Armenianreport: “Paşinyan iki od arasında qalıb: “Qərb tərəfindən məyusluq”, ya da Moskva tərəfindən “sanksiyalar”
Gözlənilən Brüssel görüşü ilə bağlı Ermənistanın siyasi-ictimai rəyinin, habelə, mətbuatının nə barədə yazdıqları maraqdoğurucudur. Daha dəqiq desək, bu gün Rusiya-Qərb qarşıdurmasında iki qütbə parçalanmış ermənilərin bir tərəfdən Qərbdən, digər tərəfdən isə Rusiyada ala biləcəkləri zərbələrdən nə qədər ehtiyat etmələri göz önündədir.
SİA xəbər verir ki, bununla bağlı Ermənistanın Armenianreport analitik saytı məqalə ilə çıxış edib və “bir addım, sağa və sola güllələnmədir” prinsipinin mövcudluğunu yazıb. Beləliklə, həmin məqalədəki bəzi diqqətçəkici məqamları qeyd etmək yerinə düşərdi. SİTAT: “Bir addım sağa, bir addım sola güllələnmədir. Bizim ölkəni tamhüquqlu müttəfiq kimi deyil, quberniya kimi görən Rusiya Ermənistana münasibətdə uzun illərdir ki, məhz bu cür siyasət yürüdür. Özü də mütləq deyil ki, Moskva müvafiq siyasəti birbaşa aparsın, məsələn qəzəbli çağırışlar, ya da birbaşa telefon danışıqları ilə. Xeyr, bunun üçün onun Ermənistanda çoxsaylı quyruqbulayanları və nökərləri var ki, onlar özlərinin Kreml kuratorları tərəfindən verilən istənilən əmri icra etməyə hazırdırlar”.
Kreml Brüssel görüşü ərəfəsində Koçaryan-Sarqsyan-Daşnaksyutun üçlüyünə “fas” komandası verib?
Armenianreport buna misal olaraq İrəvanın Azadlıq meydanında aprelin 5-nə təyin edilmiş mitinqi göstərir. “Ermənistan və “Artsax” uğrunda” adlı sərsəm şüarla keçirilməsi planlaşdırılan mitinqi isə məhz eks-prezident Robert Koçaryanın sahibi olduğu “Ermənistan” parlament fraksiyası, eləcə də digər eks-prezident Serj Sarqsyanın sahibi olduğu “Şərəfim var” parlament fraksiyası tərəfindən təşkil edildiyi bildirilir. Adıçəkilən erməni media orqanı parlamentin müxalifətçi “Daşnaksutyun” partiyasının vitse-spikeri İşxan Saqatelyanın fikirlərini də əlavə edib.

“Bu hakimiyyət bizim ölkənin təhlükəsizliyini təşkil etmək vəziyyətində deyil. Biz qərara gəldik ki, “Artsaxın” və Ermənistan respublikasının müdafiəsi üçün müzakirələr aparaq və bunun üçün lazımlı addımlarımızı ataq”, deyə daşnakların nümayəndəsi bildirib.
Bu əsasdan çıxış edən erməni saytı iddia edir ki, məhz Brüssel görüşü ərəfəsində Rusiya öz adamlarına aprelin 5-də hakimiyyət əleyhinə yönəlmiş mitinq keçirməyi tapşırıb.

SİTAT: “Məsələ ondadır ki, aprelin 6-da Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin keçirəcəkləri görüş bir çoxları üçün gözlənilməz oldu. Artıq Paşinyan Azərbaycan Prezidenti ilə sülh danışıqlarının başladılması üçün razılaşmalar aparmaq niyyətində olduğu barədə bəyanat da səsləndirib. Yəni a Qərbin Bakı ilə İrəvan arasındakı barışıq təşəbbüsünü ələ keçirməsi mümkünlüyü Moskvanı və onun əlaltılarını qorxudub”.
Birinci Brüssel görüşü Kremli niyə qıcıqlandırmışdı?
Həmçinin qeyd olunur ki, məlum olduğu kimi, ATƏT-in Minsk qrupunun faktiki ölümündən sonra məhz Moskva bütün təşəbbüsləri öz əlində cəmləşdirdiyini sanır, həmçinin hər iki tərəfə təsir etmək rıçaqlarını qazanır. Lakin birdən-birə Avropa Şurası ortaya çıxır və yenidən, artıq ikinci dəfə Əliyevlə Paşinyanı Brüsseldə substantiv danışıqlar aparmağa dəvət edir. SİTAT: “Birinci danışıqlar ötən ilin dekabrında keçirilmişdi və bu, Moskvanın elə də xoşuna gəlməmişdi...”
Bundan sonra Putinin Ermənistandakı beşinci kolonuna, yəni sabiq prezidentlərin komandalarına “fas” əmrini verdiyi bildirilir və Paşinyana təzyiq etmək üçün Brüssel görüşü öncəsində ölkədə neqativ situasiyaların yaradılmasına çalışdığı bildirilir, həmçinin son günlərdə mövzu ilə bağlı iki dəfə Paşinyanla telefon danışığı keçirdiyi xatırlanır.

