Oyuncaqlar uşaqların psixologiyasına necə təsir edir? - ARAŞDIRMA

7 Aprel 2022 18:27 (UTC+04:00)

Uşaq üçün oyuncaqlar nə vaxt alınmalıdır? Oyuncaq seçərkən nələrə diqqət edilməlidir? Körpələrin inkişafına şərait yaradacaq oyuncaqlar hansılardır? Oyuncaq alarkən diqqət etməli olduğunuz məqamlar bunlardır.

Oyuncaq uşağınızın yaşına uyğundurmu?

Bir yaşlı uşaqlar üçün güzgülər, mobil telefonlar daha maraqlıdır. Onlar əsasən tuta, itələyə, çəkə, çeşidləyə və növlərinə görə təsnif edə bildikləri oyuncaqları xoşlayırlar. Onlar istedad tələb edən oyunlara hələ hazır deyillər. Oyuncağın uşağınızın yaşına uyğun olub olmadığını anlamağın ən yaxşı yolu onun etiketinə baxmaqdır. Uşağınızın qabiliyyət və inkişaf tempini də nəzərə almaq lazımdır.

Yalnız uşağınızın beyin gücünü artırmaq üçün oyuncaqlar almayın. Heç bir oyuncaq bunu təmin etmir. Oyuncaq sadəcə əyləncəli ola bilər. Gənc körpələr üçün görmə, eşitmə, toxunma və əl-göz koordinasiyasını yaxşılaşdıracaq, böyük uşaqlara yeriməyi, tullanmağı, tarazlığı və fiziki dünyanı öyrədən oyuncaqlar seçilə bilər.

Oyuncaqlar təhlükəsizdir?

Uşağınızın hansı yaşında olmasından asılı olmayaraq, yalnız təhlükəsizliyinə əmin olduğunuz oyuncaqlar alın. Onu 3 yaşına çatana qədər uda biləcəyi kiçik oyuncaqlardan uzaq tutun. Onların oyuncaqlarının möhkəm və yuyula bildiyinə əmin olun və onları mütəmadi olaraq yuyun.

Bəyənmədiyiniz oyuncağı övladınıza almayın. Oyuncaq silahlar, partlayan oyuncaqlar və hətta su tapançaları kimi belə oyuncaqların evinizə girməsinə icazə verməyin. Bəzi qız oyuncaqları da verdikləri mesajlara görə sizi narahat edə bilər. Bura makiyaj məhsulları, fiziki xüsusiyyətləri ön plana çıxaran paltarlar daxildir. Unutmayın ki, siz onları qadağan etsəniz belə, uşağınız onları dostunun evində tapıb oynaya bilər.

Oyuncaq alarkən nələrdən çəkinmək lazımdır?

Qurğuşun: İnanmaq çətin olsa da, bir çox oyuncaqda qurğuşun var və qurğuşun ciddi zəhərlənməyə səbəb ola bilər. Bu zəhərlənmələr böyrəyi zədələyə bilər və inkişafdan geri qalmağa səbəb ola bilər. Məlum olub ki, ABŞ-da hər 3 oyuncaqdan 1-də orta və yüksək səviyyələrdə kadmium, civə və digər potensial təhlükəli kimyəvi maddələr var.

Çin istehsalı olan plastik oyuncaqlar

Bir neçə il əvvəl Çində istehsal edilən oyuncaqların tərkibində qurğuşun boyası olduğu aşkar edilərək təxminən 9 milyon oyuncaq ləğv edilib. Çin istehsalı olan oyuncaqları almaq məsləhət deyil. Çünki Çində keyfiyyətə nəzarət digər ölkələrlə müqayisədə daha zəifdir. Oyuncaqların arxasında harada istehsal edildiyi yazılıb, baxsanız, Çin istehsalı olan oyuncaqları almaqdan qaçarsınız.

