Azad olunmuş torpaqlarımızda aparılan quruculuq işlərindən pay alan yurd yerimiz - LAÇIN

12 Aprel 2022 14:19 (UTC+04:00)

Prezident İlham Əliyev: “Mən demişdim ki, azad edilmiş torpaqlarda bütün bərpa işləri ən yüksək səviyyədə təşkil olunacaq. Dağılmış bütün bu kəndləri biz bərpa edəcəyik”.

Laçın deyiləndə gözlərim önündə o qədər böyük bir məkan canlanır ki... Həm də Laçın o qədər qədim tarixə, zəngin təbiətə, coğrafiyaya malikdir ki, onun haqqında danışmaq, yazmaq, sözün həqiqi mənasında, məsuliyyət tələb edir. Amma yazdıq, 2020-ci ilin 44 günlük payızında işğaldan azad olunmuş torpaqlarımızın ardınca Laçın da azadlığına qovuşdu. 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış birgə Bəyanatla dekabr ayının 1-də Laçın 30 ildən sonra anası Azərbaycana qovuşdu. Bu müjdəli xəbəri də ölkəmizin başçısı, Ali Baş Komandanımız cənab İlham Əliyevdən aldıq: “Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu. Bütün Azərbaycan xalqını bu münasibətlə ürəkdən təbrik edirəm. Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir. Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.

Laçın dəhlizi – ölüm tuneli

Laçın dəhlizi ermənilər üçün olduqca böyük əhəmiyyətə malik idi. Bu, 1992-ci ilin mayında Azərbaycan Respublikasının ərazisində erməni qüvvələri tərəfindən Qarabağın qondarma “Dağlıq Qarabağ Respublikası” ilə Ermənistan Respublikası arasında açılan dəhlizdir. Uzun illər boyu fəaliyyət göstərən bu dəhliz Ermənistanı Qarabağın dağlıq hissəsinə birləşdirən yeganə təchizat və təminat yolu olaraq Qarabağ müharibəsinin ilk mərhələsində Ermənistanla separatçılar arasında “nəfəs borusu” rolunu oynayıb. Həm müharibə dövrü, həm də ikinci yol çəkilənə qədər Ermənistan Qarabağın bütün hərbi, texniki və mülki təchizatını bu yol vasitəsilə həyata keçirib. Məhz buna görə də Laçın ərazisinin Azərbaycana qaytarılması və ya heç olmasa bu dəhlizin erməni tərəfinin hərəkəti üçün bağlanılması, Ermənistanı Qarabağ ərazilərinə nəzarətdən məhrum edirdi. Bu dəhlizdən qondarma Dağlıq Qarabağ Respublikası Ermənistana böyük miqdarda ərzaq və digər materiallar keçirir, əvəzində isə Ermənistan Respublikası Dağlıq Qarabağ Respublikasından elektrik alırdı. Bir sözlə, Laçın dəhlizi olmadan Qarabağ, Şuşa ola bilməzdi onlar üçün. Ona görə də burada mövqelərini gücləndirmişdilər. Lakin bir zamanlar öz əlləri ilə başqasının torpağında, Laçın şəhərinin tən ortasından açdıqları dəhliz, sən demə, qarşıdakı illərdə ölkəmizin rəhbəri tərəfindən onların ölüm tunelinə çevriləcəkmiş. Çevrildi də. Ermənilərin Laçından çıxması görüntülərini televiziya vasitəsilə izləyənlər bunun bir daha şahidi oldular ki, onların nəfəs boruları tıxanmışdı. Çünki Laçın dəhlizi əllərindən çıxırdı, deməli, həyat onları tərk edirdi.

Azərbaycan Respublikasının Prezidentinin xalqa müraciətindən: “Laçın rayonunun strateji əhəmiyyəti, eyni zamanda ondan ibarətdir ki, rayon ərazisindən və Laçın şəhərinin içi ilə Laçın dəhlizi keçir. Bildiyiniz kimi, bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilibdir. Dəhliz uzun illər erməni silahlı qüvvələrinin, işğalçıların nəzarətində idi. Deyə bilərəm ki, noyabrın 10-da imzalanmış birgə Bəyanatın ilkin versiyasında bu dəhlizin erməni silahlı qüvvələrinin nəzarətində qalması ilə əlaqədar müddəa var idi. Mən buna etiraz etdim və nəticədə, bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilmişdir. Hesab edirəm ki, bu, çox böyük nailiyyətdir. Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib. Onu da bildirməliyəm ki, Bəyanatın ilkin versiyasının üzərində fəal işlər gedirdi, xüsusilə Şuşa şəhəri işğaldan azad olunandan sonra qısa müddət ərzində. Bəyanatın ilkin versiyasında bizə təklif edilirdi ki, Laçın dəhlizinin eni 30 kilometr olsun. Mən buna qəti etiraz etdim və dedim ki, Ermənistan tərəfinin bu iddiası tamamilə əsassızdır. Dəhliz çərçivəsində təhlükəsizlik tədbirlərini təmin etmək üçün bu qədər geniş dəhlizə ehtiyac yoxdur. Ona görə mən bunu tamamilə qəbuledilməz təklif kimi hesab etdim və öz fikrimi bildirdim. Ondan sonra ikinci variantda Laçın dəhlizinin eni 10 kilometr nəzərdə tutulurdu. Buna da mən razılıq vermədim və nəticədə, 5 kilometr eni olan dəhliz haqqında razılıq əldə edildi. Beş kilometr həm bizim üçün, həm Dağlıq Qarabağda yaşayan ermənilər üçün və təhlükəsizliyi təmin etmək üçün kifayət qədər məsafəni əhatə edir”.

