"Rusiyadan silah almayın"

12 Aprel 2022 03:43 (UTC+04:00)

ABŞ bütün ölkələri Rusiya ilə yeni silah müqavilələrindən çəkinməyə çağırır. TASS xəbər verir ki, bunu ABŞ və Hindistanın müdafiə və xarici işlər nazirləri arasında danışıqların yekunu üzrə mətbuat konfransında dövlət katibi Entoni Blinken deyib.

“Biz bütün ölkələri Rusiyadan silah sistemləri əldə etmək üçün böyük yeni sövdələşmələrdən çəkinməyə çağırırıq, xüsusən də Rusiyanın Ukrayna ilə bağlı etdikləri fonda”, - deyə nazir bildirib.

Eyni zamanda o qeyd edib ki, Rusiyadan S-400 sistemlərinin alınmasına görə Hindistana qarşı mümkün sanksiyalar və ya sanksiyalardan istisnalar barədə qərar hələ qəbul edilməyib.

Dövlət katibi Hindistan və Rusiya arasında hərbi texnikanın alınması da daxil olmaqla, uzunmüddətli münasibətlərin mövcud olduğunu etiraf edib. Blinkenin sözlərinə görə, bu münasibətlər uzun illər əvvəl, ABŞ-ın “Hindistan üçün tərəfdaş olmaq imkanı olmayanda” kök salıb. Lakin indi dövlət katibi deyir ki, Vaşinqton Nyu Dehli ilə tərəfdaşlıq etməyə hazırdır.

Əli Babayev