Şri-Lankada 26 nazir istefa məktubunu baş nazir Rajapaksa göndərib. Təhsil naziri Dineş Qunavardena, baş nazirin yeni kabineti formalaşdıra bilməsi üçün istefa verdiklərini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, baş nazirin oğlu Namal Rajapaksa istefa verən nazirlər arasındadır.
Lakin kabinetin istefası komendant saatlarına baxmayaraq, davam edən etirazları dayandıra bilməyib.
1948-ci ildə müstəqilliyini qazanan Şri-Lanka tarixinin ən ağır iqtisadi böhranını yaşayır. Ölkədə ərzaq, neft, dərman və digər ilkin tələbat mallarının təminatında ciddi problemlər yaşanır, elektrik enerjisinin gündəlik kəsilməsi də baş verir.
Baş nazirin qardaşı prezident Qotabaya Rajapaksa, etirazlar paytaxt Kolombodakı evinə yaxınlaşdıqdan sonra aprelin 1-i cümə günü ölkədə fövqəladə vəziyyət elan edib. Komendant saatı bazar ertəsi səhərə qədər qüvvədə olacaq. Bununla belə, həftəsonu bəzi şəhərlərdə kiçik etirazlar davam edib.
Ləman Əlizadə