“Azərbaycan 44 gün ərzində həyata keçirdiyi hərbi əməliyyatlardan sonra əldə etdiyi qələbə ilə həmin torpaqlara sülh və əminamanlıq gəldi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva bildirib.

Onun sözlərinə görə, eyni zamanda bu ərazilərdə iqtisadi quruculuq işləri başladıldı: “Qısa bir müddət ərzində kapitulyasiya bəyanatının imzalanmasından bir neçə gün sonra biz artıq Şuşaya, Füzuliyə yollar çəkməyə başladıq. Böyük infrastruktur dəyişikliklər baş verdi. İşıq, su, qaz xətləri inşa edildi, beynəlxalq hava limanı açıldı, mədəniyyət abidələrimiz bərpa edildi.
Bu ərazilərdə evlər, otellər tikilməyə başlanıldı və icra strukturları yaradıldı. Gələcəkdə 30 il işğal altında qalan Qarabağımızda və digər torpaqlarımızda sürətlə quruculuq işləri davam etdiriləcəkdir. Cənab Prezidentin də söylədiyi “biz artıq qayıtmışıq” şüarı ilə bütün dünyada bu qələbəmiz öz əksini tapır. Bütün bölgə və dünya bundan sonra da Azərbaycanın böyük qayıdışının əbədi olduğunu bir daha görəcək. Biz bunu müharibədən ötən yarım il ərzində artıq sübut etdik. Azərbaycanın böyük iqtisadi gücü, quruculuq potensialı imkan verdi ki, həmin torpaqları inkişaf etdirə bilək. Bu gün Azərbaycanın icra nümayəndələri davamlı olaraq Qarabağdadırlar. Torpaqların dirçəldilməsi, Qarbağımızın əvvəlkindən də daha gözəl bir libas geyinməsi uğrunda həqiqətən böyük bir mübarizə başladılıb. Biz öz əzmkarlığımızla torpaqlarımıza qayıtdıq. Qayıdışın da zəfərini hər gün qeyd edirik. Cənab Prezidentin dəmir yumruğu və iradəsi sayəsində biz hər keçən gün Qarabağda daha da güclü şəkildə bərqərar oluruq. Bizim bu qayıdışımız əbədidir”.
Səbinə Hüseynli