Brüssel görüşü bütün qaranlıqlara aydınlıq gətirdi – TƏHLİL

7 Aprel 2022 20:24 (UTC+04:00)

Azərbaycanın beş bəndlik baza təklifinə Ermənistan lap əvvəldən “Qarabağ ermənilərinin statusu” kimi dırnaqarası məsələni əlavə etmək niyyətində olub və bu ölkənin sülh sazişi üçün ATƏT-in Minsk qrupuna müraciət etməsi də bu baxımdan təsadüfi sayılmır. Sözsüz ki, Qarabağda baş verən son proseslər, ermənilərin təxribatları fonunda Azərbaycan Ordusunun öz mövqelərini daha da irəli çəkməsi dırnaqarası “status” məsələsinin praktiki gündəmdən çıxarması qorxusunu ermənilərə yaşatdı və danışıqlar məsələsini dərhal gündəmə gətirməsi üçün Ermənistan əl-ayağa düşdü. Bəlli oldu ki, Ermənistan yenə də Avropa masasını fürsət olaraq görürmüş, lakin proseslər, ələlxüsus Brüssel görüşü bütün qaranlıqlara aydınlıq gətirdi. Bu da rəsmi Bakının növbəti diplomatik qələbəsidir.

Rəsmi İrəvan Brüsseldə bir çox məsələlərin həllinə ümid etsə də, bir məsələni nəzərə almayıb ki, Azərbaycan üçün “status” məsələsi “qırmızı xətt” hesab olunur və rəsmi Bakı buna imkan verməz. Ermənistan indi məhz dırnaqarası “status” məsələsinə görə demək olar ki, ölmüş Minsk Qrupu formatının da dirildilməsini arzulayır, amma bunun da mümkünsüzlüyü günün reallığıdır və bu da səbəbsiz deyil. Məhz Ukrayna ilə Rusiya arasında başlayan müharibənin fonunda Minsk Qrupundan danışmaq gülünc səslənir. Çünki, bu qarşıdurmanın ardınca ABŞ heç zaman Rusiyanın hərhansı məsələdə iştirakını qəbul edə bilməz. Hətta, Fransa qəbul etsə belə, ABŞ-ın Cənubi Qafqazda maraqları olsa belə, Rusiyanın iştirakı Birləşmiş Ştatlar üçün qəbuledilən olmayacaq. ABŞ birmənalı şəkildə Rusiyanın iştirak edə biləcəyi masanı heç zaman, ələlxüsus bu ərəfədə, müharibə ərəfəsində qəti şəkildə dəstəkləməz. Bu da o deməkdir ki, Ermənistanın arzuladığı Minsk Qrupu formatı mümkünsüz məsələdir. Yəni, ermənilərin fürsət hesab etdikləri bu məsələ artıq bağlı məsələdir, artıq xülya olaraq belə qala bilmir və burada qaranlıq məqam qalmır.

Rəsmi Bakı üçün Brüssel görüşünün əhəmiyyəti olduqca böyükdür. Əvvəla, Azərbaycanın məhz münaqişənin bitməsi realığını ABŞ-ın da təşkilatçılığında iştirak etdiyi Avropa masasında yenidən qəbul etdirmək imkanı var. Beləki, 44 günlük müharibədən sonra Azərbaycanın yaratdığı reallıqlar göz önündədir və bunu ABŞ da, Avropa da görməməzlikdən gələ bilməz. Üstəlik işğaldan azad olunmuş ərazilərdə görülən quruculuq işləri, infrastrukturun, yüksək səviyyədə yaşayış şəraitinin yaradıldığı təkzibedilməzdir. Əsrin üçdə birinə yaxın müddət ərzində Ermənistanın işğal altında saxladığı ərazilərdə daşı daş üstündə qoymaması fonunda, Azərbaycanın cəmi bir il yarım müddətdə bu qədər işlər görməsi diqqətdən yayına bilməz və bütün bunlar münaqişənin bitdiyi anlamına gəlir ki, bunu hər kəsin qəbul etməsi gərəkir. Daha doğrusu, Brüssel görüşü zamanı məsələlərə yanaşma da təsdiq edir ki, bütün dünya üçün belə qaranlıq məqam qalmayıb və Azərbaycanın mövqeyi ədalətlidir və qəbulediləndir.

Onu da nəzərə almaq lazımdır ki, indi Brüsseldə bir növ ölü kimi olan Minsk Qrupunun da, onun formatının da taleyi həll olunmaqdadır. Artıq qeyd etdiyimiz kimi, ABŞ bundan sonra Rusiyanın iştirak edəcəyi bir qrupun da, onun formatının da qəbul olunmasına qəti şəkildə razı ola bilməz. Belə olan halda isə, Avropa da bununla, yəni ABŞ-ın mövqeyi ilə razılaşmaq məcburiyyətində qalır, hərçənd Fransa bu formata can atsa belə. Bütün bunlar isə onu deməyə əsas verir ki, rəsmi Bakınin bu formatın ümumiyyətlə gündəmdən çırarmaq imkanı var və buna nail olunur da. Yəni, məhz sözügedən format və onun mümkünsüzlüyü barədə də qaranlıq heç nə qalmadı.

