Çəki atmanı əngəlləyən səbəblər nələrdir? - SORĞU

8 Aprel 2022 14:56 (UTC+04:00)

"Çəki atmanı əngəlləyən səbəblər çoxdur. Bunlardan ən əsası orqanizmdə olan dəyişikliklər, yəni hormonal tarazlığın pozulmasıdır. Əgər bir orqanizmdə hormonal tarazlıq pozulubsa, deməli, çəki atan zaman problemlər üzə çıxa bilər. Bu baxımdan, həkimə müraciət etmək vacibdir. Lazımi müayinələrdən keçərək həkimin müalicəsi və dietoloqun qida planı ilə çəki atılmalıdır". Bu sözləri SİA-ya açıqlamasında dietoloq Ofelya Tahirova deyib.


Onun sözlərinə görə, çəki atmağı əngəlləyən səbəblərdən biri də oturaq həyat tərzidir: "Gününün əksər hissəsini oturaq şəkildə keçirən insanlarda çəki atma zamanı ləngimələr ola bilir. Eyni zamanda, güclü stress yaşayan, xüsusilə, yuxusuzluqdan əziyyət çəkən insanlarda çəki atmaqda çətinliklər yaşanır. Çünki orqanizmin gündüz saatlarında normal fəaliyyət göstərməsi üçün gecələr istirahət etməsinə ehtiyac var. Bu səbəblərin hər biri çəkinin azalmasına təsir göstərir".

Dietoloq sözlərinə davam edərək həmçinin qeyd edib ki, bəzi insanlar kortəbii şəkildə qeyri-sağlam pəhrizlərdən istifadə etdiyi üçün onların metobolizması zəifləyir: "Metobolizmanın zəifləməsi çəki atmağı əngəlləyən səbəblərdəndir. Həmin insanlarda yoyo effekti yaranır, yəni çəki azalır, lakin geri qayıdır. Xüsusilə, az kalorili dietlərdən müəyyən bir müddət istifadədən sonra orqanizm çəki itirə bilmir. Ona görə də ac qalmadan, orqanizmə lazım olan maddələri daxil etməklə çəki atmaq lazımdır. Bu maddələrə zülallar, yağlar, karbohidratlar, mineral vitaminlər və maye aiddir. Təbii qidalara üstünlük vermək lazımdır. Aylarla marketlərdə qalan, şəkərli, unlu məmulatlardan uzaq durmaq çəki atmağa kömək edə bilər.

Çəki atmaq istəyən insan psixoloji cəhətdən də buna hazır olmalı, artıq çəkinin onun üçün zərərli olduğunu dərk etməli, bunun üçün əlindən gələni etməlidir".

Qida üzrə baş mütəxəssis Ağa Salamov da məsələ ilə bağlı münasibət bildirib: "Ümumiyyətlə, artıq çəkidə olmaq ürək-damar sisteminə zərərlidir və şəkərli diabet olma riskini artırır. Bunun da səbəbini araşdırmaq və ona uyğun müalicə almaq lazımdır. Çəki atmaq istəyən insanlar həkim məsləhəti ilə hərəkət etməli, savadlı dietoloqlara müraciət etməlidirlər.

Çəki atmaq istəyən insanlar boş karbohidratlar qəbul etməməlidir. Boş karbohidrat dedikdə üyüdülmüş buğda unundan hazırlanmış çörəyi misal göstərə bilərik. Belə məhsulların tərkibində vitamin, karbohidrat olmadığı üçün heç bir sağlam qidalanmadan söhbət gedə bilməz. Boş karbohidratlardan biri də şirniyyatlardır. Tərkibinə müəyyən ağardıcı qatqı maddələri vurulan şəkərlərdən əldə olunan məhsullar boş karbohidrat olduğu üçün çəki atmağı əngəlləyir. Ümumiyyətlə, xaricdən gətirilmiş undan, duzdan uzaq durmaq daha məsləhətlidir. Eyni zamanda, zülallar, zeytun yağı, balıq, ət məhsulları istehlak edilməlidir. Amma bunların hər biri planlı şəkildə tükədilməlidir. Yəni, hər gün ət və ya balıq yeməyin də bir faydası yoxdur. Balanslı şəkildə orqanik məhsulların qəbul edilməsi artıq çəkidən azad olmağa kömək edir. Təbii ki, bu beyin ilə əlaqədar hormonal pozğunluğu olan insanlara aid deyil.

Arıqlamaq istəyən insanlar balanslı şəkildə qidalanmalı, onların istehlak etdiyi məhsullar tam orqanik olmalıdır. Səhər yaxşı qidalanmalıdırlar ki, günorta yemək yeməsinlər. Axşam isə yatmadan 4 saat öncə yeyərək, gündə iki dəfə qidalanmaq daha məqsədəuyğundur. Bu, yalnız orqanizmi sağlam olan insanlara aiddir".

Ləman Əlizadə