“Brüssel görüşü sülh sazişinin imzalanmasını sürətləndirə bilər” AÇIQLAMA

7 Aprel 2022 13:28 (UTC+04:00)

“6 apreldə Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə baş tutan növbəti üçtərəfli görüş Cənubi Qafqazda sülh və əməkdaşlıq, ölkələrarası etimad mühiti yaratmaq baxımından çox əhəmiyyətli olub”. Bunu millət vəkili Azər Badamov “Səs” qəzetinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, üçtərəfli görüşdə dövlət başçıları Ermənistanla Azərbaycan arasında sülh sazişinin hazırlanması üçün xarici işlər nazirlərindən ibarət ikitərəfli komissiyaların yaradılmasını qərara alıblar: “Həm də 26 noyabr 2021-ci il Soçi Bəyanatına uyğun Birgə Sərhəd Komissiyasının aprelin sonuna qədər çağırılması qərara alınıb. Bu komissiyanın mandatına əsasən, həll olunmalı məsələlər müəyyənləşdi. Bu, Ermənistanla Azərbaycan arasında dövlət sərhədlərinin delimitasiyası, sərhəd boyunca və onun yaxınlığında sabit təhlükəsizlik vəziyyətinin təmin edilməsindən ibarət olacaqdır. Brüssel görüşündə razılaşdırılan məsələlər Azərbaycanın Ermənistana təqdim etdiyi 5 baza prinsipinə əsasən hazırlanmışdır. Çünki Azərbaycanın təqdim etdiyi 5 baza prinsipi sivil dövlətlərarası qonşuluq münasibətlərin formalaşmasına və əməkdaşlıq mühitinin genişlənməsinə xidmət edir və BMT Nizamnaməsinə uyğundur. Şarl Mişel kommunikasiyaların açılmasını dəstəklədiyini ifadə edərək ölkələrarası etimad mühitinin formalaşmasında və yenidənqurma və bərpa işlərində, o cümlədən minalardan təmizlənmə işlərində Avropa İttifaqının dəstək verməyinə hazır olduğunu bildirmişdir. Üçtərəfli görüşdə prezident Mişelin məsələlərə ədalətli yanaşması və regionda davamlı sülhün və əməkdaşlığın yaranmasına töhfə verməyinə hazır olduğunu ifadə etməsi Avropa İttifaqının yaratdığımız yeni reallığı qəbul etdiyinin göstəricisi hesab edirəm. Sonda deyə bilərəm ki, cənab Prezidentin Brüsselə səfəri yeni reallığa uyğun gündəlikdə duran bir çox məsələlərin həllinə yeni impuls verilməsi baxımından çox məhsuldar və əhəmiyyətli olmuşdur. Məsələlər üçtərəfli görüşlərdə yüksək səviyyədə razılaşdırılır. Amma nəticəsi isə Ermənistanın öz üzərinə götürdüyü öhdəliklərə konstruktiv yanaşmasından asılı olacaqdır. Əgər Avropa İttifaqı üçtərəfli görüşlərdə razılaşdırılan məsələlərin həll olunması üçün Ermənistana təzyiq göstərərsə, yaxın zamanlarda Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması prosesi sürətlənə bilər”.