Prezidentin gördüyü işlərin hər biri göz önündədir - DEPUTAT ŞƏRH ETDİ

7 Aprel 2022 14:16 (UTC+04:00)

“Cənab Prezident İlham Əliyev bütün dövrlərdə olduğu kimi, 2003-cü ildən bəri prezident seçkilərini böyük bir səs çoxluğu ilə qazanaraq prezident kimi and içib, prezident kürsüsünə qalxdıqdan sonra həyata keçirdiyi fəaliyyət, gördüyü quruculuq işlərinin hər biri göz önündədir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva bildirib.

Onun sözlərinə görə, Azərbaycanda hər bir sahələr üzrə biz astronomik, sözlə ifadəsi mümkün olmayan böyük sıçrayışa, inkişafa nail olduq: “Eyni zamanda əlbəttə ki, bu inkişaf mədəniyyətdən də yan ötmədi. Ötən illər ərzində və 2018-ci ildən bu yana son 4 ildə mədəniyyət sahəsində görülən işlərin hər biri Azərbaycan mədəniyyətinin inkişaf etdirilməsi, təkamül yolu keçməsi, dünyaya inteqrasiya edərək, tanıdılması baxımından çox böyük bir əhəmiyyət kəsb edir. Əgər biz 2018-ci ildən bu günə qədər olan dövrü nəzərə alsaq, xüsusilə 2020-ci ildə 30 ildir davam edən mübarizəmizin, 44 günlük müharibədə əldə etdiyimiz qələbə bizə yenidən öz torpaqlarımızda quruculuq işlərini həyata keçirməsinə səbəb oldu. Hazırda da azad olunmuş torpaqlarda bir çox sahələr üzrə quruculuq işləri sürətlə davam etdirilir. Doğma Azərbaycan torpaqlarında milli, mədəni irsin dirçəldilməsi üçün həyata keçirilən layihələr, düşmən tapdağı altında qalan muzeylərimizin, məscidlərimizin, ayrı-ayrı ictimai-siyasi xadimlərimizin ev muzeylərinin yenidən qurulması da böyük əhəmiyyət kəsb edir. Eyni zamanda Şuşanın türk dünyanısının mədəniyyət paytaxtı elan edilməsi də mühüm əhəmiyyətə malikdir.

Şuşada həyata keçirilən mədəni layihələr Azərbaycanda mədəniyyətə verilən investisiyanın danılmaz bir tərkib hissəsidir. Daha sonra “Xarı bülbül” festivalının keçirilməsi, Vaqif məqbərəsinin yenidən dirçəldilərək, inşa edilməsi, orada "Vaqif" poeziya günlərinin keçirilməsi, eyni zamanda Xurşudbanu Natəvan, Bülbül, Üzeyir Hacıbəylinin heykəllərinin yenidən bərpa edilməsi, Şuşada Diyarşünaslıq muzeyinin açılması da Şuşanın mədəniyyət mərkəzi olaraq nə qədər dəyərli olduğunu göstərdi. Bütün dünyaya öz qapısını açan Şuşa Azərbaycan mədəniyyətinin dünya üzrə ən bariz göstəricisidir. Eyni zamanda son illərdə ümumilikdə Azərbaycan mədəniyyətinin dünyaya tanıdılması istiqamətində də böyük işlər görülür. Bu işlərdə Heydər Əliyev Fondunun da gördüyü işləri mütləq vurğulamaq lazımdır. Fəaliyyət istiqamətlərinin prioritetlərindən olan mədəniyyət, səhiyyə kimi sahələrin dirçəldilməsi yerinə yetiriləcək layihələr üzrə xüsusi bir əhəmiyyətə malikdir. Bununla bağlı görülən işlərin hər biri göz qabağındadır. İstənilən sahədəki nailiyyətlərin hər birinin arxasında dövlətin böyük diqqəti, cənab Prezident İlham Əliyevin dönməz iradəsi, eyni zamanda vitse-prezident, birinci xanım Mehriban Əliyeva ilə birlikdə Azərbaycan xalqının gələcəyi naminə görülən işlər dayanır”.

Səbinə Hüseynli