Dünya əhalisinin demək olar ki, hamısının insan sağlamlığını təhdid edən hava ilə nəfəs aldığı açıqlanıb.
SİA-nın əldə etdiyi məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının 7 Aprel Ümumdünya Sağlıq Günü ilə əlaqədar dərc etdiyi hesabatda 117 ölkə və 6 mindən çox şəhərdə havanın keyfiyyəti ilə bağlı məlumatlar əks olunub.
Dünya əhalisinin 99 faizinin ÜST-ün keyfiyyətli hava standartlarından aşağı və insan sağlamlığını təhdid edən hava şəraitində yaşadığı vurğulanıb.
Araşdrıma aparılan bütün ölkə və şəhərlərin havasında orqanizm üçün zərərli nisbətdə incə hissəciklər və azot dioksid olduğu aşkarlanıb və bu elementlərə daha çox orta və aşağı gəlirli ölkələrdə rast gəlindiyi bildirilib.
Havadakı zərərli hissəciklərin miqdarını ölçən PM2.5 və PM10-un nisbətlərinin son 11 ildə təxminən 2000 şəhərdə 6 dəfədən çox artdığı qeyd edilib. Bildirilib ki, bu hissəciklər tənəffüs yolu ilə ağciyərlərə və qan dövranına daxil olaraq iflic və tənəffüs yolu xəstəliklərinə səbəb ola bilir.
Ümumdünya Səhiyyə Təşkilatı Hava Keyfiyyəti Direktivinə uyğun olaraq, ölkələrə
* havanın keyfiyyətini mütəmadi olaraq izləməklə havanı çirkləndirən mənbələri müəyyən etmək,
* yemək bişirmək, istilik və işıqlandırma kimi gündəlik ehtiyaclar üçün ekoloji cəhətdən təmiz enerjidən istifadəni təşviq etmək,
* şəhərlərdə şəxsi maşınları azaltmaq üçün ictimai nəqliyyat vasitələrindən istifadə artırmaq,
* bərpa olunan enerji ilə mənzil işıqlandırma və isitmə siyasətini qəbul etmək,
* yerli tullantıların idarə edilməsi sənayesini gücləndirmək və
* kənd təsərrüfatı tullantılarının yandırılmasını azaltmaq kimi tövsiyələr verilib.
Qarşısı alına bilən ekoloji problemlərə görə hər il dünyada 13 milyondan çox insan ölür.
Beynəlxalq ictimaiyyətə insanların və kainatın sağlamlığını qorumağa çağırış edilən hesabatda ifadələri yer alan ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus enerji istehlakı nəticəsində yaranan hava çirklənməsi ilə bağlı mövcud narahatlıqların ekoloji cəhətdən təmiz enerjiyə ehtiyacın vacibliyindən bəhs edərək deyib: "Yüksək qalıq yanacaq qiymətləri, enerji təhlükəsizliyi və iqlim dəyişikliyi kimi sağlıq problemlərinin həllinin aktuallığı dünyanın qalıq yanacaqlardan daha az asılı olmasına doğru irəliləmənin zəruriliyini vurğulayır."