Tailandın bəzi rayonlarında hava çirklənməsinin səviyyəsi yol verilən həddi bir neçə dəfə üstələyib. SİA xəbər verir ki, bu barədə məlumat “World's Air Pollution” hava keyfiyyətinin monitorinqi cədvəlində yer alıb.
Tailandın 50 rayonunda havanın keyfiyyət indeksi bənövşəyi səviyyəyə, yəni “çox zərərli” olaraq yüksəldilib. Çirklənmə norması ən çox 50 bənd olduğu halda, həmin rayonlarda bu göstərici 200-257 bənd arasında dəyişir. Uşaqlara, eləcə də astma kimi tənəffüs yolu xəstəlikləri olan insanlara açıq havada mümkün qədər az vaxt keçirmək tövsiyə olunur.
Tailandda havanın orta keyfiyyət dərəcəsi 227, Banqkokda isə 213 bənddir. Adətən Banqkokda və qonşu əyalətlərdə havanın çirklənmə səviyyəsinin pik həddi dekabrdan aprel ayına qədər olan dövrü əhatə edir. Küləklərin əsmədiyi həmin dövrdə avtomobillərdən və müəssisələrdən atılan zərərli qazlar atmosferdə toplanır.
Hazırda Tailand havanın keyfiyyətinin ən pis olduğu ölkələr arasında dördüncü yerdədir. Reytinqdə ilk üç yeri isə Anqola, Hindistan və İran tutur.