PVC (Polivinilxlorid): Bu geniş istifadə olunan plastikin tərkibində vinilxlorid, dioksin, ftalat kimi zərərli kanserogen kimyəvi maddələr var. Onlar astma, allergiya və reproduktiv problemlər yaradır. Bu maddə tez-tez oyuncaqlarda görünür. Lakin etiketdən PVC-nin istifadə edildiyini anlaya bilərsiniz.

BPA (Bisfenol A): Bu kimyəvi bir çox plastik məhsulda olur və uşağın inkişafına təsir göstərə bilər. Bundan əlavə, diqqət pozğunluğu, erkən yetkinlik, piylənmə kimi pozğunluqlara səbəb olur. Qətiyyən istifadə etməyin.

Körpə üçün hansı oyuncaqlar almaq olar?

100 faiz PVC-siz etiket: Tərkibində bu plastik olmadığına zəmanət verən məhsulu rahatlıqla ala bilərsiniz.

Taxta və ya bambuk oyuncaqlar: Taxta oyuncaqların tərkibində heç bir kimyəvi plastik yoxdur. Bunlar uşağınız üçün sağlam oyuncaqlardır.

Tərkibində üzvi pambıq olan oyuncaqlar: Pambıq oyuncaqlar, xüsusən də üzvi olanlar körpəniz üçün çox təhlükəsizdir.

Qız uşaqları daha çox gəlinciklər, çay və qəhvə dəstləri ilə evcilik oyunu oynayırlar, oğlan uşaqları isə daha çox oyuncaq maşın və silaha maraq göstərir. Oğlanlar gəlinciyi əllərinə alanda, qızlar isə maşınlara maraq göstərəndə, ümumiyyətlə, ailələrində qorxu hissi yaranır. "Bu uşağa nə olub, yoldaşlarının oynadığı oyuncaqlarla niyə oynamır. Problem var” kimi düşüncələr yaranır.

Bəs, oyuncaq seçimində cinsiyyətçi yanaşmalar uşaq psixologiyasına necə təsir edir? Seksist oyuncaqlar uşağın inkişafına zərər verirmi? Ailələr uşaqlarına gender fərqlərini necə izah etməlidirlər? Bir çox ailələri maraqlandıran bu suallara türk mütəxəssis cavab verib.

Oyuncaqların cinsi var?

Türk mütəxəssis, Psixoloq Berk Karaoğlu məsələ ilə bağlı belə münasibət bildirib: “Uşaqlarda sağlam cinsi kimliyin inkişafı üçün qız və oğlan oyuncağı ayrı-seçkiliyi olmamalıdır. Uşaq istənilən oyuncaqla məhdudiyyətsiz oynayanda bu, sağlam şəxsiyyət inkişafından xəbər verir. Oyuncaqlarda cinsiyyətçi fərqlər və ya məhdudiyyətlər qoyularsa, uşaqların cinsi kimliyinin inkişafında problemlər yarana bilər. Uşağın davranışını məhdudlaşdırmaq onun oyunlar vasitəsilə qazanacağı bacarıqlara mane ola bilər. Əgər siz valideyn olaraq övladınızda hansı davranışı məhdudlaşdırmağa çalışsanız, əksinə, uşağınızı həmin davranışa sövq edə bilərsiniz.

Məsələn, qız oyuncağı ilə oynayan bir oğlana necə reaksiya vermək olar?

Oğlanın qız oyuncağı ilə oynamasına müdaxilə edilməməlidir. Uşaqlar real həyatı oyunlarla canlandırırlar. Bunun ona qadağan edilməsi onu daha cəlbedici edə bilər və zaman keçdikcə uşaq körpələrdən başqa oyuncaqlara marağını itirə bilər. Unutmayın ki, uşağa bir davranış və ya nəsihət verərkən uşağa o vəziyyətin məntiqi səbəbini izah edə biləcək səviyyədə olmalısınız.

