Rusiya sanksiyaların təsirindən çıxa biləcək? - POLİTOLOQ DANIŞDI

7 Aprel 2022 13:26 (UTC+04:00)

“Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsinə və təcavüzünə qarşı ən sərt mövqedə dayanan ölkələrdən biri Böyük Britaniyadır”. Bu sözləri SİA-ya açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Böyük Britaniyanın Rusiyaya qarşı həyata keçirdiyi sanksiyalar getdikcə daha da sərtləşir və bu ölkənin Ukraynaya olan dəstəyi digər ölkələrə nisbətən daha çoxdur: “Böyük Britaniya Ukraynaya əvvəllər müdafiə silahlar göndərirdisə, indi isə hücum silahları göndərir. Hesab edirəm ki, bu sanksiyalar Rusiya iqtisadiyyatına çox ciddi təsir edəcək. Londonda vaxtı ilə kök salmış rusiyalı oliqarxların mülkləri əllərindən alınaraq, bank hesabları dondurulub. Bunun özü də Rusiya iqtisadiyyatında ciddi problemlər yaradır. Böyük Britaniya, Amerika və digər Avropa dövlətlərinin sanksiyalarının indi və gələcəkdə Rusiya iqtisadiyyatına çox mənfi təsirləri olacaq. Rusiya bunları qəbul etmir və gələcək də bu vəziyyətdən çıxa bilsə də çox çətin olacaq. Çünki təsirlər indiki və gələcək zamanlarda da özünü hiss etdirəcək. Lakin hələki bu sanksiyalar Rusiyanın siyasətinə təsir edə bilmir və çox təəssüf ki, Ukraynadakı vəziyyətlər davam edir”.