Rusiya ilə kifayət qədər sıx əlaqələrimiz var - ŞƏRH EDİLDİ

4 Aprel 2022 15:25 (UTC+04:00)

“Bu il Azərbaycanın Rusiya ilə diplomatik əlaqələrin qurulmasının 30 illiyidir. Bunu yubiley də adlandırmaq olar. Rusiya Azərbaycanla strateji müttəfiqdir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Rüfət Quliyev deyib.

Onun sözlərinə görə, Rusiya ilə bizim çox sıx siyasi-iqtisadi əlaqələrimiz var: “Əvvəla taxılın 20-25 faizi, ikincisi uşaq yeməklərindən tutmuş qida məhsullarına qədər Rusiyadan bizə idxal olunur.

Qeyri-neft sahibkarların, həmçinin kənd təsərrüfatı qida məhsullarımız Rusiyaya idxal olunur. Azərbaycan kənd təsərrüfatında istifadə olunan gübrələrin 30 faizi Rusiyadan gəlir”.

Deputat sözlərinə belə davam edib: “Rusiyada 2 milyon yarımdan çox etnik azərbaycanlı yaşayır. Onların bir qismi Azərbaycan vətəndaşı olaraq orada sahibkar kimi fəaliyyət göstərir. Pandemiyadan əvvəl insanlar təxminən 1.5 milyard dollar Rusiyadan Azərbaycana, yəni öz qohum-əqrabalarına pul göndəriblər. Bu rəsmi rəqəmdir. Bizim kifayət qədər sıx əlaqələrimiz var. Rusiya da Qarabağa kapital, investisiya qoymağa çox maraqlıdır. Biz çox böyük layihələrdə də onlarla birlikdə çalışırıq”.

Ayşən Vəli