İstənilən idman növündə birinci olmaq böyük uğur hesab edilə bilər

11 Aprel 2022 11:04 (UTC+04:00)

İdman dövlətin böyük bir qüvvəsidir və insanın, dövlətin həyatında böyük rol oynayır, belə ki, idman - həyat və sağlamlıqdır. Sağlam insan üçün hər bir şeyi etmək daha rahatdır. Bu planetdə hər şey onun əlləri ilə düzəldilmişdir, dünyanın yeddi möcüzəsindən tutmuş kosmik gəmilərə qədər. Lakin, bu hələ son hədd deyil. Buna görə də istənilən ölkədə idmana böyük diqqətlə yanaşırlar.

Ölkənin hər yerində idman seksiyaları fəaliyyət göstərir. Bakı şəhərində "Azneft" meydanının yaxınlığında Əl Oyunları sarayı vardır. Orada idman yarışları keçirilir. Tbilisi prospektində isə möhtəşəm idman-konsert kompleksi fəaliyyət göstərir. Bu böyük idman sarayında müxtəlif növlərdə idman yarışları keçirilir.

Son illər ərzində, demək olar ki, respublika idmançıları hər idman növü üzrə fərqlənmişlər. Avropa, dünya çempionatlarında və Olimpiya oyunlarında həmyerlilərimiz çoxlu sayda qızıl, gümüş və bürünc medallara sahib çıxmışlar.

Azərbaycanın boks komandası daim müxtəlif çempionatlarda yüksək yerlərə layiq görülür. 57 kq çəki dərəcəsində Dünya Kubokunun fəxri kürsünün yüksək pilləsinə Rövşən Hüseynov layiq görülmüşdür. Sərbəst güləş üzrə Azərbaycanın yığma komandası Avropada lider mövqeyini tutur. Bizim fəxr etməyə haqqımız var, komandamızın üzvləri bütün komplektlər üzrə nəticələr əldə etmişlər - qızıl, gümüş və bürünc. Baş məqşçi Y.Məmmədov öz yetirmələrindən çox razıdır. Həndbol üzrə beynəlxalq çempionatda bizim millimiz uğurlu start etmişdir. Stend atacılığı üzrə olimpiya çempionu Zemfira Məftahəddinova Avropa çempionu oldu.

Yunan-Roma güləş növü üzrə gənclərdən ibarət komandamız beynəlxalq turnirdə uğurlu iştirak etmişdir. Onlar qızıl, gümüş və bürünc medallara layiq görülmüşlər.

Geridə qoyduğumuz illər ərzində ölkəmiz - Azərbaycan dünya sferasında idman ölkəsi kimi tanınır. Heç təsadüfi deyildir ki, Vətənimiz 2015-ci ildə I Avropa Oyunlarında, 2016-cı ildə paytaxtımızda baş tutan "Formula 1 yarışında, 2017-ci ildə həyata keçirilən "Tour de Azerbaijan 2017 velosiped yarışları zamanında bütün dünya xalqlarının idmançılarını böyük təmtəraqla qarşıladı və qonaqpərvər şəkildə qəbul etdi. Növbəti dövr ərzində - gələn ay "Formula-1 Azərbaycan Qran-Pri turniri, sentyabrda qadınlar arasında voleybol üzrə Avropa çempionatı keçiriləcək və 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunları baş tutacaq.

2017-ci il may ayının 12-dən başlayan və 10 gün ərzində davam edən IV İslam Həmrəyliyi Oyunları Azərbaycan dövlətinin növbəti tarixi qələbəsi kimi yadda qaldı. Bu əlamətdar oyunların ölkəmizdə keçirilməsi bütün müsəlman dünyasının ölkəmizə və xalqımıza olan hörmətinin bariz nümunəsidir. Yetkinliklə demək olar ki, 10 gün ərzində ölkəmizin tarixi qaynaqları ilə maraqlanan, mədəniyyətimiz və incəsənətimiz haqqında məlumatlar toplayan, eyni zamanda maddi və qeyri maddi irsimizin nümunələrini öyrənən İslam dünyasının müxtəlif ölkələrini təmsil edən idmançılar ölkəmizlə bağlı xoş xatirələrini qayıdacaqları doğma məmləkətlərində də söz açıb, danışacaq və həmçinin gələcəkdə səfər edəcəkləri ölkələrdə də turistlərlə bu dəyərli məlumatları bölüşəcəklər. Bu da təbii ki, dirçəlməkdə olan Azərbaycan turizminin daha da inkişafına öz müsbət təsirini göstərmiş olacaqdır.

Ötən yarışlarda olduğu kimi IV Bakı İslam Həmrəyliyi Oyunlarında da Azərbaycan xalqı öz yüksək qonaqpərvərliyini yenidən nümayiş etdirdi. Milli komandamız ümumi hesabda I yeri qazandı. Və bununla da, sözün həqiqi mənasında, ölkəmiz üçün ikiqat bayram sevinci yaşandı. Beynəlxalq səviyyəli yarışın Bakıda keçirilməsi və bu möhtəşəm tədbirin yekununda Milli komandamızın I yerə sahib olması baxımından Azərbaycan xalqı iki qat sevinc yaşamış oldu.

