Dünya Autizm Məlumatlandırma Günü ilə əlaqədar tədbir keçirilib - YENİLƏNİB-FOTOLAR

8 Aprel 2022 19:56 (UTC+04:00)

2 Aprel - Dünya Autizm Məlumatlandırma Günü ilə əlaqədar Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “Fərqliliyə qucaq aç” adlı tədbir təşkil olunub. SİA xəbər verir ki, tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babeyev, Mədəniyyət naziri Anar Kərimov, Səhiyyə naziri Teymur Musayev, Gənclər və İdman nazirinin müavini, Ombudsman Səbinə Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, dövlət rəsmiləri və ictimai xadimlər iştirak ediblər.

Mərkəzin foyesində inklüziv simli kvartetin ifasında klassik musiqilər səsləndirilib.

Qonaqlar autizm spektrlı (autizm sindromlu da qeyd etmək olar) uşaqların rəsm əsərlərindən və hazırladığı keramika məhsullarından ibarət sərgi ilə tanış olublar. Məlumat üçün bildirək ki, sərgidə nümayiş etdirilən əsərləri Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefesiarları, həmçinin Birgə və Sağlam İctimai Birliyin nəzdindəki Autizm mərkəzinin üzvləri ərsəyə gətiriblər.

Tədbirin rəsmi hissəsi Mərkəzin teatr zalında keçirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev autizm sindromlu uşaqların reabilitasiyası üçün ölkəmizdə həyata keçirilən davamlı layihələr barədə məlumat verib.

Sonra Mərkəzdə yeni yaradılan inklüziv kamera orkestrinin musiqiçiləri konsert proqramı ilə çıxış ediblər. Tədbir iştirakçılarına “Fərqliliyə qucaq aç” adlı səhnəcik təqdim olunub, səhnəcik Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdində fəaliyyət göstərən bədii rəhbəri Səidə Haqverdiyava olan “Oyuq” teatr studiyasının aktrisası Selcan Xatun və Azərbaycan Dövlət Bələdiyyə Teatrının aktrisası Zülfiyyə Qurbanova tamaşada çıxış edərək, autizm spektrlı şəxsin həyatda keçdiyi çətin yolu, mübarizəsini və sonda sevginin ona məlhəm olduğunu nümayiş etdirərək onların bu yolla cəmiyyətə inteqrasiya olunmasına diqqət çəkib.

Daha sonra tədbirin qonaqları 2 benefisiarın və kapoeyra təlimçilərinin kapoeyra teatral nömrəsinə də baxıblar. Tədbir autizm spektrlı və əlilliyi olan şəxslərin ifasında klassik və estrada janrında kompozisiyalarla davam edib.

Tədbir çərçivəsində autizmli uşaqların Mərkəzdə çəkdiyi rəsm əsərlərinin, hazırladıqları keramika məhsullarının, ağacdan oyma usulu ilə yaratdıqları məhsulların və floristika sahəsidə yaratdıqları əl işləri, həmçinin kulinariya
sahəsində uşaqların hazırladığı şirniyyat növlərinin sərgi-satışı da təşkil olunub.

Qeyd edək ki, sərgidə nümayişə çıxarılan əsərlərin müəllifləri bu tabloları qısa zaman kəsiyində ərsəyə gətiriblər. Buna baxmayaraq, rəssamlar dünyaya baxışlarını rənglərin harmoniyasında əks etdirə biliblər.