"Bildiyimiz kimi 4 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalanıb". Bu sözləri SİA-ya açıqlamasında müvəkkil Hüquq Mərkəzinin sədri, hüquq müdafiəçisi Səməd Vəkilov deyib.
Onun sözlərinə görə, ötən illər ərzində davamlı olaraq məmurların korrupsiya hallarına yol verməsi ilə bağlı faktlar ortaya çıxıb və həmin şəxslər həbs edilib: "Bu məmurlar arasında icra başçılarından tutumuş nazir müavininə qədər müxtəlif miqyaslı şəxslər var idi. Hazırda həmin şəxslər barədə başlanmış cinayət işlərinin bir qrupu başa çatıb bir qrupu isə davam etməkdədir.
Dövlətin vəzifəsini öz şəxsi mənfəəti üçün korrupsiya mənbəyinə çevirən məmurlar həbs edildikcə digər məmurlar ibrət götürmək əvəzinə daha böyük ehtirasla bu cinayəti törədirlər. Görünür ki, bu sahədə ictimai nəzarət artırılmalı və şəfaflıq təmin edilməlidir".
Hüquqşünas sözlərinə davam edərək qeyd edib: "Sözügedən sərəncamın 2.1-ci maddəsində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin icrası barədə hər il dekabrın 30-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına illik hesabat təqdim etsinlər" deyilir. Bu hesabatların cəmiyyətdə müzakirəsi təşkil olunmalı və həmin cinayəti törətmiş şəxslər ictimaiyyətin qınaq obyektinə çevrilməlidir. Sözügedən sərəncam bu sahədə qanunvericilik bazasının möhkəmlənməsinə və bu sahədə aparılan işin davamlılığının təmin olunmasına fayda verəcək".
Ləman Əlizadə