"Mətbuatda Türkmənistan, Türkiyə və Azərbaycan prezidentlərinin üçtərəfli görüşün keçirilməsi ilə bağlı məlumatlar dərc olunur. Düşünürəm ki, eyni soy-kökdən olan prezidentlər arasında keçiriləcək görüşün ölkələrarası münasibətlərin daha da yaxşılaşması və inkişafı baxımından böyük əhəmiyyəti var". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.
Onun sözlərinə görə, prezidentlərin üçtərəfli görüşü çərçivəsində ölkələrarası əməkdaşlığın genişləndirilməsinə dair müxtəlif sənədlərin imzalanacağı gözlənilir: "Türkmənistan öz qazını Cənub Qaz Dəhlizi vasitəsilə dünya bazarına çıxarmaq imkanı əldə edə biləcək. O cümlədən, ölkələrimiz arasında ticari-iqtisadi əməkdaşlıq günü-gündən genişlənməkdədir. Azərbaycanın tranzit imkanlarının genişlənməsi Türkiyə və Türkmənistan üçün yeni imkanlar açır. Həm də humanitar sahədə də əməkdaşlığın genişləndirilməsi üçün geniş potensial mövcuddur".
Deputat sözlərinə belə davam edib: "Ölkələrimiz həm də beynəlxalq siyasi arenalarda bir-birini dəstəkləyir və mövqeləri üst-üstə düşür. Ona görə də növbəti üçtərəfli görüşdə ölkələrarası münasibətləri və əməkdaşlığı yeni müstəviyə çıxaracaq yeni sənədlərin imzalayacağını hesab edirəm".
Ayşən Vəli