Prezident İlham Əliyev: “Gün gələcək və bu gün hələ də işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq”
Dörd il öncə - 11 aprel, 2018-ci il növbədənkənar prezident seçkisində İlham Əliyev dördüncü dəfə xalqın etimadını qazanaraq yüksək səs çoxluğu ilə ölkənin ən ali kürsüsünə yenidən seçildi. Bu tarix həm də Azərbaycan dövlətinin və xalqının növbədənkənar, təxirəsalınmaz və inanılmaz dərəcədə mümkünsüz görünən bir probleminin çözülməsi üçün başlanğıc oldu. Qarabağın azad olunmasının ilk anonsu məhz xalqın, cəmiyyətin 11 aprel 2018-ci ildə Prezidentə yenidən etimadı, inamı oldu. Prezident İlham Əliyev 4 il əvvəl, 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə ona göstərilən böyük etimada görə xalqımıza müraciətində demişdi: «Gün gələcək və bu gün hələ də işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq».
Dövlət başçısı hər bir çıxışında, görüşlərində, müraciətlərində, təbriklərində hər zaman da bəyan edirdi ki, danışıqlar nəticəsiz qalacağı təqdirdə, güclü Azərbaycan Ordusu öz sözünü deyəcək. Bəli, bu gün artıq o gün gəldi - işğaldan əzad olunmuş torpaqlarımızda üç rəngli Azərbaycan bayrağı dalğalanır. Artıq bu gün işğaldan azad edilmiş ərazilərimizdə inkişafın Azərbaycan nümunəsinin yeni təntənəsi yaşanır, azad olunmuş ərazilərdə böyük inkişafın təməlləri atılır.
“MƏN ONA ÖZÜM QƏDƏR İNANIRAM VƏ GƏLƏCƏYİNƏ BÖYÜK ÜMİDLƏR BƏSLƏYİRƏM”,-VƏSİYYƏTİNİ REALLAŞDIRAN XALQIN PREZİDENTİ
Bəli, 4 il öncə – 11 aprel, 2018-ci il prezident seçkilərində xalqa müraciətində deyilənlər, bu gün öz müsbət nəticəsini verib. Ulu Öndər Heydər Əliyev: «İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm»,- vəsiyyətini reallaşdıran Prezident İlham Əliyev: «Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm»,- deyərək son 18 illik Prezidentlik fəaliyyətinin nəticəsidir ki, son 30 il ərzində həsrətində olduğumuz Qarabağ Azərbaycandır!ımıza, haqq və şərəf işimiz olan, Azərbaycan Respublikamızın suverenliyinə və ərazi bütövlüyümüzə, nəhayət Qələbə Zəfərimizə nail olduq! «Şuşasız Qarabağ, Qarabağsız Şuşa yoxdur»,- deyən Ulu Öndər Heydər Əliyevin bu arzusunu da bu gün Prezident İlham Əliyev «Şuşasız işimiz yarımçıq qalar» deyərək reallaşdırdı: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”
Bəli, Azərbaycan Prezidenti İlham Əliyev 2003-cü ildə ilk dəfə Prezident seçilərkən verdiyi bütün sözünə əməli işləri ilə yerinə yetirmişdi və 2018-ci il 11 aprel seçkilərində bir daha xalq dördüncü dəfə İlham Əliyevi o Ali kürsüyə seçməklə 30 il həlli mümkünsüz edilən Qarabığımızı «Dəmir yumruq» siyasəti ilə Güclü Azərbaycan Ordusunun rəşadətli əsgər və zabitlərinin şücaəti ilə azad edərək Qələbə Zəfərinə nail olduq. «Əsl siyasət konkret, real iş görməkdən ibarətdir»,-deyən dövlət başçısının ötən illərdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar Cənab Prezidentin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə, verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, gerçəkliyə adekvat olduğunu göstərmişdir. Çünki bugünkü Azərbaycan vətəndaşı həyata başqa nəzərlərlə baxır, özünə və ölkəsinin bundan da daha böyük uğurlar əldə edəcəyinə inanır. Bu inam, hər il görülən daha böyük uğurların nəticələrini gördükcə, sabaha daha böyük bağlılıqla inanır. Hər zaman çıxışlarında “Mənim sözüm imzam qədər qüvvətlidir”,- deyən Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün vədlər artıq reallığa çevrilib.
