Yeni yol faktoru separatçı rejimin birdəfəlik məhvi prosesini sürətləndirir, Ermənistanı isə küncə sıxışdırır
Məlum olduğu kimi, 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanata əsasən, Azərbaycan yeni Laçın dəhlizinin tikintisini yekunlaşdırır və orada gömrük buraxılış məntəqəsi yerləşdirir. Məlumatlara görə, yolun tikintisi ilə paralel şəkildə Ermənistan -Azərbaycan sərhədindəki Zəngəzurun Xnzirak kəndi qarşısında, Laçının cənubundan keçən yolda gömrük-buraxılış məntəqəsi də tikilir. Demək olar ki, Tex və Xnzirak məntəqələrindəki tikinti başa çatıb. Üstəlik, bir ay əvvəl Azərbaycan tərəfi Xnzirak kəndi qarşısında, yeni yolun keçəcəyi istiqamətdə də sərhəd məntəqəsini inşa edib.
Azərbaycan ordusu yalnız strateji yüksəklikləri nəzarətə götürməklə deyil, eyni zamanda, Xankəndi istiqamətində mövqe dəqiqləşdirmələri aparmaqdadır
Onu da qeyd edək ki, alternativ yol Zəngəzurun Korindzor kəndindən keçəcək. Ardınca Laçının Qayğı, Şuşa rayonunun Kiçik Qaladərə və Böyük Qaladərə-Şuşa şəhəri üzərindən Xankəndiyə daxil olacaq. Təkcə bu fakt artıq əminliklə qənaətə gəlməyə zəmin yaradır ki, Azərbaycan ordusu yalnız strateji yüksəklikləri nəzarəti götürməklə deyil, eyni zamanda, Xankəndi istiqamətində mövqe dəqiqləşdirmələri aparmaqdadır.
Artıq o da məlumdur ki, üçtərəfli bəyanata əsasən hazırda Laçın dəhlizində dayanan Rusiya sülhməramlı kontingenti yeni yol və ya dəhliz tikintisi başa çatdıqdan sonra oranı tərk edəcəklər və həmin yerdə Azərbaycan Silahlı Qüvvələri dislokasiya olunacaq. Həmçinin, Laçın şəhərinin tam Azərbaycan dövlətinin suverenliyi və nəzarəti altına keçməsini təmin etmiş olacaq. Nəticə etibarilə həm strateji, həm də iqtisadi əhəmiyyət daşıyan Laçın şəhəri dəhliz statusunu itirəcək və Azərbaycan dövlətinin tam nəzarəti altına keçəcək.
Ermənistan Zəngəzur dəhlizinin açılmaması üçün istifadə etdiyi “alətini” itirir
Onu da qeyd edək ki, məhz bu proses Azərbaycan dövlətinin üzərinə götürdüyü bütün öhdəliklərə məsuliyyətlə yanaşdığını sübut edir.
Daha bir mühüm amil budur ki, Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizinin həyata keçirilməsi ilə bağlı bu ölkənin hazırkı dövrə qədər bizə qarşı alət kimi işlətdiyi “siyasətinə” son qoyulacaq. Nəticədə Bakı qarşıya qoyulan bütün məqsədlərinə nail olacaq və bu proses artıq gedir.
Rövşən RƏSULOV