Dövlətimizin başçısı onu da vurğulayırdı ki, uzun illər ərzində - 30 ilə yaxın aparılan danışıqlarda Laçın rayonunun Azərbaycana qaytarılması, xüsusilə Laçın dəhlizi ilə bağlı olan məsələ həmişə çox önəmli və ayrı bir mövzu kimi müzakirə olunurdu. Ermənistan tərəfi, ümumiyyətlə, hesab edirdi ki, bütün Laçın rayonu onlara dəhliz kimi verilməlidir. Əfsuslar olsun ki, bəzi Qərb dairələri bu mövqeyi dəstəkləyirdi. Bu da Ermənistanın mövqeyini daha barışmaz edirdi və demək olar ki, düşmən tamamilə azğınlaşmışdı. Bunun nəticəsində, məhz Laçın rayonunda çox ciddi məskunlaşma siyasəti aparılırdı. İşğaldan azad edilmiş digər yerlərdə qanunsuz məskunlaşma baş verirdi, amma bu dərəcədə yox, bu həcmdə yox.

Beləliklə Laçının işğaldan azad olunması ikiqat qələbə sevincini bizə bəxş etdi. Ölkəmizin başçısının uzun illər apardığı danışıqların, həyata keçirdiyi tədbirlərin nəticəsi olaraq bu qədər böyük əhəmiyyətə malik olan yurd yerimiz ermənilərin və onların havadarlarının istəklərinin əksi olaraq geri qaytarıldı. Laçın ermənilərə göz dağı oldu.

30 illik yaraları sağaldan həkimlər – şəhidlər

II Qarabağ müharibəsi tariximizin parlaq səhifələrini təşkil edir. Bu parlaqlığı çox məqamlar xarakterizə edir. Dövlət-xalq birliyi, həmrəylik, vətənpərvərlik, torpaq sevgisi, bayraq sevdası, ölümün üzünə dik baxmaq və sair. Lakin biz nəsil üçün daha önəmli olan bir məqam da var ki, 30 illik Qarabağ yaralarını sağaldan həkimlər məhz biz nəslin övladlarıdır. 30 ildə sağalmaq bilməyən, qanı süzən, qaysaq bağlamayan yaraları 30 il əvvəl o acı günlərin hər birinin canlı şahidi olanların övladları sarıdı. Bu yaraların üstünə öz qanlarını məlhəm edib çəkdilər. 30 ilin yaraları 44 gündə sağaldı. Bu yaraları sağaldanlar həm də torpaqlarımızın nisgildən kor olan gözlərinə məlhəm oldular. Torpaq canlandı, özünə gəldi, bayrağına, insanına, yurddaşına qovuşdu. Onların – o həkimlərin, o şəhidlərin hesabına. Qürur duyduğumuz, qarşılarında əbədiyyən baş əydiyimiz igid oğullarımızın hesabına geri alındı yurd yerlərimiz. Onlar öz gənc ömürlərini torpağın azadlığına, milli mənliyin xilasına, bir də ata-babalarının torpaq təşnəsinə qurban verib bizi torpaqlı, elli, yurdlu etdilər. Üzərimizdən qaçqınlığı, köçkünlüyü götürdülər. Və tarix durduqca Qarabağın şahinlərinə, yaraların təbibinə çevrildilər. Laçına da qələbə cığırlarını o igidlər açdılar. Ruhunuz şad olsun, Vətən oğulları!

