Rusiya ordusu xakerlərin qəzəbinə tuş gəlib

5 Aprel 2022 11:13 (UTC+04:00)

Anonim xaker qrupu Ukraynada döyüşən 120 min rus əsgərinin şəxsi məlumatlarını dərc etdiyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu bəyanat Rusiya hökumətinə edilən kiber hücumlarından sonra verilib. Dünən açıqlama verən qrup Rusiya ordusunun məlumatlarını sızdırıb. Sızan məlumatlara onların ad günləri, əsl adları, ev ünvanları və pasport nömrələri daxildir.

Qrupun bəyanatında “Ukraynadakı işğalda iştirak edən bütün əsgərlər müharibə cinayətləri üzrə məhkəmə qarşısına çıxarılmalıdır” deyilib.

Ukrayna lideri Vladimir Zelenskinin Ukraynada soyqırımı olduğunu deməsindən sonra xaker qrupu hərəkətə keçərək rus əsgərlərinin məlumatlarını dərc edib.

Rusiyanın Ukraynanı işğalından günlər sonra qrup tərəfindən Rusiya lideri Putinə müharibə fonunda baş verən hadisələri əks etdirən video və fotoların yer aldığı səsyazısı göndərilib. Videoda spiker deyib ki, “Bu, Anonimin Putinə mesajıdır. Ukraynanın işğalı onu göstərir ki, sizin rejiminiz nə insan haqlarına, nə də qonşunun öz müqəddəratını təyin etmə hüququna hörmət etmir. Qrupun üzvləri sizin aqressiv rejiminizlə kibermüharibə aparmaq qərarına gəliblər. Tezliklə siz dünyada xakerlərin bütün qəzəblərini hiss edəcəksiniz".

Ləman Əlizadə