Sərnişinlər sürücünü hövsələdən çıxarmağı yaxşı bacarır - SORĞU

7 Aprel 2022 20:40 (UTC+04:00)

Dünya praktikasında insanların həyat şəraitinin yaxşılaşdırılmasında əsas məqamlardan biri də ictimai nəqliyyat sisteminin düzgün qurulmasıdır. Son illər ölkəmizdə, xüsusən də Bakı şəhərində bu istiqamətdə önəmli addımlar atıldığının şahidi oluruq. Bəzən problemlər üzə çıxsa da, ictimai nəqliyyatlarda sərnişin-sürücü münasibətləri də günü-gündən inkişaf edir. Bəs görək sərnişin-sürücü münasibətlərini şəhər sakinləri necə dəyərləndirir. SİA bu mövzu ilə bağlı sorğu keçirib.

Şəhər sakini Samir Mikayılzadə: "Düşünürəm ki, avtobusların yenilənməsi ilə problemlər də getdikcə aradan qalxır. Əvvəl sürücülərin harda gəldi saxlaması, pul qalığının qaytarılması məsələsində narazılıqlar yaranırdı. Lakin indi sürücü ilə sərnişin arasında əlaqə olmadığına görə problem də olmur. Şəhərdən kənar avtobuslar yenilənsə ümumiyyətlə problem olmaz".

Şəhər sakini Tükəzban Pənahova: "Əvvəlki dövrə baxanda indi nəqliyyatda vəziyyət daha yaxşıdır. Şəxsən mən hər gün işə avtobusla gedib-gəlirəm. Lakin heç bir problemlə üzləşmirəm. İnsan özü mehriban davrananda qarşısındakı da o cür münasibət göstərir".

Şəhər sakini Mahmud Çakar: "Mən türk vətəndaşıyam, amma Bakıya qonaq gəlmişəm. Əslində, sürücülərlə sərnişinlər bir-birinə hörmətlə yanaşırlar. Lakin bəzən taksilərdə sürücülər icazə istəmədən siqaret çəkirlər. Bu da sərnişinləri narahat edə bilir. Sürücülər sərnişinlərin fikirlərini nəzərə almalı və daha diqqətli yanaşmalıdırlar".

Şəhər sakini Məlahət Ağayeva: "Mən sərnişin kimi sürücülərin fəaliyyətindən, rəftarından razıyam. Sadəcə bəzən insanların gərgin olması nəticəsində bir-birlərinə qarşı kobud rəftar edirlər. Həm sürücülər, həm də sərnişinlər anlayışlı şəkildə davransa, heç bir narazılıq yaşanmaz".

Şəhər sakini Altay Nəcəfzadə: "Mənim fikrimcə, sərnişinlər tərəfindən kobudluq daha çoxdur. Sürücünü qınamaq çətindir. Çünki sərnişin çoxdur, sürücü isə tək. Sərnişinlər nəinki, sürücüyə hətta bir-birlərinə qarşı da hörmətlə yanaşmırlar. Sürücünü qınamaq çətindir. Çünki sərnişin çoxdur, sürücü isə tək. Sərnişinlər sürücüləri hövsələdən çıxarmağı yaxşı bacarır".

Şəhər sakini Töhrə Mehdiyeva: "Bəzən sürücü ilə sərnişin arasında münaqişələrin şahidi oluruq. Həm sürücü, həm də sərnişin tərəfindən kobudluq olur. Lakin bu mövzuda konkret olaraq kimin haqlı olduğunu demək olmaz. Elə vaxt olur ki, sərnişinlər sürücülərdən dayanacaqdan kənarda saxlamasını tələb edirlər. Belə hallarda sürücünün kobud cavabı nəicəsində mübahisə daha da böyüyür. İki tərəf də bir-birinə anlayış göstərmir. Hamı bir-birini başa düşsə, firavanlıq olar.

Şəhər sakini Mirsahib Mirnemətov: "Hər kəsin müxtəlif xarakteri var. Bəzən sürücü sərnişini, bəzən də sərnişin sürücünü başa düşmür və mülayim rəftar etmirlər. Amma sərnişinlər də təmizliyə riayət etməli, sürücünü qaydaları pozmağa vadar etməməlidir. Sürücü onların hər istəyini yerinə yetirməyə məcbur deyil".

Ləman Əlizadə