“Görünür, o (Putin) ümumiyyətlə görüşə getməməyi tələb edib, ya da Moskva ilə razılaşdırılmamış hər hansı sənədə imza atılmamasını tələb edib”, deyə yazan erməni saytının əlavə etdiyinə görə, bu kontekstdə Paşinyan bir neçə həftə əvvəl bəyan etmişdi ki, aprelin 9-da Moskvaya rəsmi səfərə gedəcək, lakin həmin görüş məlum olmayan səbəblərə görə təxirə salındı.
Paşinyanın aprelin 9-na planlaşdırdığı rəsmi Rusiya səfəri niyə təxirə salındı?
Daha bir ilginc erməni iddiasına diqqət yetirək. SİTAT: “Məlumdur ki, əgər Paşinyan Moskvaya getsəydi, onda Putin orada Paşinyandan Əliyev-Ərdoğan tandeminə müəyyən güzəştlərin edilməsini tələb kimi ortaya qoyacaqdı. Lakin bu məsələ Kreml və Rusiya xüsusi orqanları tərəfindən qidalandırılan müxalifəti bir az da olsa narahat etmədi...”
“Əlbəttə, Paşinyan Moskvanın eyhamlarını və narahatlıqlarını anlayıb. Və əvvəldən də bildirib ki, o Azərbaycan Prezidenti ilə sülh danışıqlarının başladılması üçün razılaşmalara gedəcəyi qərarındadır. Buna baxmayaraq, baş nazir ağır situasiyaya düşüb”, yazan Armenianreport əlavə edir ki, əgər Paşinyan Brüsseldə Moskvaya görə qərarını dəyişsə bu zaman Qərbi məyus edəcək, belə ki, son vaxtlar Qərb də Ermənistan dövləti ilə soyuq münasibətlər nümayiş etdirir. Buna misal kimi, ABŞ-ın Ermənistana ayırdığı maliyyə yardımı həcmini azaldılması, Qarabağ separatçılarına isə, ümumiyyətlə, maliyyənin ayrılmaması göstərilir. SİTAT: “Əgər Qərb Əliyevlə Paşinyan arasında mühüm sənədlərin imzalanmasına nail olacaqsa, onda Moskvanın sanksiyaları özünü çox gözlətməyəcək. Və biz Rusiyanın İrəvandan necə narazı qalmasının nəticələrindən xəbərdarıq...”

Erməni saytı əks halda Qarabağda gərginliyin artması, hərbçilərinin öldürülməsi, “Artsax ərazilərinin itirilməsi” məsələsini proqnozlaşdırır və sonda sual edir – bəs Paşinyan Brüsseldə nəyi seçəcək?
Yəqin ki, elə bu sualı verən Armenianreort onu yalnız Paşinyana deyil, elə bütünlükdə özünə və erməni ictimaiyyətinə ünvanlamalıdır. Çünki erməni xalqının özü öz gələcəyini, müqəddəratını həll etməlidir – güclü Azərbaycan isə əlbəttə ki, hələ tükənməyə başlayan səbrini basaraq gözləyir və bunu çox yəqin ki, Armenianreport saytının analitikləri də yaxşı bilirlər. Ona görə də öz suallarına cavabı da özləri tapmalıdırlar...
Rövşən RƏSULOV
P.S. Yəqin ki, elə bu sualı verən Armenianreort onu yalnız Paşinyana deyil, elə bütünlükdə özünə və erməni ictimaiyyətinə ünvanlamalıdır. Çünki erməni xalqının özü öz gələcəyini, müqəddəratını həll etməlidir – güclü Azərbaycan isə əlbəttə ki, hələ tükənməyə başlayan səbrini basaraq gözləyir və bunu çox yəqin ki, Armenianreport saytının analitikləri də yaxşı bilirlər. Ona görə də öz suallarına cavabı da özləri tapmalıdırlar...