"Ötən ilə nisbətən son aylarda xüsusilə Rusiya və Ukraynadan Azərbaycana olan turist axını artıb. Bunun da əsas səbəbi bu iki dövlət arasında olan müharibədir. Lakin bu baxımdan Azərbaycan bəzi region ölkələrindən geri qalır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Asif İbrahimov deyib.
Onun sözlərinə görə, Türkiyə və Ermənistanda da Ukrayna və rus vətəndaşları tərəfindən alınan mənzillərin sayı Azərbaycandan qat-qat artıqdır: "Bunun bir çox səbəbləri var. Onlardan biri Rusiya vətəndaşlarının Ermənistana asanlıqla səfər edə bilməsidir. Çünki Rusiya ilə Ermənistan arasında bir çox sahədə ikitərəfli müqavilələr mövcuddur. Rusiya vətəndaşlarının Ermənistana səfər etməsi üçün ümumi vətəndaş pasportunun olması vacib deyil".
İqtisadçı-ekspert sözlərinə davam edərək həmçinin qeyd edib ki, eyni zamanda, rus vətəndaşları Gürcüstana da asanlıqla səfər edə bilirlər: "Ermənistan və Gürcüstana səfər edərək digər Avropa ölkələrinə də çıxış əldə edirlər.
Müharibədən əvvəlki dövrdə də rus və Ukrayna əsilli vətəndaşlar üçün istirahət məqsədilə gedilən yerlər arasında Azərbaycana maraq çox az idi. Bunun səbəbi də turistik obyektlər, xidmət səviyyəsi, məkan qiymətlərinin baha olmasıdır. Müharibədən sonra da turistlərin Azərbaycana axını dəqiq olaraq proqnozlaşdırılmadığı üçün bu, kirayə mənzillərinin qiymətinə əhəmiyyətli təsir göstərməyəcək. Azərbaycana yalnız zərər çəkmiş rus və Ukrayna vətəndaşları axın edə bilər. Bu səbəbdən də mənzillərin qiymətinin artması real vəziyyət deyil".