Qızların maşın və silah kimi oyuncaqlarla oynamasına necə reaksiya vermək olar?

Eyni şəkildə qızların oyuncaq seçimlərinə müdaxilə edilməməli və ya məhdudiyyət qoyulmalıdır. Uşaqlar oyunlar vasitəsilə bir çox bacarıqlar əldə edə bilərlər. "Qızlar maşınla oynamır" kimi reaksiyalar verilməməlidir. Uşaqların məhdudiyyətsiz oyunlar vasitəsilə özlərini ifadə edə bilmələri sağlam inkişaf üçün çox vacibdir. Bunlardan başqa həm qızlar, həm də oğlanlar üçün şiddətə səbəb olan və ya qəzəbli davranışlar nümayiş etdirən silahlarla oynamaq tövsiyə edilmir”.

SİA məsələ ilə bağlı araşdırma apararaq psixoloq, həkim və ekspertlərin fikirlərini öyrənib.

Mütəxəssis pediatr Yüksel Hüseynli: “Plastik əsaslı maddələrin sərtliyini azaltmaq,elastikliyini artırmaq üçün zərərli bir maddə olan fitalat plastik oyuncaqların istehsalında istifadə olunur. Cinsiyyət və sinir sistemi inkişafı problemləri, hormonal pozğunluqlar, allergiya və astma kimi xəstəliklərə səbəb olduğu, eyni zamanda kanserogen təsirlərinin olduğu aşkarlanmışdır.

Uşaq oyuncaqlarında istifadə olunan digər bir maddə qurğuşundur ki, bu da böyrək zədələnməsi, öyrənmə və böyümədə gecikmə və qurğuşun zəhərlənməsi kimi fəsadlar verə bilir. Yalama və dişləmə ilə oyuncaqları, əşyaları kəşf etməyə çalışan balaca körpələr asanlıqla qurğuşunun təsirinə məruz qala bilirlər.

Yumşaq, tüklü oyuncaqlar nə qədər sevimli, maraqlı görünsələr də bir o qədər "mikrob yuvası"dırlar. Çətin təmizlənən bu oyuncaqlar havada olan toz, ev gənələri üçün ideal yerləşmə yeridir. Allergiya, astma tətikləyicisi olmaqla yanaşı, üzərlərində olan göz, burun kimi xırda və asan qopan əşyaları uşaqlar uda bilər və boğulma ilə nəticələnə bilər. Allergik uşaqlardan uzaq tutulmalıdır.

Yüksək səsli, musiqili oyuncaqlar uşaqlar üçün nə qədər maraqlı olsalar da, qəbuledilən standartların üzərində səs çıxaran oyuncaqlar uşaqların qulağına zərər verə bilər.

Oyuncaq seçimində valideynlər diqqətli olmalı, tanınmış markaların, üzərində etiketi olan, gigiyenik normalara cavab verən, asan yuyula bilən, üzərində xırda parçacıqlar olmayan oyuncaqlara üstünlük verməlidirlər. Qiyməti ucuz olan, bazarlarda, dəzgahlarda, açıq havada satılan oyuncaqlar əksərən gigiyenik normalara cavab vermir. Bunun üçün də, CE işarəsi daşıyan məhsullara üstünlük verməlidirlər. Bu işarə məhsulların insan, heyvan və ətraf mühit baxımından sağlam və etibarlı olduğunu göstərən Avropa Birliyi Yeni Yanaşma Direktivlərinə cavab verən uyğunluq işarəsidir”.

Psixoloq Leyla Fətəli: “Uşaqlar üçün zərərli oyuncaqlar dedikdə, bu oyuncaqlar uşaqların yaş həddinə görə dəyişir. Yəni, 0-1 yaş uşaqlara dəmir və taxta oyuncaqlar alına bilməz. Bu uşağa allergiya verməyən parçalardan və keyfiyyətli plasmasdan hazırlanan oyuncaqlardır.