Laçına yeni həyat gəlir

Bu həyat Laçının işğaldan azad edilməsi, ardınca isə ilkin olaraq bu gözəl yurda elektrik enerjisinin çəkilməsi-nurun səpilməsi ilə başladı. Ötən ilin fevral ayında Güləbirddə Su Elektrik Stansiyası istifadəyə verildi. Prezident İlham Əliyev:”Bu gün isə Laçın rayonunun cənub hissəsindəyik, Güləbird kəndinin ərazisində. Bu gün Güləbird kəndində Su Elektrik Stansiyasının açılışıdır. Laçın rayonu işğaldan azad olunandan heç iki ay keçməmiş – ay yarımdan sonra artıq burada Su Elektrik Stansiyası istismara verilir. Bu Su Elektrik Stansiyasının generasiya gücü 8 meqavatdır. Kiçik su elektrik stansiyaları arasında 8 meqavatlıq stansiya orta həcmli stansiya sayıla bilər. Əsas məsələ ondadır ki, bu stansiya işə düşəndən sonra artıq burada generasiya gücləri yaranır və beləliklə, biz təbiətimizdən - Həkəri çayından səmərəli şəkildə istifadə edəcəyik”.

Yeni tikilən yollar da coğrafi quruluşana görə təbiət gözəli olan Laçının hüsnünə daha bir yaraşıq həyat bəxş edəcəkdir. Laçına azadlığı kimi, abadlıq bəxş edən dövlətimizin başçısının sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolu böyük əhəmiyyətə malik olacaqdır. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun uzunluğu 72,8 kilometr, hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər və körpü inşa olunacaq, 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq.

Ötən ilin avqust ayında Prezident İlham Əliyev Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin və Laçın Beynəlxalq Hava Limanının təməlini qoydu, Laçına həqiqətən də yeni həyat bəxş edəcək hava limanı barədə dedi: “Mən hesab edirəm ki, dünya tarixində belə relyefdə bəlkə də ilk dəfə hava limanı tikilir. Çünki bütün hava limanları adətən düzən ərazidə inşa edilmişdir. Burada belə yer olmadığı üçün yeganə yer bura - Laçın rayonunun Qorçu kəndi seçilib. Bu yerin üstünlüyü, eyni zamanda, ondadır ki, Laçın şəhərinə məsafə 30 kilometrdən bir qədər çox, Kəlbəcər şəhərinə məsafə isə 60 kilometrdən bir qədər çoxdur. Eyni zamanda, Şuşa şəhərinə məsafə də 70 kilometrə yaxındır. Yəni, gələcəkdə Şuşaya təyyarə ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanlarından istifadə etmək mümkün olacaq.

Bəli, dövlətimizin başçısının da vurğuladığı kimi, Laçın Beynəlxalq Hava Limanının tikintisi tarixi, çoxları üçün gözlənilməz hadisə, hətta möcüzə oldu. Çünki bu hava limanı bir yenilikdir. Burada heç vaxt hava limanı olmamışdır. Laçını əldən vermək istəməyən ermənilər 2022-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan hava limanına enən və buradan səmaya qalxan təyyarələri gördükcə məğlubiyyətlərinin acısını bir daha yaşamalı olacaqlar.

Sarı Aşıq, sıx sazını sinənə, gəl, Laçını vəsf elə...

Ey Laçının Sarı Aşığı, illərdir, ruhun yurdunun səmalarında dolanırdı, işğal nisgilindən qəbirində özünə rahatlıq tapa bilmirdin. 2020-də səslədin bu yurdun igidlərini, bu torpağın şəhidlərini, bütün oğul-qızlarını yığdın başına. Ozan oldun, çıxdın qabağa, yurdun azad olmasını çatdırdın laçınlılara. Axı sən çox nigarandın Güləbirddən, elə hey bayatılarında deyirdın:

Mən aşiq Güləbirdə,

Şeh düşdü Güləbirdə.

Bir quş olub uçaydım,

Qonaydım gülə bir də.

Gəl, Sarı Aşıq, doğulduğun Qaradağlı kəndi də, uyuduğun Güləbird də sənin yolunu gözləyir. Gəl, yurdunu Vətən hesab edirdin, gəl, alın açıqlığı ilə hər kəsə de ki:

Aşıq, Vətən yaxşıdı,

Köynək kətan yaxşıdı.

Qəriblik cənnət olsa,

Yenə Vətən yaxşıdır.

Gəl bu ellərə bayatı qoş, şeir yaz. İndi Qarabağın bir başqa növrağı var. Qarabağ yenidən qurulur, yaradılır. Qarabağ dünyanın dilində sözdür, igidlərin al qanıdır, Azərbaycanın bayrağıdır. Gəl, sıx sinənə sazını, səsin dağlara düşsün. İndi hamı deyir, sən də de, sırala misralara ki: Cəbrayıl bizimdir, Füzuli bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Kəlbəcər bizimdir, Laçın bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Mətanət Məmmədova