İnsanı sevindirən və kədərləndirən sürpriz yumurta - ARAŞDIRMA

6 Aprel 2022 17:25 (UTC+04:00)

Kinder-in sürpriz yumurtalarının satışı 1938-ci il Qida, Dərman və Kosmetika Aktı ilə ABŞ-da qanunsuzdur. ABŞ-da sürpriz yumurtaların uşaqlar tərəfindən udulması ehtimalı olan oyuncaqlar olduğuna görə deyil, şokoladında təhlükəli kanserogen maddələr olduğuna görə qadağan edildiyi deyilir.

Hamımız bilirik ki, kiçik əşyalar uşaqlar üçün boğulma təhlükəsi yaradır. Bu da bir həqiqətdir ki, ətrafımız uşaqların udub boğulmasına səbəb ola biləcək kiçik əşyalarla doludur. Belə bir atmosferdə azyaşlı uşaqların sıx tələbatına məruz qalan sürpriz yumurtalardan uzaq durulmalıdır.

Uşaqların istehlak etdiyi sürpriz yumurtaların sağlamlıq baxımından çox riskli olduğu və tərkibində kanserogen maddələr olduğu üçün ABŞ və Kanada kimi ölkələrdə qadağan edildiyi iddia edilir.

Plastik qablar qida ilə təmasda olduqda, çox təhlükəli kanserogenlər olan BISFENOL-A (BPA) və DİOKSİN ətraf mühitə keçir. Dioksinin xərçəngə səbəb olduğu bir çox elmi araşdırma ilə ortaya qoyulmuş və Beynəlxalq Xərçəng Araşdırma İnstitutu tərəfindən də izah edilmişdir.

Bisfenol-A və Dioksinlər orqanizmə daxil olur və bədəndəki piy toxumasında saxlanılır və xaric olunmadan uzun müddət bədəndə toplanır.

Qeyd edək ki, bütün dünyada uşaqlar tərəfindən sevilən Kinder Surprise şokoladları ilə bağlı 2016-cı ildə şok həqiqət üzə çıxıb. Rumıniyada “Kinder Surprise” yumurtasının içinə oyuncaq yerləşdirmək üçün 6-11 yaş arası uşaqlar işlədilir.

Xəbərə görə, uşaqlar gündə 13 saat işləyir və onların maaşı saatda təxminən 90 sentdir. Ailələrə min yumurta üçün təxminən 15 türk lirəsi ödənilir.

SİA "Kinder Surprise" yumurtalarında ölümcül bakteriya aşkarlanması ilə bağlı araşdırma apararaq həkim və qida üzrə ekspertlərin fikirlərini öyrənib.

Mütəxəssis pediatr Yüksel Hüseynli: “Salmonella, Enterobacteriaceae ailəsinə aid olan çubuqşəkilli bakteriyadır. 2000 alt növü insanda xəstəliyə səbəb olur. İnsanlarda enterik qızdırma (tif) olaraq adlandırılan və bəzən epidemiyalarla özünü göstərən xəstəliklərə səbəb olur.

Yoluxma yolu:

‌- Mənbəyi bilinməyən suların içilməsi və istifadə olunması

‌- İnsan və heyvan mənşəli tullantıların içmə sularına qarışması

‌- İçmə sularının yetərincə xlorlanmaması

‌- Salmonella daşıyan və yaxşı bişirilməmiş ət, yumurta, süd və süd məhsulları ilə qidalanma

‌- Pasterizə edilməmiş süd və ya meyvə suyu, pendir

‌- Yaxşı yuyulmamış göyərti və meyvə, ədviyyat və çərəzlər, meyvə quruları ilə qidalanma. Eyni zamanda gigiyena qaydalarına düzgün əməl edilmədikdə insandan insana da yoluxur.

Əlamətləri:

Bakteriya bədənə daxil olduqdan sonra 12-72 saat sonra ishal, temperatur yüksəlməsi, bulantı, qusma və qarında ağrı tutmaları kimi xəstəlik əlamətləri əmələ gəlir. Xəstəlik 4-7 gün çəkir və immuniteti güclü olan şəxslər heç bir müalicəsiz də sağala bilir. Lakin yaşlılar, immuniteti zəif olan şəxslər, südəmər və kiçik yaşlı uşaqlarda isə belə deyil. Xəstənin xəstəxanaya yatırılmasına da səbəb olacaq ağırlaşmalar verə bilər.

Diaqnoz:

Dəqiq diaqnoz nəcis, qan və sidik və ya infeksiya mənbəyindən alınan kültürdə Salmonella növlərinin tapılması ilə qoyulur.

Son günlər adı çəkilən uşaq yumurtalarında Salmonella bakteriyalarının tapılması uşaqlarda yuxarıda qeyd edilən əlamətlərə rast gəlinməsinə səbəb olub.

Yekun olaraq demək istəyirəm ki, Salmonellaya yoluxmasa belə hazır qidaların, uşaqlar üçün hazır şokoladlar və şirniyyatların tərkibindəki qatqı maddələri, xüsusən "çin duzu" adı ilə bilinən mononatrium qlutamat kimi maddələr uşaqlarda piylənmə, vaxtından əvvəl cinsi inkişaf və müxtəlif hormonal patologiyalara səbəb olurlar. Uşaqları sağlam qidalandıraq, şəkər, qazlı içkilər, qatqı maddəli paket qidalardan uzaq tutaq. Sağlam olun”.

Qida üzrə baş mütəxəssis Ağa Salamov: “Bu yumurtalardan 66 nəfər uşaq zəhərlənib. Burada da Salmonella bakteriyasından söhbət gedir.

