"Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi"nin rəhbəri Samir Hümbətovun SİA-ya verdiyi müsahibəni təqdim edirik.
- Aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan növbəti dəfə görüşəcəklər. Bu görüşdən öncəki mənzərə belə qənaət yarada bilərmi ki, həmin danışıqlar müsbət nəticə verəcək?
- Cənab Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında baş tutacaq görüş İkinci Qarabağ müharibəsindən sonra keçirilən beşinci görüşdür. Hesab edirəm ki, bu görüş çox əhəmiyyətli görüşdür. Əvvəlki görüşlərdən fərqli olaraq həm Azərbaycan tərəfindən, həm də Ermənistan tərəfindən sülhə doğru mesajlar göndərilir. Xüsusən də Xocalı rayonunun Fərrux kəndi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçəndən sonra Ermənistanın Təhlükəsizlik Şurasında iclas keçirildi. Əldə edilən məlumatalara görə, Nikol Paşinyan Azərbaycanla bağlı təcili sülh danışıqlarına başlamaqla bağlı təkliflər irəli sürüb. Bu təklifləri həmçinin Ermənistanın dövlət başçısı da dəstəkləyib. Digər məsələ isə cənab Prezident İlham Əliyevin keçirdiyi görüşlər zamanı səsləndirdiyi fikirlərdir. Cənab Prezident Ermənistana İkinci Qarabağ müharibəsindən sonrakı mərhələdə belə sülh təklifləri irəli sürüb. Bizim məqsədimiz regionda sülhün və təhlükəsizliyin təmin olunmasıdır. Bir müddət öncə Ermənistan tərəfi Azərbaycana müəyyən şərtlər irəli sürdü. Həmin şərtlərin irəli sürülməsində əsas məqsəd Ermənistanın maraqlarını təmin etmək idi. Təbii ki, Azərbaycanın da özünəməxsus şərtləri var. Bu şərtlərin həyata keçirilməsi üçün müəyyən konsensiya əldə olunmalıdır. Azərbaycan müharibənin qalib tərəfidir. Qarabağ və onun ətraf əraziləri Azərbaycan ərazisi olduğu üçün Ermənistanın əsas işi Azərbaycanın qoyduğu tələbləri yerinə yetirmək və bölgədə sülhün və təhlükəsizliyin əldə olunmasından ibarətdir. Bütün bunların olacağı təqdirdə Azərbaycan ilə Ermənistan arasında qaranlıq qalan məsələlər həll oluna bilər və sülh danışıqlarına gedilə bilər.
- Ancaq Paşinyan hökumətin iclasında fərqli danışmışdı. Bu, blef idi, yoxsa onun siyasi iradəsinin məhsulu idi?
- Təbii ki, Paşinyan öz düşüncəsi ilə hərəkət etsə, Azərbaycana qarşı hər hansı bir blef etmək istəməz. Çünki Paşinyan bu reallığı artıq başa düşüb. Məsələ burasındadır ki, Ermənistan daxilində müəyyən qruplar var. Burada Rusiyadakı bəzi dairələrə bağlı qruplar, Qarabağ klanını təbliğ edən qruplar var. Hətta terror təşkilatının nümayəndələri belə hələ də Ermənistanda fəaliyyət göstərir. Bunların hamısı onu göstərir ki, Ermənistanda hakimiyyətdə birmənalılıq yoxdur. Yəni hakimiyyət təkcə Paşinyanın əlində cəmləşməyib. Çünki İkinci Qarabağ müharibəsindən sonra Paşinyana qarşı Baş Qərargah rəisi də qiyam qaldırmaq istədi, hökumət daxilində də narazılıqlar var idi. Həmçinin müxalifət də baş qaldırmaq istəyirdi. İndiki dövrdə Paşinyan tam şəkildə hakimiyyəti əlinə ala bilməsə də, müəyyən mənada hakimiyyətə nəzarət funksiyasını həyata keçirməyə çalışıb. Amma bununla belə rus sülhməramlılarının fəaliyyət göstərdiyi Qarabağ ərazisində hələ də atəşkəs pozulursa, hələ də Ermənistan tərəfi təxribat törədirsə, bu o deməkdir ki, Paşinyan ölkədə müəyyən şəkildə nəzarəti əlinə almağa çalışsa da, ölkə daxilində bəzi qruplar var ki, onlara nəzarət edə bilmir. Bu zaman artıq proseslər başqa məcraya yönəlir.
- Silahlılar Qarabağdan necə çıxarılmalıdır?
- Paşinyan bu qüvvvələrlə bacara bilmir. Qarabağdan silahlıların çıxarılmasının birinci şərti Rusiya ilə aparılan danışıqlardan asılıdır. Bu silahlıların çıxarılması Rusiyanın öhdəliyindədir. Çünki 10 noyabr 2020-ci il tarixli bəyannamədə də Rusiya bununla bağlı öhdəlik götürüb.
- Qərb sistemində yer alan Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinə dair baxışı Rusiya və ABŞ-ın strateji baxışından müəyyən əlamətlərinə görə, fərqlənir. Bu üç maraq kontekstində onların sülh sazişinə yanaşmasını necə şərh edərdiniz?
- Əlbəttə ki, tərəflər arasında sülhün əldə olunmasına Qərb ölkələri daha çox meyl edir. Təbii ki, onların özünəməxsus səbəbləri var. Rusiya üçün sülhün əldə edilməməsinin əsas səbəbi regonda varlığını qoruyub saxlamaqdır. Qərb ölkələrinin əsas məqsədi Azərbaycanın təbii sərvətlərinin Avropa bazarına çıxarılmasıdır. Bunun üçün də ən önəmli məsələ məhz təhlükəsizliyin tam şəkildə əldə edilməsidir. Eyni zamanda Azərbaycan TANAP və TAP layihələrini həyata keçirir. Biz bu gün bunların bəhrəsini görməkdəyik. Avropa İttifaqı bu səbəbdən bu məsələyə xüsusilə canfəşanlıq göstərir ki, Azərbaycanla əlaqələri gücləndirsin.
- Avropa İttifaqının aktivliyini biz daha çox hansı ilə əlaqələndirməliyik: böyük siyasi ambisiyalarla, yoxsa böyük iqtisadi maraqlarla?
- Avropa İttifaqı daha çox iqtisadi maraqlara köklənir. Bu, təbii ki, enerji resursları ilə bağlıdır. Bildiyimiz kimi Avropanın enerji resurları qıtdır. Avropa enerji resurlarında daha çox idxal siyasətini həyata keçirir. Bu səbəbdən Avropa üçün önəmli olan enerji təhlükısizliyinin təmin olunmasıdır. Bu gün Rusiya ilə yaşanan gərginliklər nəticə etibarilə "Şimal axını 2" layihəsini dayandırdı. "Şimal axını 1" layihəsində də bəzi azalmalar var. Ümumiyyətlə Avropanın indiki vəziyyətdə qaza olan təlabatı təqribən 550-600 milyard kub metr üzərindədir və düşünürəm ki, enerji məsələsi önəmlidir.
Arzu Qurbanzadə