Didər tərəfdən də Ermənistanın sülh sazişi ilə bağlı manipulyasiyaları da müzakirə mövzusu kimi Azərbaycanın xeyrinədir. Bilirik ki, Ermənistan tərəfi dəfələrlə sözdə sülh sazişinə razılıq ifadə etsə də bu prosesi hər vasitə ilə gecikdirməkdə maraqlıdır. Bu işğalçı ölkə hər vəchlə sülh sazişinin vaxtını uzatmağa, yaxud bundan yayınmağa çalışır ki, bunu görməmək mümkün deyil. Məsələ burasındadır ki, Brüsseldə bu saziş, yəni sülh sazişi də diqqət mərkəzində oldu və Ermənistanın bu məsələdən yayınmaq cəhdləri artıq həmin dövlətin əleyhinə işləyir. Bir sözlə, Ermənistan sülh sazişinə razılaşmayacağı təqdirdə, Azərbaycan atacağı addımlarla bağlı Qərbdə alibi qazanmaq imkanı əldə edir. Bunu isə Ermənistan tərəfi yaxşı başa düşür. Təsadüfi deyil ki, indi Ermənistan mətbuatı bu barədə bar-bar bağırır və bildirir ki, Brüssel görüşü Ermənistanın ümid etdiyi bütün xüslayarın böş olduğunu ortaya qoydu və bu məsələ də aydın oldu, qaranlıq heç nə qalmadı.

Ermənistana məxsus mətbuat səhifələri yazır ki, ABŞ gərginləşməyə görə Azərbaycanın deyil, Ermənistanın məsuliyyət daşıdığı qənaətindədir. Əslində, ermənilərin belə bir qorxuya, kompleksə düşmələri səbəbsiz və əbəs yerə də deyil. Xatırladaq ki, ABŞ dövlət katibi Entoni Blinken Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı Kremlin Ukraynada törətdiyi iyrənc hərbi cinayətləri pisləyib, ABŞ və tərəfdaşlarının Rusiya Federasiyası, eləcə də onun əməkdaşlarının Ukraynaya qarşı əsassız müharibəyə görə məsuliyyət daşımaları barədə öhdəliklərini vurğulayıb. Bu, əslində çox vacib məqamlardan xəbər verir və bununla Blinken ABŞ-ın Ermənistandan, ermənilərdən nə gözlədiyini bəyan edir. Bir sözlə, Rusiyanın Ukraynaya qarşı müharibəsini Ermənistanın açıq şəkildə pisləməsi gözlənilir. Qeyd edək ki, bu zamana qədər Ermənistan üçün ümumi formulalardan birtəhər qurtulmaq mümkün idisə, indi bu heç də mümkün görünmür. Çünki Buçada baş verənləri bütün dünya gördü və dinc əhaliyə qarşı edilən cinayətlərə başqa ad vermək mümkün deyil və nə deyilsə belə artıq işə yaramır. Amerika tərəfi getdikcə Rusiyanın hərəkətlərini pisləmənin vacibliyinə eyham vurur və bu məsələdə Ermənistan qınanılır. Rəsmi Moskva da öz növbəsində Ermənistandan Rusiyanı dəstəkləməsini, onların Ukraynadakı hərəkətlərinə ermənilərin dəstək verməsini tələb edir və əks təqdirdə bu ölkəni nələr gözləyəcəyi barədə də xəbərdarlıqlar edir. Hətta indi ermənilər etiraf edirlər ki, Rusiyanın Ermənistana təzyiq etmək üçün ABŞ-ın təsəvvür belə etmədiyindən qat-qat artıq mexanizmləri, imkanları var. Amma Blinken bütün bunlara məhəl qoymayan kimi davranır və hətta nümayişkəranə şəkildə göstərir ki, Birləşmiş Ştatlar daha bundan sonra Ermənistanın, ermənilərin vəziyyətini nəzərə almaq, başa düşmək fikrində deyil. Bax elə bu fakt özü də ondan xəbər verir ki, Ermənistan ABŞ, Avropa və Rusiya arasında qalıb və bir zamanlar ermənilərin fürsət kimi dəyərləndirdikləri arzuları da yenə puç olmaqdadır. Ümumiyyətlə, indi erməni cəmiyyətinin bu zamana qədərki utopik düşüncələrinə son qoyuldu və onların düşüncələrində belə artıq qaranlıq heç nə qalmamalıdır.

Daha bir incə məqama diqqət edilməlidir ki, Birləşmiş Ştatların dövlət katibi, “indi regionda daha da gərginləşmənin vaxtı deyil”, deyə vurğulayıb. Xatırladaq ki, dövlət katibi Blinken bunu Azərbaycan Prezidenti cənab İlham Əliyevlə söhbətində deməyib, məhz Ermənistanın baş nazirinə deyib. Belə olan halda, təbii ki, bu mesaj Azərbaycana aid ola bilməz. Deməli, bəlli olur ki, verilən mesaj birbaşa Ermənistana aiddir və Birləşmiş Ştatlar vəziyyətin gərginləşməsinə görə Azərbaycanı deyil, Ermənistan tərəfini cavabdeh hesab edir. Bir sözlə, bəlli olur ki, Ermənistan artıq başda ABŞ olmaqla, bütövlükdə Qərbin hədəfindədir və Brüssel görüşündə bu bir daha öz təsdiqini tapdı. Daha dəqiq, daha açıq şəkildə desək, regionda gərginləşmənin yaradılması, bunu hansı tərəfin yaratması da aydın şəkildə göstərilirsə, deməli, bu məsələdə də aydın olmayan, qaranlıq qalan heç nə qalmadı və Brüssel görüşü buna da aydınlıq gətirdi, hansıki Ermənistan tərəfi artıq yaxşı başa düşür ki, hərhansı gərginliyə görə üzərində böyük məsuliyyət var.