Artıq həm ABŞ, həm də Rusiya Ermənistanı heçə sayır və gündəmlərindən çıxdaş edirlər
Bir neçə gün əvvəl Ermənistan və Rusiya iki ölkə arasında diplomatik əlaqələrin yaradılmasının 30-cu ildönümünü qeyd etdilər. Hətta bunun şərəfinə böyük bir konsert də təşkil olundu. Ardınca isə İrəvanda həm Ukraynadakı müharibəyə, həm də Azərbaycanla müttəfiqliyə qarşı anti-Rusiya mitinqi keçirildi...
Və buyurun, Paşinyan xalça üzərinə çağırılır!
Məlum olduğu kimi, erməni baş nazirinin Moskvaya səfəri aprelin 19-na təyin olunub. Lakin buna qədər Rusiya XİN-nin rəhbəri Sergey Lavrov həmkarı Ararat Mirzoyanın vasitəsi ilə baş nazir Nikol Paşinyana dəqiq ismarıc göndərib – Kreml onun (Paşinyanın) Brüsseldə nə danışmasına əhəmiyyətsiz baxır və erməni baş naziri Rusyanın razılığı olmadan heç nə edə bilməz.
Digər tərəfdən, Mirzoyanla görüşü zamanı Lavrov hətta diplomatik norma hədlərini aşmaqla Paşinyanın diqqətinə çatdırdı ki, onun əsl ağası kimdir. Üstəlik, İrəvan qarşısında Ukrayna böhranı ilə bağlı dəqiq seçim etmək şərti də qoyulub – ya Rusiya, ya da Qərb!
Biz hətta Ermənistanın XİN başçısı Ararat Mirzoyanın Rusiyaya səfəri zamanı onun həmkarı Sergey Lavrovla, eləcə də KTMT-nin baş katibi Stanislav Zasla görüşünü İrəvan üçün “soyuq duş” da adlandıra bilərik.
Bütün bunlardan həm də belə nəticə hasil etmək mümkündür ki, Moskva bütün çılpaqlığı ilə Azərbaycanın və Türkiyənin xeyrinə özünün son seçimini edib. Ardıcıl və artan xətlə tətbiq edilən sanksiyalar və s. amillər Kremlə başqa çıxış yolu da qoymayıb.
Lavrov da ATƏT-in Minsk qrupunun gorbagor olduğunu təsdiqlədisə...
Lavrovun Mirzoyan üzərindən Paşinyana tərəf endirdiyi qurşaqaltı zərbələrinən biri də ATƏT-in Minsk qrupu ilə bağlı oldu. Hətta həmin məsələdə Mirzoyan Lavrova nəyi isə sübut etməyə çalışdı, hətta etiraz belə etdi, amma Rusiya XİN-nin rəhbəri bəyan etdi ki, Fransanın və ABŞ-ın Rusiya ilə əməkdaşlığa son qoymaları faktiki olaraq ATƏT-in Misnk qrupu adlı strukturun öz mövcudluğunu itirməsi ilə nəticələndi. Baxmayaraq ki, Mirzoyan guya onda ATƏT-in Minsk qrupunun Qarabağ mövzusu ilə bağlı əməkdaşlığı davam etdirmək məqsədindən geri çəkilməməsi barədə informasiyanın olduğunu desə də Lavrov bir daha bəyan etdi. SİTAT: “Üçlük həmsədrlər öz mövcudluqlarına son qoyublar və bunu fransızlarla amerikalıların özləri bəyan ediblər. Mənim üçün bu faktdır. Mən onların bəyanatlarının hansı yöndə səsləndiyini bilmirəm, amma onların öz rusofob məqsədləri xatirinə regionun taleyinə biganə qalmaları faktdır...”, deyə Lavrov fikirlərini təxminən bu cür ifadə edib.
Vaşinqton da zaman-zaman gözlənilməz, yəni İrəvan üçün arzuolunmaz sürprizlər bəxş edir
Artıq o da sirr deyil ki, Rusiyanın Ermənistana təsir mexanizmləri ABŞ-dan daha çoxdur. Amma buna baxmayaraq, Vaşinqton da zaman-zaman gözlənilməz, yəni İrəvan üçün arzuolunmaz sürprizlər bəxş edir. Xüsusilə, son dövrlərdə belə sürprizlərin sayı artmağa başlayıb.
ABŞ-ın dövlət katibi Blinken ümumiyyətlə, sözügedən məsələyə, yəni Lavrovun ifadələrinə əhəmiyyət verməyərək, növbətçi, lakin Ermənistana yönəldilmiş birtərəfli bəyanatla kifayətləndi. “Birləşmiş Ştatlar regionda növbəti eskalasiyaların əleyhinədir “, deyə o vurğuladı.
Özü də Blinken həmin ifadələrini Azərbaycanın dövlət başçısı ilə telefon danışığı zamanı irəli sürməyib, məhz Ermənistanın baş naziri Nikol Paşinyanla rabitə xəttində olarkən deyib. Və buradan da belə bir məntiqi nəticə hasil etmək olar ki, ABŞ regionda istənilən eskalasiyaya görə məsuliyyəti Bakının deyil, məhz İrəvanın daşıyacağına eyham vurub.
Beləliklə, fakt ortadadır – Ermənistan həm Rusiyanın caynaqları arasında ilişib-qalıb və oradan qurtulması mümkün deyil, digər tərəfdən də ABŞ-ın hədəfinə tuş gəlib. Hər halda, qeyd edilən danılmaz dəlillər və faktlar da bu cür məntiqi sonluğu kifayət qədər ehtiva etməkdədir.
Rövşən RƏSULOV