ABŞ iki seçim qarşısında...

8 Aprel 2022 01:50 (UTC+04:00)

...Rus saytlarının yazdığına görə, Xorvatiyanın “Geopolitika” nəşrinin baş redaktoru Zoran Meter Sovet İttifaqının dağılmasından sonra Birləşmiş Ştatların bir sıra strateji səhvlərə yol verdiyi üçün bu gün həmən səhvlərin əvəzini bütün dünyanın ödədiyini bildirir.

Beləliklə, xorvat yazarın fikrincə, birinci səhv Vaşinqtonun SSRİ-nin hüquqi varisi kimi Rusiya ilə münasibətləri normallaşdırmaq istəməməsi idi.

Məsələn, Meter bildirir ki, SSRİ dağılandan sonra Rusiya “əməkdaşlığa hazır idi”, lakin ABŞ-dakı müxtəlif qüvvələr “bu ərazi baxımından azalmış, lakin hələ də böyük, çoxmillətli və çoxkonfessiyalı Rusiyanı daha kiçik “knyazlıqlara” parçalamağa çalışdılar. Amerikanlara görə, balaca əraziləri kənardan daha asan idarə etmək olar.

Müəllif amerikalıların ikinci səhv hesabını Çinin sürətli inkişafı və 30 ildə ABŞ-ın ən böyük və ən qorxulu rəqibinə çevrilməsi adlandırır. O qeyd edir ki, Çin o qədər özünü təmin edən və təhlükəli hala gəlib ki, onu yalnız qlobal nüvə kataklizmi dayandıra bilər.

Maraqlıdır ki, Meter ABŞ-ın “ərəb baharı” zamanı Yaxın Şərqdəki vəziyyətə müdaxiləsini üçüncü səhv hesab edir. Onun fikrincə, ABŞ “Pandora qutusu”nu açıb və idarə olunan xaos əvəzinə Rusiya və Çin də daxil olmaqla, rəqabət aparan güclərin strateji əhəmiyyətli regionuna “nəzarətsiz nüfuz” əldə edib.

Xorvat yazar həmçinin ABŞ-ın Avropadakı müttəfiqlərinə qarşı “neoliberal” siyasətini də səhv siyasət adlandırır.(dördüncü səhv).

O qeyd edir ki, avropalılar Vaşinqtonun təsirindən çıxıb, iqtisadi və xarici siyasət məsələlərində, o cümlədən İran, Rusiya və Çinlə əməkdaşlığı inkişaf etdirməkdə daha müstəqil olublar: “Dünyanın yenicə formalaşmış bu mənzərəsi mövcud beynəlxalq nizamı təhlükəli şəkildə sarsıtdı və Amerikanın qlobal mövqeyini zəiflətdi”.

Bunları bəyan edən Meterə görə, bu gün ABŞ iki seçim qarşısındadır: ya dünyanın yeni çoxmərkəzliyini tanımalı, ya da zorla da olsa dünya hegemonluğunu geri qaytarmalı.

O da maraqlıdır ki, Meterə görə, bu gün Vaşinqton ikinci variantı seçib, yəni nəyin bahasına olursa olsun yenidən hegemon olmaq. Təbii ki, ABŞ bu sahədəki əsas geosiyasi rəqibləri olan Rusiya və Çinə eyni vaxtda cəbhə açmaq istəmir.

“...Buna görə də o, hesablama üçün ilk olaraq Rusiyanı seçib və bundan sonra dərhal Çini məhv etməyə başlayacaq”.

Qeyd edim ki, bu Zoran Meterin gəldiyi qənaətdir.

Ağasəf Babayev