Əslində, nə dəyişilməli idi: Məktəbli forması, yoxsa təhsil forması?

8 Aprel 2022 14:54 (UTC+04:00)

Yeni dərs ilindən məktəbli formalarının dəyişilməsi nəzərdə tutulur. Buna nə qədər ehtiyac vardı? Bu, nə qədər vacibdi? Bu suallara yəqin ki, evindən məktəbə 2-3 uşaq göndərən valideynlərin hər biri cavab axtarır. Axı yaxından tanıdığımız ailələr var ki, bir məktəbli formasını uşaqlarının hər biri üçün istifadə edir. Böyük uşağa yenisini alır, balaca isə böyüyün əyninə kiçilmiş formanı geyinir. Və yaxud da qohumlar arasında da məktəbli forması paylaşmanın şahidiyəm. Sürətlə böyüyən uşaqların formaları heç də atılmır, istifadəsiz qalmır, onları qardaş bacının, bacı qardaşının, digər qohumlar bir-birinin uşaqlarına verirlər. Paltarlarda bəzi dərzi işləri görülür, beləliklə, tam yararsız olana qədər geyinilir. Çünki bu paylaşmaların da özünəməxsus səbəbləri var.

Dünyada baş verən ərzaq qıtlığı, qlobal bahalaşma, bunun bizim ölkəmizə də təsiri, nəzarətin düzgün qurulmaması səbəbindən qiymətlərin hər gün yox, hər saat qalxdığı bir dövrdə insanlar böyük çətinliklərlə üz-üzə qalıblar. İşsizlik problemi isə yaşayış tərzini gündən-günə çətinləşdirir. Aylarla iş axtaran, tək özü çalışan ailə başçıları var. Onlar ailənin gündəlik ehtiyaclarını ödəyə bilmirlər. Gündəlik süfrələrinə normal qida məhsulları qoya bilmirlər. Kommunal ödənişləri çətinliklə ödəyirlər. Hələ kirayədə yaşayan, xəstəsi olan, hər ay apteklərdən eyni reseptləri alanlar var. Belə olan halda ailədən 2 uşaq məktəbə göndərən valideyn məktəbli forması ala biləcəkmi? Axı bir uşağın məktəbə getməsi üçün tək məktəbli forması tələb olunmur. Bunun çantası, ayaqqabısı, kitab-dəftəri də var. Belə olan halda məktəbli formasının dəyişilməsi heç də imkansız ailələr tərəfindən razılıqla qarşılanmır.

Həm də düşünürəm ki, formanın məzmuna heç bir təsiri olmayacağı təqdirdə biz məzmunun qeydinə formadan çox qalmalıyıq. Belə ki, məktəblərimizdə təlim və təhsil formasının o qədər yeniləşməyə ehtiyacı var ki. Götürək təhsil formasını. Bir neçə illər bundan əvvəl məktəblərimizdə tətbiq olunan yeni təhsil proqramlarını (kurikulumları). Düzdür, təhsil ekspertləri bu təhsil metodu haqqında ağızdolusu danışdılar. Bu yeniliklə şagirdlərin biliklərə hərtərəfli və dinamik bir şəkildə yeyələnəcəklərindən, müasir dünyagörüşlərinin müsbət yöndə formalaşacağından əminliklə danışdılar. Lakin gəlin etiraf edək ki, bu çətin tədris metodunun hələ də öhdəsindən gələ bilməyən müəllimlər var. Müəllim-şagird-valideyn üçbucağı adlandırılan bu metod təhsilalmada rolu olan bu üç varlığı nəinki bir-birinə yaxınlaşdırdı, əksinə uzaqlaşdırdı. Çünki əksər valideynlər 10 il bundan sonra da kurikulum təhsil metodunun nə olduğunu anlamayacaqlar. Belə isə bu təhsil forması nə verir gələcəyimiz olan gənclərə? Kurikulumun əsas xüsusiyyəti şagirdin beynini həddindən artıq çalışdırmaqdır. Bu isə onun çox yorulması ilə nəticələnir. Bəzi yaxşı tərəflərinin olduğunu etiraf etməyə bilməsək də, bu üsul şagirdi müəyyən bilikləri göz yaddaşında saxlayan əzbərçiyə çevirir. Sanki tapmaca tapmağa bənzəyən bu metod geniş bilikverməni aradan çıxarıb mücərrəd bir formaya salıb.

Bu gün övladlarımızın yazı qabiliyyəti ilə bağlı həyəcan təbilini çalmağın vaxtıdır. Çünki bugünkü gəncliyin yazı mədəniyyəti yox dərəcəsindədir. İnşa, ifadə, imlaların orta məktəblərimizdə yoxa çıxması kütləvi savadsızlığın yaranmasına səbəb olub. Bu gün istənilən məktəbin yuxarı sinfinə yazı tapşırığı verib, bunu sübut etmək olar.

Müasir təhsil forması məktəbliləri mütaliədən də uzaqlaşdırıb. Hansı ki, bütün məktəblərdə kitabxanalar yaradılıb, dövlətimiz tərəfindən həmin kitabxanalara minlərlə kitab hədiyyə edilib. Gəlin görək bu kitabxanaların qapısını açan varmı? Kitabxanalarda çalışanlar şagirdlərin mütaliəyə cəlbi üçün hansı işləri görürlər?

