“Rusiyanın Ukraynaya hərbi müdaxiləsi təcavüz aktı hesab oluna bilər. Təəssüf ki, Rusiya bu addımı Qərbin təhriki ilə həyata keçirdi. Mən hesab edirəm ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi Rusiyanın maraqlarına uyğun deyildi”. Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Anar Əliyev bildirib.
Onun sözlərinə görə, Rusiya tərəfi atılan addımların sanksiyalarla nəticələnəciyini gözləmirdi: “Hesab edilirdi ki, bir neçə gün ərzində Ukrayna kapitulyasiya aktına imza atacaq və Rusiya bir daha Qərb qarşısında özünü sübut etməklə siyasi məqsədlərinə nail olacaqdır. Ötən 41 gün ərzində Rusiya böyük hədəflərə nail ola bilmədi. Son günlər Ukrayna əks hücumlara keçməklə rus ordusuna ciddi itkilər verməkdədir. Rusiya dövləti artıq müharibədən geri çəkilməli və Ukrayna ilə danışıqlara başlamalıdır. Çünki bu prosesdən Ukrayna dövləti və xalqı nə qədər zərər çəkdisə, kifayət qədər də Rusiya dövləti zərər çəkdi. Bundan sonra baş verəcək proseslərdə Rusiya dövləti həm də hərbi itkilərlə üzləşəcək. Ona görə də bu proseslərdən daha az itkilər vermək üçün sülh danışıqlarına başlanılmalıdır. Rusiyanın Ukraynaya müdaxiləsi Avropa da daxil olmaqla hamıya ziyan verir. Lakin buna baxmayaraq Ukrayna və Rusiya əlaqələrinin tənzimlənməsində Türkiyəni istisna etməklə heç bir tərəf səmimi deyil. Hesab edirəm ki, yaxın günlərdə liderlər səviyyəsində iki dövlətin liderlərinin görüşünün keçirilməsi dəstəklənəcəq və böyük ehtimalla atəşkəs əldə olunacaqdır”.