Salmonella bakteriyası toyuqlarda, quşlarda, yəni hin heyvanlarında olur. Bu, quşlar arasında yayılmış bir bakteriyadır. Bu bakteriya həm yumurtadan, həm də onun qabında olur. Sürpriz yumurtalarda bunun olması isə hansısa anti-sanitar vəziyyətdən söhbət getdiyini göstərir. Yaxud da çarpaz çirklənmə nəticəsində həmin o yumurtalar çirklənməyə məruz qalır. Bu da qablaşdırmada olan səhvlərdən irəli gəlir.

Biz bunu hər dəfə deyirik ki, o plastik belə zəhərli, kimyəvi toksinləri qidaya ötürür və bu da gələcəkdə uşaqların azheimer, mədə-bağırsaq xəstəliyinə səbəb olur. Bu da gələcəkdə böyük fəsadlara səbəb ola bilər. Ona görə də valideynlər çalışsınlar ki, uşaqlarını bu yumurtalardan uzaq tutsunlar”.

Dietoloq Leyla Zülfüqarlı: "Ziyanlı qidalar bütün bəşəriyyət, xüsusilə də uşaqlar üçün çox təhlükəlidir. Xarici görünüşü diqqət cəlb edən, əslində isə, tərkibində heç bir faydalı maddə olmayan bir qrup zərərli qidalar var. Bu qidalar arasında sürpriz yumurta şokoladları da xüsusi yer tutur. Uşaqlara şokolad vermək istəyiriksə, daha keyfiyyətlisinə üstlük verməliyik. Bu cür şokoladlar artıq xarici görünüşündən hiss olunur ki, içində bir sıra başqa qatqılar var.

Keyfiyyətsiz şokoladlar açıq-qəhvəyi rəngdə olur, onlarda kakao qoxusu çox az olur və plastinə bənzər maddə kimi görünür. Əsl şokoladlar otaq temperaturunda əriyə bilir.

Şokoladın tərkibi çox önəmlidir. Tərkibindəki süd təbii olmalı, kakao yağı və kakao tozu olmalıdır. Amma "Kinder" kimi şokoladların tərkibində palma yağı, çox az miqdarda kakao tozu olur. Bunları qəbul etdikdə orqanizmdə çöküntü şəklində qalaraq sovrulmaya bilər. Bu da gələcəkdə piylənməyə, mübadilə pozulmasına səbəb ola bilər.

Uşaqlarda da son illərdə bu cür xəstəliklərin artdığı müşahidə olunmağa başlayıb. Uşaqlara yalnız meyvə quruları, çərəzlər, meyvə və tərəvəzlər verilməlidir. Bununla da uşaqlarda doğru qidalara alışqanlıq yaratmış oluruq. Görünüşünə aldanıb hansısa zərərli qidaları uşaqlara vermək olmaz. Qidanın əsas tərkibi önəmlidir. Tərkibini öyrənmək üçün bir az vaxt sərf etmək kifayətdir. Zərərli qidalar bağırsağın mikroflorasını pozur. Sağlam olmayan bağırsaq da bir sıra xəstəliklərə yol açır. Ona görə də uşaqların keyfiyyətli şokoladları qəbul etməsinə diqqət etmək lazımdır. Uşaqlar bizim gələcəyimizdir. Uşaqların sağlam olması, gələcəyimizin də sağlam olmasından xəbər verir".

SİA araşdırma mövzusu ilə bağlı azyaşlı uşaqların valideynlərinin də bu barədə olan fikirlərini öyrənib.

3 yaşlı Piriyev Yusifin valideyni: “Biz valideynləri olaraq oğlumuza bu kimi zərərli qidaları almırıq. Ana olaraq alanları da şiddətlə qınayıram.

Həmçinin qeyd edim ki, mənim bu yumurtaları almamaq üçün əsaslı səbəblərim mövcuddur. Əvvəla oğlumun şirniyyata qarşı allergiyası var. Yəni, məndən savayı həkimi də buna icazə vermir. Yusif özü də belə şeyləri sevmir”.

1 yaşlı Mübariz Əkbərovun valideyni: “Belə qidalardan çox uzağıq. Uşaq hər şey istəyə bilər. Amma valideyn olaraq onu zərərli qidalardan uzaq tutmaq bizim borcumuzdur. Bunların tərkibində xeyli bakteriyalar var ki, bu da uşaqda gələcəkdə böyük problemlərə səbəb ola bilər. Amma bilirəm ki, görsə tez istəyəcək”.

6 yaşlı Mehtap Əyyublunun valideyni: “Sürpriz yumurtalar Mehtapın əvəzolunmazıdır. Belə ki, o, bunu həddindən artıq çox sevir. Düzdür, mən buna qarşıyam. Amma uşaqdır və nə qədər izah etsən də anlamır. Uşaqları belə qidalardan qorumağın maksimum tərəfdarıyam”.

5 yaşlı Lalə Heydanlının valideyni: “Bizim uşaqlar bu yumurtanı çox sevir. Lakin bütün mənbələr deyir ki, zərərlidir. Son dəfə alanda içindən qurd çıxmışdı. Daha sonra isə qorxduq və heç almadıq. Uşaqlara bu cür qidaları vermək çox təhlükəlidir. Lalə ondan yedikdən sonra mədə-bağırsaq sistemində problem yaranır”.

6 yaşlı Əli Orucovun valideyni: “Oğlum lap balaca olanda tez-tez ona sürpriz yumurtalar alırdım. Lakin indi maksimum uzaq tutmağa çalışıram. Əvvəla belə şeylər uşağın dişlərinə çox zərərlidir.

Daha çox sağlam qidalara üstünlük veririk. Həkimimiz də belə məsləhət bilir”.

Ayşən Vəli