“Bu gün Azərbaycan təhsilinin taleyi repetitor fəaliyyəti ilə bağlıdır” fikrini tam əminliklə söyləmək olar. Xüsusi hazırlıq kursları, repetitor fəaliyyəti bir il tam dayandırılsa, bunun nəticəsini həmin ilin qəbul imtahanlarında hər kəsin bariz şəkildə görəcəyinə əminəm. Bu da məktəblərdə dərslərin zəif formada keçirilməsini təsdiq edən amildir. Hansı ki, 20-30 il əvvəlin şagirdləri heç bir repetitorsuz ali təhsil müəssisələrinə qəbul olunurdular. Onlar həmin şagirdlərdir ki, bugünkü cəmiyyətimizin aparıcı qüvvələridirlər. Onlar bütün fənləri oxuyanlar, hər elmdən xəbərdar olanlardır. Bəs müasir dövrümüzdə necə, seçdiyi qrup fənlərindən başqa bir fənni oxuyan şagird varmı? Bu, faciədir. Müasir təhsil formasının gözəgörünməyən tərəfidir. Lakin yeri gələndə də düz göz önündədir. Gəlin yüzlərlə yuxarı sinif şagirdinə sual verək, görək qrup fənlərindən başqa fənn kitablarını əlinə alan varmı? Bu birtərəfli təhsil formasını dəyişdirməyin vaxtı çoxdan çatmayıbmı?

Məktəblərimizdə “Müəllimlər günü”, “8 Mart” bazarlığı formasını necə, dəyişmək fikrində olan varmı? Bəli, bunun üçün qadağalar qoyulmuşdu, eşitmişdik, bilirdik. Lakin qadağalar bu bazarlığın sadəcə formasını dəyişib, mahiyyət eynilə qalmaqdadır. Belə ki, əvvəllər açıq şəkildə olan bazar indi bir qədər qapalı şəklə salınıb. Amma fakt budur ki, bazar var. Aztəminatlı ailələrin narazılıqla qarşıladığı, həmin “əlamətdar” günlər bazarlığı yaxınlaşanda qarnına qara sancılar dolan insanlar var. Hələ uşaqlardan sinfin bəzi ehtiyacları üçün yığılan pulları demirəm. Bu yaxınlarda məktəblərimizdən birində valideyn yığıncağı olacaqdı. Tanıdığım valideyn həmin yığıncağa özü gedə bilmədi, anasını göndərdi. Nə üçün? Çünki həmin məbləği neçə vaxtdı ki, verə bilməmişdi, üz-üzə gəlməkdən çəkinirdi.

Bu gün təlim prosesinin də düzgün qurulmamasına əksər məktəblərdə rast gəlmək olar. Tənəffüs vaxtı şagirdlərin dəhlizlərdə hərəkətinə diqqət verən varsa, dediklərimi təsdiqləyər. Divarlardakı ayaq ləkələri, stol-stullara endirilən zərbələrin nəticələri də bu deyilənlərdən xəbər verir. Hələ dərsdən sonra küçəyə çıxıb evə yollanan şagirdlərin hərəkətlərini, çıxardıqları səsləri demirəm. Bütün bunlardan danışmaq üçün saatlarla vaxt, yazmaq üçün neçə-neçə səhifə lazımdır.

Yəni gələcəyimiz üçün hazırladığımız uşaqlarımızın tədris və təlim prosesinə belə biganə yanaşıb, lakin onların geyiminin qeydinə qalmaq, bəzi hallarda isə məktəbin rəyi ilə hansısa bir formaya keçidin vacibliyini iddia etmək bütün bu problemlər fonunda çox absurddur. “Əvvəl evin içi, sonra çölü” deyib atalarımız. Evin çölü məktəbli formasıdırsa, içi tədris, təlim prosesidir. O gözəl, səliqəli, müasir görüntülü geyimin içərisində diqqətli, savadlı, sabahımız ola biləcək uşaqlar yetişdirə bilməyəcəyiksə, məncə bu uşaqlar köhnə formaları geyinməyi hələlik haqq edir.

Yeni məktəbli formasına keçidlə əlaqədar belə bir arqument də ortaya qoyulmuşdu ki, guya köhnə formalar uşaqları incidir, narahat edir. Bəs elə isə ötən illərdə bu uşaqlar həmin formalardan necə istifadə edə biliblər. Gəldi, gəldi yeni formaya keçid mərhələsində köhnə formalar uşaqları incitməyə başladı.

Mövzu ilə bağlı müqayisəli məsələlər çoxdur. Müqayisə etdikcə də ardı gəlir. Lakin belə bir deyim də var, insanı geyimi ilə qarşılayıb, ağlı ilə yola salarlar. Bu nöqteyi-nəzərdən məktəblərimizdə geyim forması, yoxsa tədris-təlim forması yenilənməli idi, sual doğurur. Çünki bu geyim forması ilə məktəblərimizin qapılarını üzlərinə açdığı uşaqların oradan hansı savad, ağıl, dərrakə ilə çıxması daha vacib, daha aktualdır.

Mətanət MƏMMƏDOVA