Azərbaycan əsgərinin əli tətikdə olacaq!
Ermənistanda yalnız hakimiyyət dairələrində deyil, eləcə də hakimiyyətə qarşı müxalif olanlar arasında mövcud məğlubiyyət vəziyyəti ilə barışmayanların fəaliyyətləri kimsəyə sirr deyil. Eyni zamanda, erməni hərbi-siyasi isteblişmentinin demək olar ki, 99,9 faizi əllərində imkan olarsa, dərhal Azərbaycana qarşı ərazi iddiaları çərçivəsində növbəti müharibə aparmaq maraqlarının da mövcudluğu qalmağa davam edir. Əgər bu gün Nikol Paşinyan hökuməti başda baş nazirin özü olmaqla xarici işlər naziri, parlament sədri miqyasında, sözdə “sülh sazişi imzalamaq” adı altında “bəyanatlar” səsləndirilirsə, həmin “bəyanatların” hələ də əməli sübutunun, reallığının aşkar tərəfi görünməməkdədir. Əgər belə olsa idi, 2020-ci ilin 10 noyabrında, 2021-ci ilin 11 yanvarında imzalanmış üçtərəfli sənədlərdəki bəndlər, şərtlər dərhal icra olunardı və bu qədər vaxt süni şəkildə uzadılmazdı. Yəni fakt budur ki, dövlət başçımızın da vurğuladığı kimi, Ermənistan hakimiyyətinə etibar etmək, inanmaq doğru seçim deyil. Bu günə qədər istər Rusiya, istərsə də Avropa vasitəçilərinin təşəbbüsləri ilə aparılan danışıqlar, imzalanan bəyanatlar məhz erməni tərəfinin yersiz, əsassız və mənasız cəhdləri ilə nəticəsiz qalır. Bəlkə də Ermənistan rəhbərliyi belə addımları ilə “vaxt udduqlarını” sansalar da, əslində, özlərini nə qədər çıxılmaz dalana doğru sürüklədiklərinin də fərqinə varmırlar. Biz son proseslərdə, xüsusilə, Qarabağ regionunda qalan erməni quldur separatçılarının fəallaşmalarında da həmin halı müşahidə etməkdəyik.
Lakin qeyd olunanlarla yanaşı, Ermənistan müxalifətinin revanşistləri məhz danışıqlar mərhələlərində oyunu öz xeyirlərinə çevirməyə cəhdlər göstərirlər. Məsələn, onlar hakimiyyətə qarşı çıxışlar etməklə daxillərindəki revanşizm hisslərini daha aşkar formada nümayiş etdirməkdədirlər.
Misal üçün, Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Geqam Manukyan deyib ki, Ermənistanda elə vətəndaşlar var ki, onlar yaranmış situasiyaya reaksiya göstərirlər, müəyyən fikirlərini bildirirlər: “Həm də elə insanlar var ki, onlar üçün heç nəyin fərqi yoxdur və onlara elə gəlir ki, bu cür münasibətləri ilə baş verənlərdən kənarda qalacaqlar və təəssüf ki, belələri Ermənistanı daha pis vəziyyətə doğru aparacaqlar”.
Bu minvalla iqtidarın fəaliyyətsizliyinə işarə edən erməni müxalifətçi deputatı bildirir ki, insanlar dünyadakı vəziyyətin daha təhlükəli olduğunu görürlər: “Təsadüfi deyil ki, vətəndaşlar üçün bir nömrəli məsələ təhlükəsizlik məsələsidir. İnsanlar özlərini müdafiəsiz hiss edirlər”, deyən Manukyan fikirlərini müharibədən sonrakı vəziyyətə gətirərək, əslində, hakimiyyəti hədəfə alır. Xüsusilə, ən həssas mövzuya toxunan erməni müxalifətçisi mövzusunu cəbhə xəttində xidmət aparmağa göndərilən əsgərlərin valideynlərinə tərəf çevirir: “Çox kədərli faktı qeyd etmək istərdim. Bir çox valideynlər müharibədən sonra ümid edirdilər ki, onların övladları bundan sonra heç vaxt təhlükəli cəbhələrdə, Qarabağda xidmət aparmayacaqlar, ancaq onlar bu gün görürlər ki, övladları kifayət qədər pis şəraitdə yerləşiblər. Hakimiyyət yalan danışıb”.
Onun sözlərinə görə, Ermənistanın mövcud hakimiyyəti 18 yaşlı gənclərin bundan sonra ön xəttə xidmət aparmamaları ilə bağlı danışarkən vətəndaşları aldadır. Reallıqda isə valideynlər görürlər ki, onların övladlarını həqiqətən də ön cəbhəyə sərhəd qoşunlarına göndərirlər.
Revanşist Geqam Manukyan hesab edir ki, yeni hərbi əməliyyatların başlanması təhlükəsi əvvəlkindən daha çoxdur.
“Qarabağda anlamalıdırlar ki, Ermənistan respublikası, erməni xalqı Qarabağdan imtina etməyiblər. Hakimiyyətin iqtidardan uzaqlaşdırılması bizim gündəmimizdədir”, deyən erməni müxalifətçi deputatı açıq-aşkar işğalçılıq mövqeyində qaldığını sübuta yetirmiş olur. Ona görə də ölkəmizdə də yaxşı bilirlər, nə qədər ki, Ermənistandakı istər hakimiyyət, istərsə də müxalifət cinahlarında revanşistlər varsa, qalırlarsa, Azərbaycan əsgərinin əli tətikdə olacaq!
Rövşən RƏSULOV