İdmançılarımızın hər bir yarış üzrə qazandıqları uğurları mən də bir gənc olaraq izləyir, onlara dəstək olurdum. Çox sevindirici haldır ki, idmançılarımızın əksəriyyəti öz idman sahələri üzrə olduqca peşəkar və səriştəlidirlər. Gənc olmalarına rəğmən, təcrübələri böyükdür və həmçinin bildirmək istəyirəm ki, idmançılarımızda olan böyük ruh yüksəkliyinin, qələbələrə olan inamın çox yüksək şəkildə olması bir daha onların siyahı üzrə I yerə layiq görülməsinə zəmin yaratmış oldu.

İdman sahəsində ölkəmizin növbəti tarixi uğurunun qazanılması hərkəsə məlumdur ki, düzgün istiqamətlənmiş siyasətin nəticəsidir. 26 iyul, 1994-cü ildən etibarən Ulu Öndər Heydər Əliyevin Respublikamızın o cür çətin zamanlarında olmasına baxmayaraq gənclərimizi düşünməsi və nəticə etibarı ilə Gənclər, İdman və Turizm Nazirliyini təsis etməsi ilə bugünki bütün qazanmış olduğumuz uğurların, qızıl medalların özülünü qoymuş oldu. Təbii ki, bununla da artıq gənclərimizin üzərinə daha böyük vəzifələr düşdü. 2 fevral Gənclər gününün yaradılması isə Dahi şəxsiyyət Heydər Əliyevin gənclər sahəsində daha bir uğurlu siyasətinin nəticəsi oldu.

Artıq 15 ilə yaxın müddətdir ki, biz gənclər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Çox Hörmətli Möhtərəm Cənab Prezidentimiz İlham Əliyevə arxalanır və onun siyasi kursunu dəstəkləyirik.

Gənclərimizin idmana olan sevgisi və marağı bu zaman ərzində daha da genişləndi və artıq Azərbaycan idman ölkəsi kimi dünya arenasında söz sahibinə çevrilmiş oldu. Ötən illər ərzində əgər ölkəmiz beynəlxalq yarışmalarda qapalı çərçivədə, yəni ki, güləş, boks, voleybol yarışları ilə təmsil olunurdusa, artıq son dövrə nəzər salsaq, deyə bilərik ki, hətta elə bir yarış növü yoxdur ki, Vətənimizdə inkişaf etdirilməsin, həmin sahəyə dövlətimiz tərəfindən diqqət ayrılmasın. Bu, çox çətin və məsuliyyətli işdir. Bu işin əzmlə öhdəsindən isə ölkəmizin lideri gəlir və biz gənclər də İlham Əliyev cənablarının ətrafında sıx yumruq tək birləşmişik.

İdman sahəsində qazanılmış uğurlarımızın sayı hesabı yoxdur. Bu müvəffəqiyyətin qazanılmasında Azərbaycan Respublikasının I Vitse Prezidenti Xanım Mehriban Əliyevanın zəhməti danılmazdır. Bakı-2017 Təşkilat Komitəsinin sədri kimi Mehriban xanım oyunların bağlanış mərasimində çıxış edərək bildirdi ki, "Əgər atletlər "Bakı-2017nin döyünən ürəyidirsə, siz - könüllü gənclər bu Oyunların geniş qəlbi idiniz. Siz dünyaya səmimiyyətinizi və iradənizi göstərdiniz. Mən gördüyünüz işlərə görə hər birinizə olduqca minnətdaram. Bu bir daha xanım Mehriban Əliyevanın biz gənclərə olan diqqətindən və qayğısından xəbər verir. Biz gənclərə hər zaman öz diqqətini nəinki təkcə ölkə rəhbərimiz, həmçinin dəyərli I Vitse Prezidentimiz Mehriban xanım da göstərir. İdmançılarımızın qazandığı medalları Mehriban xanımın şəxsən özünün iştirakı ilə onları təltif etməsi, idmançı gənclərimizə verilən çox böyük dəyərdən xəbər verir.
Mən də ölkəmin vətəndaşı olaraq Azərbaycanımızın növbəti tarixi qələbəsi ilə fəxr edir, idmançılarımız ilə qürurlanıram. Doğma Vətənimizə yalnız birincilik, sevinc dolu qələbələr, al şanlı bayrağımıza isə daim uca zirvələrdə dalğalanmaq yaraşır.

Şavəli Babayev​

Xəzər rayonu, Şəhid Ramiz Qasımov adına 216 nömrəli tam orta məktəbin Təlim Tərbiyə işləri üzrə direktor müavini