Dağılan yollarımız, batan pullarımız: Onu bağışlamaq olarmı? - ANALİZ

7 Aprel 2022 15:10 (UTC+04:00)

Baha qiymətə çəkilən yollarımız dağılıb gedir, dövlətimizin pulları batır, əhali əziyyət çəkir - belə hallara səbəb olanlar ciddi cəzalandırılmalıdır

Azərbaycanda son illərdə aparılan genişmiqyaslı yol tikintisi və yenidənqurması işləri ölkənin avtomobil magistrlallarının müasir vəziyyətə gəlməsi, sürücülər və sərnişinlər üçün rahatlıq yaratması ilə yanaşı, cəmiyyətdə müəyyən tənqidi fikirlərin səsləndirilməsi ilə müşayiət olunur. Söhbət bu yolların tikintisi üçün ayrılan vəsaitlərin başqa ölkələrdə müqayisədə xeyli yüksək olmasına baxmayaraq keyfiyyətsizliyi, tez sıradan çıxması ilə bağlı faktlardan gedir. Bəs, bu sahədə hansı problemlər var, başqa ölkələrlə müqayisədə yol tikintisi və təmirinin qiyməti və keyfiyyəti hansı səviyyədədir, bu sahədə korrupsiyaya yol verilməsi iddiaları hansı əsaslara söykənir? Bu suallara aydınlıq gətirməyə çalışdıq.

Azərbaycan inkişaf etmiş yol infrastrukturuna malikdir. Belə ki, ölkəmizdə respublika əhəmiyyətli yolların uzunluğu 5 min, yerli əhəmyyətli yolların uzunluğu isə 15 min km-ə çatır, həm də bu yolların çox böyük hissəsi dünya standartlarına uyğun şəkildə yenidən qurulub. Son 15 il ərzində 15 min kilometrə yaxın yol təmir olunub və ya yeni salınıb. Davos Ümumdünya İqtisadi Forumunun hesabatına görə, Azərbaycan yolların keyfiyyətinə görə dünyada 34-cü yerdədir. Təkcə Avropada 50-dən artıq ölkə olduğunu nəzərə alsaq, bu, çox yüksək nəticə sayılır.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə əlaqədar yerli əhəmiyyətli avtomobil yollarının tikintisi və təmiri ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2004-cü ildə verdiyi Sərəncamı bölgələrimizdə yol sistemini tamamilə dəyişdi. Keçən dövlərdə ölkə prezidenti tərəfindən bu məqsədlə çoxsaylı sərəncanlar, tapşırıqlar verilib və xeyli layihələr həyata keçirilib. İndi region əhalisi daha rahat, daha müasir, daha geniş yollarla istədiyi məntəqəyə tez və təhlükəsiz şəraitdə gedib gəlir. Əlbəttə, bu yollar təkcə sosial deyl, həm də böyük iqtisadi əhəmiyyətə malikdir.

2004-cü ildən bu yana ölkədə 12 min km-ə yaxın yol təmir olunub və ya yeni tililib. Artıq Xınalıq kimi ən ucqar dağ kəndlərinə müasir yollar çəkilib, rayonlararası, kəndlərarası yollar təmir olunub ki, bu da region əhalisinin rahatlığını təmin edib. Bu isə öz növbəsində turizmin də inkişafına və turistlərin rahat hərəkətinə zəmin yaradır. Əvvəllər gedilməsi mümkün olmayan ucqar ərazilərə indi turistlər və sakinlər çox rahat və tez gedib-gələ bilirlər.

Rayondaxili yolların və kiçik şəhərlərimizin küçələrinin də çox böyük hissəsi təmir olunub, abadlaşdırılıb. Abşeron yarımadasında yerləşən qəsəbədaxili yolların təmiri isə 2023-cü ildə başa çatacaq. Digər regionlardakı kənd və qəsəbələrin də küçələri təmir edilir, abadlaşdırılır.

Ən əsası isə, ölkəmizin əsas nəqliyyat arteriyaları olan- Bakı-Gürcüstan sərhəddi, Bakı-İran sərhəddi, Bakı-Rusiya sərhəddi magistrallarının yenidən qurulması həm İpək yolu üzrə, həm Şimal-Cənub nəqliyyat dəhlizi üzrə sərnişin və yük daşımaları xeyli intensivləşdirib. Deməli, bu yollar həm sosial, həm də iqtisadi cəhətdən böyük fayda verir və verəcəkdir.

Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2003-cü ildə verdiyi Sərəncamı paytaxtımızın mənzərəsini tamam dəyişdi. Bakıda indi şüşə kimi hamar yollar, küçələr, prospektlər göz oxşayır. Həm də təkcə paytaxtda yox, şəhərətrafı yollarda da.

