Amerikalı sahibkar, “SpaceX” və “Tesla” kompaniyalarının qurucusu, bu yaxınlarda həm də tviter kompaniyasının səhmdarı olan İlon Mask sosial şəbəkədə redaktə düyməsinin lazım olub-olmadığı ilə bağlı istifadəçilər arasında sorğu keçirib.
SİA-nın əldə etdiyi məlumata görə, İlon Mask özünün tviter hesabında istifadəçilərə belə bir sual ünvanlayıb: redaktə düyməsi istəyirsinizmi? Kompaniyanın baş direktoru Paraq Aqraval da sorğunun nəticələrinin vacib olduğunu deyərək istifadəçiləri cavab verərkən diqqətli olmağa çağırıb.
Qeyd edək ki, İlon Mask bir müddət öncə ABŞ-ın Qiymətli Kağızlar Komissiyasına tviter kompaniyasında 9,2 faizlik paya sahib olduğu barədə məlumat verib.
2006-cı ildə təsis edilən “Twitter İnc” kompaniyası qısa mesaj mübadiləsi üçün nəzərdə tutulan eyni adlı sosial şəbəkənin sahibidir. Kompaniyanın qərargahı Kaliforniya ştatının San-Fransisko şəhərində yerləşir.