Korsikaya azadlıq!!! KÖŞƏ

4 Aprel 2022 17:24 (UTC+04:00)

Bu dünya binayi-qədimdən elə qurulub ki, kim kimə hansı qərəzli pisliyi edirsə, gec-tez özünün başına gəlir. Yəni, elimizin dilində deyildiyi kimi, “etmə, bulma” dünyasıdı dünyamız. Çünki yaradan dünyanı haqq və ədalət bazasında yaradıb. Elimizin bir deyimi də var: nə tökərsən aşına, o da çıxar qaşığına!

Neçə illərdi ki, dünyaya haqq-ədalət dərsi keçən Fransanın Azərbaycana qarşı ədalətsiz iddialarını eşidirik. Həm də təkcə iddialarını yox, ədalətsiz siyasi yanaşmasını, parlamentlərinin ədalətsiz qərarlarını da izləyirik. Avropanın ən önəmli ölkələrindən biri olan firəngistan təkcə özü belə siyasət sərgiləməklə kifayətlənməyib, digər Avropa İttifaqı ölkələrini də ölkəmizə qarşı qışqırtmaq üçün dəridən-qabıqdan çıxır. Nə var, nə var, bu ölkədə beş-on dığa prezident seçkilərində babat pul xərcləyir və hər gələn prezident də bu puldan yararlanmaq üçün onların istəkləri ilə “siyasət” yürüdür. Vaxtilə xahiş-minnətini nəzərə alıb Qarabağ probleminin həllində də vasitəçilik etmək istəyini qəbul etdik ki, bəlkə mandatına hörmət edib tərəfsiz qala. Amma haradan? Erməni milyonları olan yerdə mandat-zad nədi? Beləcə, on illərdi ki, Qarabağ probleminin həllində “vasitəçi” olmasına rəğmən tərəf nümayiş etdirən bir ölkənin bu çılğınlıqlarına da səbr etdik. Arada Dərviş Məstəli şah babamızı çağırıb dedik ki, yüz əlli əvvəlki partlayışı unudan bu məmləkət əhlinə gücünü yenə göstərsin. O da gəldi, Əlixa, Vəlixaya da sarı jilet geyindirib saldı ortalığa, amma yenə ağıllanmadı ki, ağıllanmadı firənglər. Yenə kor tutduğunu buraxmadığı kimi, deyirlər ki, yox, Qarabağa müstəqillik verilməlidi (Biz ona dirsəyimizi tuşladıqca, erməni pulu gözlərini necə qamaşdırıbsa, onu da görmək belə istəmirlər). Hələ də anlamırlar ki, nəinki müstəqillik, hər hansı bir status qatarı da çoxdan ötüb gedib. Firəng siyasilər, firənglərin parlamenti nə qədər yüyürsələr də, qatara çata bilməzlər daha. Bir mahnıda deyilənin əksinə firənglərə deyirik ki, dığaları yığın başınıza, bu qatarın dalınca baxın! Baxın ki, onun hansı sürətlə şütüdüyünü görəsiniz, bəlkə onda boş-boş iddialarınızdan vaz keçəsiniz.
Xülasə, keçək sözümüzün canına, yəni mətləbin orta göbəyinə. İndi Fransanın Korsika adasında millət qalxıb ayağa ki, biz firənglərlə birgə yaşamaq istəmirik, ayrı dövlət olmaq istəyirik. Özü də, yazıq korsikalılar, dığalar kimi silahlı dəstə-flan yaradıb firənglərə güllə-zad da atmırlar e... Sivil qaydada, normal iddia irəli sürürlər. Amma bu sivil topluma firənglər güllə atır, tutub zindanlara doldururlar. Niyə? Ona görə ki, Fransa bütöv, unitar (?) dövlətdi, onun beynəlxalq aləmdə tanınmış sərhədləri var, onun ərazi bütövlüyü pozula bilməz və sairə. Lənət şeytana, burda deyirlər öz gözündə tiri görməyən, özgənin gözündə tük axtarır. Ay mən deyən, sənin ərazin, ərazi toxunulmazlığın halaldı, bizimki haram? Bu, hansı kitabda, hansı ədalət qanununda yazılıb ki, bir ölkə ərazi bütövlüyünü silahla, qanla qoruya bilər, amma başqa ölkəyə bu yasaqdır? Mən Korsikanın da, korsikalıların da tarixini bilmirəm, heç bilməkdə elə maraqlı da deyiləm. Bildiyim təkcə odur ki, Fransa tarix boyu imperialist dövlət olub, harda bir gücsüz, fağır xalq tapıbsa, dərhal başının üstünü alıb, onları müstəmləkəsinə çevirib, var-dövlətlərini əllərindən alıb daşıyıb firəngistana. Yəni, yetim-yesirin malı hesabına gəlib olub indiki varlı, dövlətli ölkə. Əminəm ki, əsrlər boyu korsikalılara da eyni yanaşma olub və artıq zavallılar buna dözmək istəmirlər, öz məmləkətlərinin sahibi olmaq, qazandıqlarını da özlərinə xərcləmək istəyirlər. Amma hardan? Dünyaya ədalət moizəsi oxuyan firənglər deyir ki, yox, elə siz qazanıb bizimlə bölməlisiniz. İndi kiçik bir müqayisə aparaq. Ermənilərin Qafqaza gəlişinin cəmi bir neçə yüz il tarixi var. Konkret Qarabağda isə tarixin heç bir dönəmində erməni yaşamayıb, yalnız XIX əsrdə, Çar Rusiyasının imperialist siyasətinin tərkib hissəsi olaraq burda ermənilərin sayını artırmaq məqsədilə İrandan, Türkiyədən köçürüb gətiriblər Qarabağa (təbii ki, həm də Göyçəyə, İrəvana, Zəngəzura). Ötən əsrin əvvəllərində çığır-bağır saldılar ki, bizim də dövlətimiz olsun, firənglərin və firəngkimilərin təzyiqi ilə onlara ərazi verdik, indi Ermənistan adlanan layihələrini gerçəkləşdirdilər. Nədi, dişlərində şirə qalıb? (Elə bil torpaq ehsanı paylayırıq!) Min illər boyu Azərbaycan türklərinin yaşadıqları böyük bir ərazidə, humanistlik edib onlara dövlət qurmaq üçün ərazi verdik. Amma belə davam eləsə onu geri tələb edəcəyik, çünki ərazi verilərkən razılaşdırılmış şərtləri məhz haylar pozublar və pozmaqda da davam edirlər. Amma korsikalılar min illərdi yaşayırlar bu adada. Olmazmı ki, bizə “ağıl” vermək istəyən firənglər özləri bir az “ağıl” nümayiş etdirib, Korsikaya müstəqillik versinlər? O zaman firənglərin bizə olan münasibətini nəzərə alıb bizim də onlara iddia irəli sürməyə niyə haqqımız olmasın? İddiamız da dəqiq və konkretdir: KORSİKAYA AZADLIQ!

Təhmasib Novruzov