Biz keçən ili dahi şairimizin sədaları altında keçirdik - Anar Kərimov

4 Aprel 2022 15:39 (UTC+04:00)

“Bildiyimiz kimi ötən il cənab Prezident tərəfindən “Nizami Gəncəvi ili” elan edilmişdi. Bu il çərçivəsində müxtəlif tədbirlər keçirilib. Mədəniyyət Nazirliyi olaraq biz də bir çox layihələrə və tədbirlərə imza atdıq”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı Mədəniyyət naziri Anar Kərimov bildirib.

Onun sözlərinə görə, keçən il ən çox yadda qalan isə Beynəlxalq Kitab Sərgisinin keçirilməsi oldu: “Bundan əlavə “İşıq” festivalı və müxtəlif tədbirlər də həyata keçirilib. Bütün bunlar onu göstərir ki, biz keçən ili dahi şairimizin sədaları altında keçirdik. Eyni zamanda hər kəsə məlumdur ki, Nizami Gəncəvi ilə bağlı bir çox iddialar var. Lakin mən qeyd etmək istəyirəm ki, Nizami Gəncəvi irsini kim qoruyub saxlaya bilirsə, həmin irs də o ölkəyə aiddir. Bizim keçirdiyimiz bütün tədbirlər də göstərir ki, heç bir xalq bizim kimi Nizami irsini qoruyub, ona dəyər vermir.

Bu tədbirlərin davamı olaraq da keçən il “Nizami Gəncəviyə məktub” layihəsinə start verildi. Çox sevinirik ki, burada 19 ölkə olmaqla 288 esse qəbulu oldu. Ən sevindirici hal isə müsabiqənin qalibinin qardaş Türkiyənin nümayəndəsi olmasıdır”.

Səbinə Hüseynli