Dövlətimizin başçısı İlham Əliyev Dövlət Bayrağı Meydanının açılışında çıxış edərkən demişdi ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaq. Prezident İlham Əliyev 2021-ci ilin yanvarın 14-ü həmin vədini yerinə yetirdi və Şuşa səfəri müzəffər Ali Baş Komandanın sözünün və əməlinin vəhdətinin növbəti nümayişi oldu. Bununla da, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı qaldırdı. Ali Baş Komandanımız Prezident İlham Əliyev çıxışlarında ərazi bütövlüyümüz bərpa ediləndən sonra Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin büstləri yenə də Şuşada qoyulacağını demişdi. Bu sözlər də artıq reallığa çevrilib və artıq həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub. Həmçinin, 2018-ci il, 11 apreldə prezident seçilən İlham Əliyevin ilk fərmanı da istisnasız olaraq şəhid ailələrinə 11 min manatlıq birdəfəlik müavinətin verilməsi barədə oldu. Böyük Vətən savaşına hazırlıq məhz şəhid ailələrinə verilən dəyərdən başlamalıydı və bu addım 44 günlük Vətən savaşının ilk günündən səfərbərlik idarələrinin qarşısına axın edən Azərbaycan gənclərinin simasında öz effektini göstərdi. Hər bir sağlam ruhda böyüyən Azərbaycan insanı ölkə prezidentinin səfərbərlik çağırışı ilə könüllü şəkildə şəhidliyi və qaziliyi şərəf mərtəbəsi kimi anlayaraq torpaqlarımızın işğaldan azad olunması mübarizəsinə qoşuldu. Bu mübarizədə Ali Baş komandan kimi İlham Əliyevin həm hərbi, həm diplomatik, həm də təbliğat sahəsində göstərdiyi möhtəşəm performans milli ruhun yenidən dirilişi üçün ən vacib amilə çevrildi.
11 APREL SEÇKİLƏRİNDƏN ÖTƏN 4 İL BƏLKƏ DƏ AZƏRBAYCAN TARİXİNİN ƏN GƏRGİN VƏ TALEYÜKLÜ BİR DÖVRÜ KİMİ YADDAŞLARDA YER ALACAQ
Bütün dünyanı ağuşuna alan COVID-19 pandemiyasının dəhşətli nəticələrini çevik zərərsizləşdirərək ölkə vətəndaşlarının can güvənliyini qoruya bilmiş Prezidentin nə qədər böyük sıxıntılara sinə gərdiyinin hamımız şahidi olduq. O, ölkəni bu bəladan ən az itkilərlə çıxarmaq üçün mobil bir səfərbərlik təşkilatçılığı göstərməklə yanaşı, istər Tovuz hadisələrində, istərsə də 44 günlük savaşda vəhşi düşmən qarşısında qələbəmizi təmin edən böyük Sərkərdə iradəsi və Lider qətiyyəti göstərdi. Xalqın doğru seçimi onun tarixi qələbəsinin təminatı oldu. Bu gün Prezident İlham Əliyev haqlı olaraq dünya siyasətində söz sahibi olan bir lider olaraq qəbul olunur və işğaldan azad olunmuş ərazilərimizin bərpası üçün Böyük Qayıdış missiyasına uğurla rəhbərlik edir. Millətini zəfərə daşıyan liderin əsas dayağı qələbə ruhu yenidən canlanan böyük Azərbaycan xalqının birliyidir. Son dörd ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar davamlı xarakter daşıdı. Bu islahatlar ilk növbədə Azərbaycanın qüdrətinin daha da artmasına xidmət etdi.
Prezidentin son dörd ildəki fəaliyyəti, əslində ondan əvvələ qədər nəzərdə tutulan hədəflərə çatmaq üçün qarşıya qoyulan məqsədlər idi. Yəni bu, əvvəlki illərin məntiqi sonluğu, məntiqi davamı idi. Bəzən bunu siyasi rəqiblər qərəzli şəkildə qeyd etmək istəmirlər. Amma siyasi rəqabət reallığı danmaqdan ibarət deyil, yaxşı alternativlər təklif etməkdən ibarətdir. Bu gün dövlət başçısı tərəfindən milli maraqlarımıza cavab verən siyasət yürüdülürsə, bu siyasət istər-istəməz həm bölgənin lider dövləti statusunu qorumağımıza yardımçı olacaq, eyni zamanda da ölkəmizin beynəlxalq nüfuzunun gündən-günə artmasını stimullaşdıracaq.
“MƏN FƏXR EDİRƏM Kİ, XALQ MƏNƏ İNANDI, MƏNİ DƏSTƏKLƏDİ. MƏN DƏ ÖZ NÖVBƏMDƏ ÖZ SÖZLƏRİMƏ ƏMƏL ETDİM”
Prezident İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində bildirib ki, həmişə Azərbaycan xalqının dəstəyini hiss edib və hiss edir: “Bu dəstək mənə güc verir, mən bu dəstəyə arxalanıram. Xalqımızı əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəm”. Prezident İlham Əliyev bildirib ki, prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib: “Azərbaycan xalqı görülən işlərə yüksək qiymət verib, inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs verib. Seçkilər ədalətli, şəffaf şəkildə keçirilib... Mən 2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqımıza müraciət edərək demişdim ki, əgər xalq mənə etimad göstərərsə, ulu öndər Heydər Əliyevin siyasətinə sadiq qalacam, bu siyasəti davam etdirəcəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi. Mən də öz növbəmdə öz sözlərimə əməl etdim".
Bir sözlə, Prezident İlham Əliyevin son dörd illik fəaliyyəti Azərbaycanın gələcək uğurları üçün əlverişli zəmin rolunu oynamaqla, həm də hərtərəfli inkişafını və müasir dünyamızın qlobal çağırışlarından irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsini təmin edəcək, sabahımız bu günümüzdən daha gözəl və firavan olacaqdır.
RƏFİQƏ KAMALQIZI