Bakı Dairəvi yolunun salınması, həmçinin Aeroport-Zığ yolunun yaradılması bu sahədə çox böyük əhəmiyyətə malikdir. İndi paytaxtın istənilən ərasizindən digər yerinə daha tez, daha rahat gedib-gəlmək mümkündür. Nəticədə, nəqliyyatın hərəkəti 2 dəfə sürətlənib, tıxaclar aradan qalxıb, sərnişinlərin və yüklərin daşınması rahatlaşıb.

Lakin bu sahədə problemlər də var. Baha qiymətə çəkilən və uzun müddət sağlam qalacağına təminat verilən bəzi respublika və və beynəlxalq əhəmiyyətli yollarda ciddi problrmlər yaranır. Bəzi yollar tamamilə bərbad vəziyyətə düşüb.

Bu məsələdə günahın bir hissəsi şirkətlərin, müəssisələrin, həmçinin, kommunal təşkilatların üzərinə düşür. Belə ki, yollar və küçələr təmir olunandan sonra ənənəvi olaraq həmin orqanların və şirkətlərin yadına düşür ki, bəs yolun o tərəfinə boru çəkilməlidir və ya kanalizasiya işləri görülməlidir. Yolu bir neçə yerdən qazıb işlərini görürlər, sonra həmin qazılan hissəsi bərbad formada ört-basdır edərək aradan çıxırlar. Nəticədə, həmin yerdə çökəklik və qabarıqlar qalır və avtomobillər ordan keçəndə atılıb düşərək zərər görür ki, bu da narazılıq yaradır. Tezliklə, yolun həmin yamaqlı hissələri sıradan çıxır və dövlət məcbur olur həmin yolu və ya küçəni yenidən təmir etsin.

Daha bir problem isə yük maşınları ilə bağlıdır. Belə ki, normadan 2 dəfə artıq yüklənmiş yük maşınları yolları və küçələri bərbad hala salır. Magistral yollarda sağ kənar zolaqların pis vəziyyətə düşməsinin əsas səbəblərindən biri də budur. Bu, xüsusilə də, Bakı-Rusiya sərhəddi magistral yolunda özünü daha qabarıq biruzə verir.

Bu yolun çəkilişinə 800 milyon manat xərclənib və dünyanın ən bahalı yollarından sayılır. Yolun sağlam işləyəcəyinə təminat verilmişdi. Lakin 7-8 il keçməmiş bu yola bərbad vəziyyətə düşdü. Özü də, bu yol betondan çəkilmişdi və respublikada ən möhkəm yol sayılırdı.

Mövzuya dünya ölkələrində yol tikintisi ilə bağlı bəzi məlumatlarla giriş vermək istəyirik. Bir müddət əvvəl Rusiya mətbuatında dünya ölkələrində yol tikintisinə xərclənən vəsaitlərin müqayisəsi bağlı araşdırma materiallar yer alıb.

Araşdırmaya görə, ABŞ-da yolun hər km-i 6 milyon, Avropa İttifaqı ölkələrində 7 milyon, Çində isə cəmi 2 milyon dollara başa gəldiyi bildirilir. Azərbaycanda isə 1 kilometr yol dövlət büdcəsinə ortalama 10 milyon dollara başa gəlir. Bəzi layihələrdə isə bu rəqəm daha yüksək olur.

Orta rəqəmi götürsək, Azərbaycanda 100 milyon dollara 10 kilometr yol çəkir. Həmin vəsaitə Çində isə 50, Gürcüstanda 30, Avropada 15, ABŞ-da 17 km yol çəkilir. Bu müqayisəyə görə, bizdə yol tikintisi başqa ölkələrdən baha başa gəlir. Buna baxmayaraq, bəzi yollar tez dağılıb sıradan çıxır.

Aidiyyatı orqanların rəsmiləri mətbuatda bu mövzuda səslənən tənqidlərə cavabında bildirirlər ki, rəqəmlər arasındakı fərqi yolun keyfiyyəti, ərazinin landşaftı, işçi qüvvəsinin, tikinti materiallarının hər ölkəyə fərqli qiymətlərlə gətirilməsi bağlıdır. Onu da qeyd edirlər ki, Azərbaycanda yollara çəkilən xərclər təkcə yolun tikintisi ilə bağlı olmur, əksər hallarda körpü və tunellərin inşası, ətrafdakı tikililərin köçürülməsi üçün xərclər də bura daxil edilir.

Qeyd olunur ki, yol layihələri çərçivəsində həddindən artıq köçürmələr olur ki, bu da layihələrin ümumi qiymətinə təsir edir. Belə ki, yolların çəkilməsi üçün fərdi evlər, digər obyektlər, kommunikasiya xətləri köçürülür. Bunların da hamısı nəqliyyat layihəsinə daxil olduğu üçün bəzən ilk baxışda qiymət yüksək görünür.

