Prezidentin uğurlu strategiyasına VƏTƏNDAŞLARIN BAXIŞI - SORĞU

6 Aprel 2022 15:29 (UTC+04:00)

İlham Əliyev 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində seçicilərin 76.8 faiz səsini toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilib. Müasir tariximizə möhtəşəm 19 il kimi yazılan bu dövrdə Azərbaycan misilsiz inkişaf yolu keçib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin layiqli davamçısı olan İlham Əliyev uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycanı dinamik inkişaf yoluna çıxarıb, ölkəmizin beynəlxalq miqyasda mövqelərini daha da möhkəmləndirib. Bəs gəlin görək, şəhər sakinləri Prezidentin fəaliyyətini necə dəyərləndirir? SİA bu mövzu ilə bağlı sorğu keçirib.

Şəhər sakini Səriyyə Əliyeva: "Mən də daxil olmaqla bütün xalqımızın İlham Əliyevin prezidentliyindən razı olduğunu düşünürəm. Cənab Prezident daim xalqımızın rifahı üçün çalışır. İnanıram ki, bu dövr ərzində də bu istəyinə nail olub".

Şəhər sakini Gülhüseyn Kazımov: "İlham Əliyevin prezidentlik dövrünü dəyərləndirdiyimiz vaxt İkinci Qarabağ Müharibəsini yada salmaq kifayətdir. Prezidentin səyi nəticəsində azad olunan torpaqlarda böyük quruculuq işləri gedir. Xalqımız öz doğma yurduna qayıtmaq imkanı əldə edib. İnanıram ki, tək mən deyil, bütün Azərbaycan xalqı İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirir".

Şəhər sakini Sevda Abbasova: "İlham Əliyev bizə Qarabağı geri qaytardı. Onun və şanlı ordumuzun sayəsində Qarabağ adlı qanayan yaramız sağaldı. Bundan ötə heçnə ola bilməz. Necə ki İlham Əliyev bizim yanımızdadır, eləcə də xalq hər zaman Onun dəstəkçisidir".

Şəhər sakini Emil Mahmudov: "Bu 4 ildə uğurlarımız bol olub. İlham Əliyevin başçılığı ilə 30 il düşmən tapdağı altında olan torpaqlarımız nəhayət ki, azad olundu. Qarabağ həsrətimiz bitdi. Eyni zamanda, bu dövr ərzində Azərbaycan xarici siyasətdə də bir çox uğurlar əldə edib".

Şəhər sakini Zemfira Qarabağlı: "Ötən illər ərzində ölkəmizdə bəzi insanlar tərəfindən narazılıqlar, ədalətsizliklər olsa belə, cənab İlham Əliyev öz prezidentlik dövründə Azərbaycanı uğurlu şəkildə idarə etməyi bacarıb. Onun sayəsində biz xalqımızın birliyini gördük. Mən heç bir şübhə duymadan hər zaman İlham Əliyevi dövlətimizin başında görmək istəyirəm. Ümid edirəm ki, son iki-üç ildə xalqımız necə bir yumruq oldusa, o cür də davam edər".

Şəhər sakini Şamil Şamilov: "İlk öncə qeyd etməliyik ki, 44 günlük müharibə bir daha bütün dünyada Azərbaycan dövlətini tanıtdı. Bu hadisədə Prezident İlham Əliyevin müqayisəolunmaz dərəcədə rolu olub. Ali Baş Komandan kimi İlham Əliyevin ordumuzla birgə uğuru xalqımız tərəfindən yüksək səviyyədə qiymətləndirilir. Eyni zamanda, Prezidentin islahatları, sərəncamları dövlətimizin inkişafı üçün böyük əhəmiyyət daşıyır".

Ləman Əlizadə