2 yaş yarımdan sonra bu oyuncaqlar taxta və səsli oyuncaqlara çevrilə bilər. Onda öncə isə daha çox yumuşaq oyuncaqlar məsləhət görülür.

Boyanmış oyuncaqlar məsələsinə gəldikdə isə bunun əleyhinəyik. Bu çox zərərlidir. Biz daha çox taxta oyuncaqların tərəfdarıyıq. Bunu da uşaq 3 yaşını keçdikdən sonra anlaya bilər.

0-2 yaş aralığındakı uşaqlara taxta, dəmir və xırda hissəcikli pazllar təhlükəlidir. Həmçinin, bu yaş aralığındakı körpələrə heyvan səsli oyuncaqlar almaq olmaz. Bu onlarda qorxu və travma yaradır".

AİB sədri Eyyub Hüseynov: “Keyfiyyətli və keyfiyyətsiz oyuncağı ayırd etmək üçün bir çox üsullar var. İlk öncə istehlakçı, alıcı dükana girəndə dükandan pis və plastmas qoxusu gəlirsə belə dükandan üz çevirib getmək lazımdır. Uşaq oyuncaqlarından heç bir qoxu gəlməməlidir.

İkincisi ağ dəsmalı, yaxud da tənzifi yaş edib uşaq oyuncağına sürtsünlər. Əgər rəng verirsə belə uşaq oyuncaqlarından imtina etmək lazımdır. Çünki rənglərin tərkibində ağır metallar var, uşaqların əlləri ilə lamisə orqanlarına keçib onları tədricən zəhərlənməyə məruz qoya bilər.

Gəlincikdirsə onun saçının tüklərini çəkmək lazımdır, əgər qopursa imtina etməliyik. Əgər oyuncağın üzərində iti elementlər varsa belə oyuncaqlardan imtina etmək lazımdır.

Əsasən oyuncaqlar yumşaq, bərk və taxta materiallardan olur. Lakin bütün hallarda rəngləyicilərdən istifadə olunur. Ona görə də rəng amilinə xüsusi fikir verilməlidir ki, rəng çıxmasın.

Vətəndaşlar bilməlidirlər ki, oyuncaqlar məcburi sertifikatlaşdırılan mallar siyahısındadır. Nazirlər kabinetinin 343 saylı qərarına görə oyuncaqlar Azərbaycanın əmtəə bazarına daxil olmamışdan öncə mütləq sertifikatlaşmalıdır. Lakin çox təəssüflər olsun ki, Azərbaycanda satılan oyuncaqların təxminən 40-50 faizi məcburi sertifikatlaşdırmadan keçmir.

Müvafiq qanunvericiliyə görə sertifikatı olmayan malların satışı qadağandır. Belə malların reklamı da qadağandır. İstehlakçının hüququ var ki, malın sertifikatını tələb etsin. Təkcə gigiyenik sertifikatını deyil, uyğunluq sertifikatını tələb etsin və onun məcburi sertifikatlaşmadan keçib keçmədiyini müəyyənləşdirsin. Satıcı isə o sertifikatı alıcıya göstərməyə borcludur. Alıcılar oyuncaq alan zaman bu amillərə əhəmiyyət versinlər.

Çox təəssüflər olsun ki, uşaq oyuncaqları dəyişdirilməyən və qaytarılmayan mallar siyahısındadır. Lakin oyuncağın zavod qüsuru olarsa onu istehlakçı kassa çeki təqdim etməklə dəyişdirə bilər. Valideynlər fikir versinlər ki, uşaqların dünyagörüşünün, immun sisteminin formalaşmasında oyuncaqların böyük rolu var.

Valideynlər uşaqlarının yaşına, istəklərinə və psixologiyasına uyğun oyuncaqlar alsınlar. Təsadüfi deyil ki, başqa ölkələrdə oyuncaqların psixoloji və pedaqoji araşdırması gedir”.

Ayşən Vəli