Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq-jurnalist Elçin Bayramlının SİA-ya müsahibəsini təqdim edirik:
- Sağlam qidalanmanın tərifini bir cümlə ilə necə verərdiniz?
-Konfutsinin də dediyi kimi, biz nə yeyiriksə oyuq. İnsan orqanizmi qidadan və sudan formalaşır. Biz ehtiyac duyduğumuz mineralları, vitaminləri və s. təbiətdən əldə etməliyik. Orqanizm onları qəbul edərək özünün formalaşması üçün istifadə edir. Təbiətlə insanın əlaqəsi kəsiləndə, yəni qəbul edilən qidalar təbii olmadıqda orqanizmdə balans pozulur. Balansın pozulması ağır xəstəliklərin yaranmasına səbəb olur. Ümumiyyətlə, bu məsələnin üç tərəfi var. Məsələnin birinci tərəfi insanın, ikinci tərəfi təbiətin sağlam olması, üçüncü tərəf isə dövlət təhlükəsizliyi məsələsidir. Ərzaq və qida təhlükəsizliyi bir əsas mövzudan yaranan iki ayrı mövzudur. Ərzaq təhlükəsizliyi dedikdə, əhalinin ərzaqla təminatı nəzərdə tutulur. Ərzaq təhlükəsizliyi Azərbaycanın xarici ölkələrdən asılı olmaması üçün vacibdir. Qida təhlükəsizliyi isə həm yerli, həm də xaricdən gətirilən məhsulların sağlam olmasıdır.
- GMO nədir, necə yaradılır?
- Qida təhlükəsizliyi məsələsində ən təhlükəli vəziyyətlərdən biri Genetik Modifikasiya olunmuş orqanizmlərlə bağlıdır. Bu məsələyə də üç aspektdən yanaşmaq olar. Bu qədər çox elmi araşdırmaların içərisində GMO-nun faydasına aid heç bir əsaslı arqument görməmişəm. GMO məhsulları təbiətin gen məbədinə müdaxilə edir. Bu müdaxilə insanın genetik strukturu ilə uyğunlaşmır. GMO antibiotiklərə qarşı müqaviməti azaldır. Antibiotik ona təsir etmir. Bu da xəstəliklərin yaranmasına gətirib çıxarır. İnsan bədəni GMO qarşısında aciz qalır. Son vaxtlar bütün dünyada genetik fəsadlarla doğulan uşaqların sayı 30% artıb.
- Bazarlarda "yağ terroru" hökm sürür. Trans yağlar bazarı başına alıb gedir. Bununla bağlı hansı işlər görülməlidir?
- Düşünürəm ki, ən faciəvi vəziyyət bu sahədədir. Ümumiyyətlə, bütün qidalar yağda həll olur. Doymuş və doymamış yağlar problemi insan orqanizmdə yaranan xəstəliklərin əsas səbəblərindəndir. Saxta yağda bişirilən təbii ərzaqlar da zəhərlənmiş olur. Demək olar ki, Azərbaycanda təbii kərə yağı satılmır. Ucuz qiymətə satılanlar isə tamamilə palma və marqarin tipli yağlardır. Bitki yağı adı altında satılan məhsullar isə, sadəcə, kimyəvi maddələrdir. Digərlərinə nisbətən zeytun yağlarını təbii hesab etmək olar. Yağlarla bağlı məsələni dəfələrlə ictimailəşdirsək də, heç bir reaksiya görməmişik.
- "Fast-food" qidalar orqanizmə necə təsir edir?
- Ümumiyyətlə, ayaqüstü qidalar qaçaraq həyat tərzinin və tənbəlliyin nəticəsidir. "Fast-food" qidalar 90% transgen maddələrdən ibarətdir. Belə qidaların içində heç bir təbii maddə yoxdur. Bununla da insan bədəni kimyəvi maddə anbarına çevrilir. Bu qidaları qəbul etdikcə xərçəng və digər xəstəliklərə yol açırıq. Nəinki bu cür zərərli qidalar, hətta sağlam qidaları belə tələsik şəkildə yemək olmaz. Məcbur olanda da "Fast-food" yerinə meyvə-tərəvəz yeməyə üstünlük vermək lazımdır. Lakin insanlar "Fast-food" və bu kimi qidaların tərkibinə vurulan "beşinci dad" adlandırılan maddələrə aldanır. Həmin maddələrin çox qəbul olunması insanlarda təbii qidalara ikrah hissi yaradır.