3 aprel saat 03:00 radələrində Bakı şəhəri Səbail rayonu Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə partlayış baş verib. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinə imkan verilməyərək qısa müddətdə söndürülüb. Hazırda cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunmaqla zəruri istintaq tədbirləri davam etdirilir.
SİA baş vermiş partlayışla bağlı şəhər sakinləri arasında sorğu keçirib.
Şəhər sakini Natiq Abdullayev: "Ümumiyyətlə, insanlar qanunla yaşadığı müddətcə ölkə də inkişaf edir. Elə fəaliyyətlər var ki, yaxşı nəticələnmir və bununla da cəmiyyət zərər çəkir. Bu cür obyektlərdə də elə bir şərait yaradılır ki, bu hallara imkan yaranır. Xüsusilə də bu hadisənin müqəddəs aya təsadüf etməsi bəlkə də bizim üçün bir işarədir".
Şəhər sakini Firuzə Razikova: "Baş verən hadisədən xəbərdaram. Doğrusu, mən Avropada yaşamış biri olaraq gecə klublarının fəaliyyətinə pis baxmıram. Lakin orucluq ayında belə obyektlərin işləməyi düzgün deyil, biz müsəlman millətik".

Şəhər sakini Maarif Soltanov: "Hadisəni təfərrüatları ilə bilmirəm. Amma əgər müəyyən təhlükəsizlik nəzərə alınsa idi, belə bir hadisə baş verməyə də bilərdi. İndi elə bir yaşdayam ki, gənclərin gecənin bir yarısı belə obyektlərdə vaxt keçirməyinə yaxşı baxa bilmirəm".
Şəhər sakini Nərgiz Daşdəmirova: "Partlayış nəticəsində yaralanan cavanlar var. Vəzifəsindən, kimliyindən asılı olmayaraq hər biri xalqımızın nümayəndəsidir. Amma mən belə obyektlərin fəaliyyətinə qarşıyam. Heç birinə etibar etmək olmur. Bir səhlənkarlıq nəticəsində bu qədər insanın həyatı təhlükə altına düşüb".

Şəhər sakini Rövşən Babayev: "İlk öncə, Allah xəsarət alananlara kömək olsun. Düşünürəm ki, hadisənin Ramazan ayında baş verməyi bir şey ifadə etmir. Hər kəsin bir inancı, həyat tərzi, bir dünyagörüşü var. Bu hadisəni nə dinə, nə də başqa bir şeyə bağlamaq olar. Sadəcə insanın təhlükəsizliyini qorumaq üçün daha diqqətli olmaq lazımdır. Çünki bundan hər kəs zərər çəkir".

Şəhər sakini Elnarə Nağıyeva: "Təbii ki, bu hadisənin baş verməsi xalqımız üçün xoş olmayan bir şeydir. Kaş ki, yaşanmazdı, amma bu da bir dərs olsun. Bir səhv nəticəsində həm hadisə yerində olan, həm də ziyan dəymiş obyektlərin sahibi olan insanlar zərər çəkib.
Şəhər sakini Rasim Hüseynov: "Ümumilikdə belə obyektlərin fəaliyyəti müsəlmançılığa zidd olan bir şeydir. Belə halların qarşısı alınsa çox gözəl olar. Başqa şeyləri bacarmırıqsa da, öz dürüstlüyümüzü, sağlamlığımızı qorumağı bacarmalıyıq".
Ləman Əlizadə