Ekspertlərin fikrincə isə, istənilən ölkədə avtomobil yolu tikilərkən bütün yol boyunca yol ötürücüləri, tunellər, keçidlər, yolun çəkilməsi üçün torpağın alınmasına və köçürülən obyektlərə görə ödənilən kompensasiyalar yolun tikintisi üçün ayrılan xərclərə daxildir. Yəni, bizdə olduğu kimi, dünya ölkələrində də yolun hər km-nin tikintisi ilə bağlı elan olunan qiymətlərə bunlar da daxildir. O səbəbdən, Azərbaycanda yol tikintisinin başqa ölkələrdən dəfələrlə baha başa gəldiyini əlavə xərclərlə əlaqələndirmək əsassızdır.

Əvvəla, bizdə yolun tikintisi üçün lazım olan materialların, asfalt-betonun qiyməti başqa ölkələrdən xeyli ucuz başa gəlir. Şirkətlər bunu çox asanlıqla əldə edirlər, bəzən heç pulla da almırlar, məsələn çınqıl, qum kimi materialları havayı əldə edirlər.

İkincisi, bizdə işçi qüvvəsi müqayisə olunan ölkələrə nisbətdə daha ucuzdur. Üçüncüsü, coğrafi şərait və torpaq örtüyü heç ən çətinlərdən deyil, əksinə daha rahatlarından biridir. Bütün bunları nəzərə alanda çox baha qiymətə keyfiyyətsiz yol tikilməsi ciddi şübhələr doğrurur. Ekspertlər hesab edir ki, hətta, yüksək keyfiyyətli yol belə, indiki qiymətlərdən azı 2 dəfə ucuz olmalıdır.

Mövcud və yeni çəkilmiş yolların tez-tez təmir edilməsi problemi də ciddi narahatlıq yaradır. Bəzən, eyni yol 1 ildə 2 dəfə təmir olunur. Müqayisə üçün deyək ki, yolların dərəcəsindən asılı olaraq bu interval Rusiyada 5-12, ABŞ-da 8-14 ildir. Bir çox ölkələrdə isə 20 ilədək istismar edilən yollarda cari, 20 ildən çox istifadə olunan yollarda isə əsaslı təmir işləri aparılır.

Azərbaycanda isə yeni çəkilən yolun istismara verilmə dövrü ilə ilk cari və ya əsaslı təmir dövrü arasında vaxt intervalı, o cümlədən təmirlərarası müddətlər müəyyən edilməyib. Bu vəziyyətdən korrupsiya məqsədilə istifadə edilməsi şübhələri var.

Bu məsələ ilə bağlı ekspertlər bu fikirdədirlər ki, yeni çəkilmiş və ya təmir edilmiş yolların qısa müddətdən sonra yenidən təmirinə başlanması korrupsiya elementidir. Hesab edilir ki, Bakı-Ələt, Bakı-Rusiya sərhəddi kimi magistral yolların təmir və yenidən qurulmasına yüz milyonlarla vəsait xərclənsə də, 2-3 il keçməmiş həmin yollarda təmir işi başlanır. Halbuki, keçmiş nəqliiyat naziri tərəfindən Bakı-Rusiya sərhəddi və Zığ-Aeroport beton yollarının azı 30 il təmirə ehtiyac olmadan istismar olunacağı deyilirdi.

Böyuk İpək yolunda da eyni vəziyyət yarandı. Mütamadi olaraq yolun bir neçə il əvvəl çəkilmiş hissələrində təmir işləri gedir. Eyni vəziyyət şəhərdaxili küçələrdə də müşahidə olunur.

Mütəxəssislərin fikrincə, hər bir layihənin texniki-iqtisadi əsaslandırmada, layihə-smeta sənədlərində standartlar göstərilməlidir ki, bu neçə il təmirə dayanmadan istifadə edilə bilər, neçə il intervalla cari və ya əsaslı təmirə dayana bilər və s. Bunlar qanun kimi olmur, amma normativ-hüquqi sənədlər olmalıdır. Məsələn, Nazirlər Kabineti səviyyəsində.

Bu qeyd etdiyimiz hallar nəticəsində dövlətin böyük xərc və əziyyət bahasına başa gələn yollarımız dağılıb gedir. Ona görə də, aidiyyatı təşkilatlar bu məsələyə ciddi nəzarət etməli, belə hallara səbəb olanlar ciddi cəzalandırılmalıdır.

Dövlət vəsaitləri səmərəli istifadə olunmalı, görülən iş sağlam və etibarlı olmalıdır. Bu halda həm iqtisadi, həm sosial cəhətdən inkişafın sürətlənməsini təmin etmək olar.

Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti çərçivəsində hazırlanıb.