"Rusiya ilə Ukrayna arasındakı müharibədə Ukrayna tərəfinin üstünlük əldə etdiyini, Rusiya ordusunun isə bir-birinin ardınca məğlubiyyətlərə uğrayaraq xeyli texnika və canlı heyət baxımından itkilərə məruz qaldığını söyləmək olar". Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, bunları nəzərə alaraq, Rusiya öz taktikasını dəyişib: "Rusiya Kiyev və Xarkov ətrafından qoşunları çıxararaq Donbas ərazisinə göndərib".
Politoloq sözlərinə davam edərək belə qeyd edib: "Putinin fikri Donbasda qələbə qazanaraq həmin əraziləri birmənalı olaraq Rusiyanın tərkibinə qataraq mayın 9-da həm faşizm, həm də Ukrayna üzərində qələbəni qeyd etməkdir. Rusiya cəbhədə döyüşən ordu komandirlərinə bu barədə tapşırıq verib. Lakin Putinin bu qələbəyə nail olub-olmayacağını söyləmək çox çətindir. Çünki stratejik təşəbbüs Ukraynanın əlindədir. Ukrayna getdikcə rus qoşunlarına daha ciddi zərbə endirir. Bu da Rusiyanın qələbəsi haqqında düşünməyə imkan vermir".
Ləman Əlizadə