Bu böyük qələbə və nailiyyətdir - ŞƏRH EDİLDİ

11 Aprel 2022 11:14 (UTC+04:00)

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 8 aprel 2022-ci il tarixində Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edib. Qəbul zamanı çıxış edərkən cənab Prezident bir çox mühüm məsələlər barədə öz fikirlərini bildirib. Cənab Prezident güləşçilərimizi və onların məşqçilərini, Güləş Federasiyasını əldə olunan tarixi qələbə münasibəti ilə təbrik edərək qeyd etmişdir ki, Azərbaycanda idman uğurla inkişaf edir, Azərbaycan idman dövlətidir və həm böyüklər, həm gənclər arasında keçirilmiş yarışlarda bizim idmançılarımız öz gücünü, dövlətimizin qüdrətini nümayiş etdirirlər. Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Avropa çempionatında güləşçilərimiz bir daha Azərbaycan xalqını sevindirmişdir. Böyük tarixi qələbə qazanan milli komandamız ümumilikdə 16 medal qazanaraq Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar. Həm sərbəst güləş, həm də yunan - Roma güləşi üzrə üzrə Avropada birinci oldular. Bu, böyük qələbədir, böyük naliyyətdir. Bu Azərbaycan güləşi tarixində rekord nəticədir". Bu sözləri SİA-ya açıqlamasında deputat Rauf Əliyev deyib.

Onun sözlərinə görə, cənab Prezident çıxışı zamanı bildirmişdir ki, idmançılarımız uzun illərdir Azərbaycanı dünyada təbliğ edirlər: "Qeyd olunmuşdur ki, cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək böyük qürurdur, həm də böyük məsuliyyətdir. İdmanın inkişafı və idman naliyyətləri təkcə ölkəmizi dünyada təbliğ etmir, gücümüzü göstərmir, eyni zamanda ,cəmiyyətdə vətənpərvərlik hisslərini gücləndirir. Həm gənclər, həm böyüklər arasında Avropada birinci olmaq böyük naliyyətdir və bu onu göstərir ki, güləşdəki ənənələrimiz yaşayır və güclü gənc nəsil yetişir.

Cənab Prezident vətənpərvərliyin gücləndirilməsi ilə bağlı məsələyə toxunaraq qeyd etmişdir: “ Məhz vətənpərvərlik, Vətənə sədaqət, fədakarlıq bizi Qarabağın azad olunması uğrunda müharibədə irəli aparırdı. Gənc nəsil də mütləq vətənpərvərlik ruhunda tərbiyə almalıdır, milli ruhda tərbiyə almalıdır, milli dəyərlər əsasında tərbiyə almalıdır və Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlarından istifadə edir”.

Deputat sözlərinə belə davam edib: "Gələcək yarışlarda idmançılarımız qarşısında duran vəzifələrdən bəhs edən cənab Prezident birinci növbədə iki il sonra Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının mütləq birinci sıralarda olacağını əminliklə ifadə etmişdir.

Bütün bu uğurlar Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş idmana, gənclərimizin sağlamlığına yüksək diqqət və qayğı siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilməsi sayəsində əldə olunub. Bu sahədə həyata keçirilən ardıcıl tədbirlər, idmançılara göstərilən diqqət və qayğı, ölkəmizdə ən yüksək standartlara cavab verən mükəmməl idman infrastrukturu qarşıdakı illərdə daha böyük nailiyyətlərin qazanılacağına güclü zəmin formalaşdırır. Bütünlükdə , ölkə rəhbərliyinin diqqət və qayğısı ilə həyata keçirilən bu tədbirlər bir daha deməyə əsas verir ki, dünyada idman ölkəsi kimi tanınan Azərbaycanda idman bundan sonra da uğurla inkişaf edəcək".