İdmançılarımız yüksək nailiyyətlər əldə edir - ŞƏRH EDİLDİ

11 Aprel 2022 10:27 (UTC+04:00)

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə idmanın inkişafına böyük diqqət yetirir, eləcə də idmançılarımızın dünya idman arenalarında ölkəmizi layiqincə təmsil etmələri üçün onlara bütün şəraiti yaradır. Azərbaycanın bütün bölgələrində idman meydançaları, ən müasir tipli olimpiya idman kompleksləri tikilib idmançılarımızın istifadəsinə verilmişdir". Bu sözləri SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, idmançılarımız da dövlətimizin onlara göstərdiyi bu qayğıdan ruhlanaraq yüksək nəaliyyətlər əldə edir, xarici dövlətlərdə Azərbaycanın adını yüksəklərə qaldırır, ölkəmizi tanıdırlar: "Dünyanın ən nüfuzlu yarışlarında Azərbaycan himnini səsləndirir, Azərbaycan bayrağını ucalarda dalğalandırırlar. Bu gün idmançılarımız böyük qürur və məğrurluqla yarışa çıxırlar. İstər gənclərimiz, istərsə də böyüklər arasında yarışan hər bir idmançımız yarışlara böyük məsuliyyətlə çıxmalıdırlar və unutmamalıdırlar ki, onlar müzəffər ölkəni, qalıb xalqı təmsil edirlər.

Son günlər güləşçilərimiz idman sahəsində Avropanı fəth etdilər. 23 yaşadək güləşçilərimizin ardından, sərbəst və yunan-Roma güləşi üzrə böyüklərdən ibarət Azərbaycan yığması da Avropa cempionu adını qazandı. 16 medal qazanmış idmançılarımız bir daha Avropada Azərbaycanın idman şöhrətini yüksəkliklərə qaldırdılar".

Deputat sözlərinə belə davam edib: "Prezident cənab İlham Əliyev Macarıstanda keçirilən güləş üzrə Avropa çempionatında qalib olaraq Avropa cempionu adını qazanmış Azərbaycan millisinin üzvlərini qəbul etdi və bu yüksək nəticə münasibəti ilə onları təbrik etdi.

Bu gün gənc nəsil böyük vətənpərvərlik ruhunda yetişir və tərbiyə alırlar. Prezident cənab İlham Əliyevin gənclərlə bağlı siyasəti ondan ibarətdir ki, gənclərimiz milli ruhda boyüsünlər, xalqına, dövlətinə sadiq olsunlar. Hansı sahədə çalışmasından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə ölkəmizin güclənməsinə xidmət edir. Məhz bu səbəbdən Azərbaycan dövləti dünyada sürətlə inkişaf egən dövlət kimi tanınır. Bu gün Azərbaycan nadir ölkələrdəndir ki, müstəqil xarici siyasət yürüdür, öz taleyini özü həll edir.

Prezident cənab İlham Əliyev görüşdə idmançılarımıza yarışda qələbə qazanmaqla bərabər özlərini xalqımıza məxsus ləyaqətli şəkildə aparmağı tövsiyə etdi. Ölkə başçımız ordumuzun Vətən Müharibəsində mərhəmətli davranışı ilə idmançılarımızın yarışlarda göstərdiyi ləyaqətli davranışı arasında paralellər də apardı. Müharibə zamanı əsgərlərimiz ermənilərdən fərqli olaraq dinc əhaliyə qarşı bir güllə belə atmadılar. İdmançılarımız da yarışlarda ermənilərin təxribat xarakterli hətəkətlərinə qarşı soyuqqanlı və ləyaqətli şəkildə davrandılar və yarışda qələbə qazanmaqla onlara layiqli cavab verdilər. Azərbaycan idmançıları hansı sahədə qələbə qazanıblarsa, bu qələbəni öz zəhmətləri, istedadları sayəsində əldə ediblər".

Ayşən Vəli