əldə etməyə başlayıb".