Mitinq, yox, gündəm-maaş dərdi Felyeton

7 Aprel 2022 16:12 (UTC+04:00)

Deyir “Aşığın sözü qurtaranda dalay-dalay” edər. Ayıbdır ey, aşıq ola bilmirsən, olma da. Necə aşıqsan ki, sözün bitir, aşıq nədir, sözü bitdi nədir, o, sinədəftər olmalıdır. Yalançı aşığın bir dərdi var, o da pul qazanmaq.

Eynilə Əli Kərimli kimi. İllərdi həmin o yalançı aşıqlardandı, meydanlardadı. Ta sözü də bitib, dalay-dalayı da. Hamı da bunu görüb. Hamı da deyib ki, ta sözü bitən aşığın meydanı da bitməlidir. Gərək meydandan qovulasan, özün başını sal aşağı, çıx get də.

Aldı görək özü nə deyir: Axı gedə bilmirəm. Necə gedim, getsəm kimdi mənə qalmaqal maaşı verən? Bir də adama deyərlər ki, ağıllısan, get özünə ağıl ver. İllərdən bəri özüm üçün iş qurub, maaş alıb dolanıram. Yeri gələndə ölkədə hamıdan da yaxşı yaşayıram. Bunu qolumu çırmalayıb zəhmətlə eləməmişəm, sizin kimi saatlarla idarələrdə oturmamışam, tər tökməmişəm, canım ağrımayıb. Evimdəcə tapşırıqdı alıb, küçədə beş nəfəri başıma yığmaqla həyatımı, yaşayışımı qurmuşam. Yaxşı təminatın var. Meydandan getdi nədir, sözü bitdi nədir? “Aşığın sözü bitəndə dalay-dalay deyər”,- deyirsiz. Ay qardaş, aşığın sözü bitir, mənim kimi təkrara keçsin. Gör neçə illərdir, təkrardan döşəyə-döşəyə maaşımı alıram. Bundan asan iş var? Heç ta mənə qulaq asan da yoxdur ey, öz-özümə danışıram. Hardan qulaq asacaqlar ki. Öz aramızdır, neçə illər bu camaatın başını ağrıtdım. Tək mən yox ha, yaratdığım “aşıqlar qrupu” ilə birlikdə. Dedik, dedik, söylədik, söylədik, amma yenə öz aramızdır, bir iş görə bilmədik. Görəndə ki, camaat da əldən gedir, dedik nə edək, necə edək ki, barı bu maaş əldən getməsin. Başladıq hərdənbir var olduğumuzu hiss etdirməyə. Bax lap indiki kimi. Deyim, dinləyin:

- Ay qardaş, mənim varlığım hiss olunmalıdır, ya yox. Necə insaf sahibisiniz ki, bir parça çörəyim əlimdən çıxa. Əşi, indiki dövrdə maaşın kəsilməyi ilə canın çıxmağı birdi, bilmirsiniz? Nə edərdim, neçə illərdən bəri çalışdığım qurumdan üz çevirərdim? Əmr elədilər ki, et, mən də etdim. Bilirdim ki, bacaran deyiləm. Ta bu illər o illər deyil ki, camaatın başında min bir fırıldaq quraq. Onlar da bizə avamcasına inanalar. Bir addım da yaxına qoymazlar bizi. Gördüm belədir, bəyanattı, nədi, onun adı, onlardan eşitmişəm ey bunu da. Qaydasını dedilər, mən də əzbərləyib dedim. Dedim ki, ay camaat gəlin, Ukraynaya tərəf olaq, Rusiyaya qarşı çıxaq. Elə bunu demişdim ki, başımda bir anda milyon yumruğu birdən hiss etdim. Məni qınayırsınız, vallah bu kəlməni demək üçün maaşımı xeyli artırmışdılar bu ay. Mən də deməyə vadar idim. Niyə burnumdan gətirirsiniz axı? Mən də bir yolla dolanmalıyam, ya yox?

Başıma yumruqla döyənlər deyirlər ki, hardaydın Vətən müharibəsində. 90-cı illərdə əlbir olub satdığınız torpaqlar uğrunda qan töküləndə barı insafa gəlib səsinizi çıxarardınız. Ermənilərə qarşı bir mitinq keçirərdiniz, səsinizi dünyaya yayardınız. İndi olmusan Ukrayna sevdalısı? Kəs səsini, daha o illər deyil ki, bu Vətəni satıb-sovub oturasınız. Bu dövlət nəyi necə etməyi çox yaxşı bilir. Birincisi müharibə istəmir, ikincisi yardımlaşmağı sevir, üçüncüsü də qonşuları ilə yaxşı münasibət saxlamağı bacarır. Burada məgər sizin kimi “aşıqların” təkrar sözlərinə ehtiyac var? Vallah yumruqlardan yadımda qalan bu sözlər oldu. Amma deyilən çox söz vardı.

Bir də əyil qulağına bir söz deyim, sən Allah heç kimə demə ha. Ə vallah, niyə mən bilmirəm ki, mənim çağırışıma bir adam belə gəlməz. Ay qardaş, məsələ mitinq deyil ey, gündəm məsələsidir. Gündəmdə olmasam, bir gündəcə maaşım kəsilər. Bax, dərd bu dərddir. Bir sağa baxdım, bir sola baxdım, ta bu sonuncu sözlərə bir cavab tapa bilmədim. Bircə onu dedim ki, indi bildim bu xalq sizə nə üçün əhəmiyyət vermir. Axmağın cavabı sükutmuş...

Mətanət MƏMMƏDOVA