Rus ekspert: Ermənistanın heç bir seçimi yoxdur, Qarabağ dastanı bitmişdir - MÜSAHİBƏ

8 Aprel 2022 18:17 (UTC+04:00)

Dmitri Verxoturov: ATƏT-in Minsk Qrupu 2020-ci ilin noyabrında hərbi əməliyyatla birlikdə başa çatıb

Postsovet məkanı üzrə ekspert, rusiyalı publisist və ictimai xadim Dmitri Verxoturov “Caliber” analitik mərkəzinə müsahibəsində Azərbaycan-Ermənistan sülh danıqlarının gedişi, tərəflərin vəziyyəti və regionda mövcud vəziyyətlə bağlı fikirlərini bildirib. Müsahibəni oxucularımıza təqdim edirik.

- Brüssel raundunu necə qiymətləndirirsiniz? Bu, Ermənistan-Azərbaycan münasibətlərinin real münaqişədən sonra nizamlanmasına təkan olacaqmı?

- Mən həmişə sualı praktiki nöqteyi-nəzərdən çevirməyə üstünlük verirəm. Bəs Ermənistanın seçimi varmı? Yoxsa onun başqa variantları var? Yox. Ona görə də Ermənistanın Azərbaycanla münasibətlərini tənzimləməsi ən məntiqli və ən arzuolunan addım olardı.

- Bakının sülh razılaşması üçün 5 baza təklifi İrəvan tərəfindən qəbul edilib, bəs onları Ermənistan tərəfi həyata keçirəcəkmi?

- İrəvana ünvanlanan 5 əsas təklifdən danışsaq, mahiyyət etibarı ilə onlar Qarabağ dastanının bununla bitdiyi ilə nəticələnir. Və bu mühüm amildir. Brüsseldə baş verənlərə baxsaq, görünür, İrəvan o qədər püxtələşib ki, Qarabağ dastanı görünür, nəhayət onun üçün bitib. Ona görə də, müvafiq olaraq, bəyanatlarda Qarabağın “statusu” ilə bağlı heç nə demir. Bu baxımdan müzakirə ediləcək bir şey yoxdur.

- Brüssel İrəvanda israrla dirçəldilməyə çalışılan ATƏT-in Minsk qrupunun adını çəkmir. Nə deyir?

- Bir sözlə, ATƏT-in Minsk Qrupu 2020-ci ilin noyabrında hərbi əməliyyatla birlikdə başa çatıb. Ona görə də Minsk qrupu formatında danışıqlar aparmaq absurd və gülüncdür. Əslində bunu Brüssel danışıqlarının nəticəsi də təsdiqlədi.

- Ermənistan tərəfi vaxtaşırı Azərbaycan ordusunun mövqelərini atəşə tutur. Davam edən təxribatlar fonunda dinc yanaşı yaşamaqdan danışmağa dəyərmi?

- Yadda saxlamaq lazımdır ki, erməni tərəfi monolitlikdən uzaqdır və müxtəlif maraqları və müvafiq olaraq fərqli baxışları olan bir sıra qruplardan ibarətdir. Ermənistanda həm sülh tərəfdarları, həm də müharibənin davam etdirilməsinin tərəfdarları var, eyni zamanda ən inadkar radikallar da var. Ona görə də kimin, hansı məqsədlə atəş açması önəmlidir. Əgər biz siyasi müstəvidə danışıqlar aparırıqsa, o zaman hesab edirəm ki, biz bu mərmilərə diqqət yetirib, onları hansısa mühüm faktor kimi qələmə verməməliyik, çünki Ermənistan hakimiyyəti onların çoxuna nəzarət edə bilmir.

- Azərbaycanla Ermənistan arasında Rusiyanın iştirakı ilə sülh müqaviləsinin imzalanmasının vaxtını təxmin edə bilərsinizmi?

- Tərəflər nə vaxt sülh müqaviləsi imzalayacaqlar, bunu demək adətən çətindir, çünki çoxlu müxtəlif vəziyyətlər yarana bilər. Amma mən hələlik bu prosesə mane olacaq hər hansı faktor görmürəm. Yəqin ki, danışıqlar prosesində iştirak edən bütün tərəflər, o cümlədən Rusiya belə bir sənəddə maraqlıdır.

- Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrovla görüşmək üçün Moskvaya səfərə gedir. Sizcə, nə məqsədlə?

- Ermənistan XİN rəhbərinin Moskvaya səfəri tamamilə başa düşüləndir və göz qabağındadır, ona görə ki, erməni tərəfi xarici siyasət addımlarını Moskva ilə razılaşdırıb, onların razılığını, hətta müəyyən formada icazə almalıdır. Aydındır ki, Azərbaycanla sülh müqaviləsinin imzalanması kimi ciddi addımı Moskvada nəzərdən keçirmək lazımdır. Bunlar artıq regional siyasətin xüsusiyyətləridir. Yaranmış ümumi vəziyyəti nəzərə alsaq, Moskvanın Ermənistan-Azərbaycan sülh sazişinin bağlanmasına, xüsusən də təklif olunan formatda hansısa formada mane olacağını düşünmürəm. Təbii ki, bu, Rusiyanın müttəfiqi kimi Ermənistanın maraqlarını pozur, lakin indi vəziyyət hesablaşmanın təşkili üçün uyğun deyil. Əksinə, hesab edirəm ki, Rusiyanın sülh müqaviləsinin bağlanmasında iştirakı, mövcud vəziyyəti nəzərə alaraq, beynəlxalq aləmdə siyasi mübarizənin davam etdirilməsi öz əlindədir.

- Ermənistan-Türkiyə münasibətlərinin normallaşması barədə nə deyə bilərsiniz?

- Hesab edirəm ki, Azərbaycanla danışıqlar başa çatdıqdan və onunla sülh müqaviləsi imzalanandan sonra bu, məntiqli olardı. İstənilən halda Ermənistanın milli maraqlar baxımından faydalıdır. Aydındır ki, hər cür radikallar, müstəqil qruplar buna qarşı olacaq, amma anlamaq lazımdır ki, Ermənistanın dövlət və xalq olaraq ayrı-ayrı şəxslərin deyil, öz maraqları var. Komunikasiyalar və ticarət həmişə faydalıdır, ona görə də Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi üçün hər cür şans var.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb.