"Bu gün hər bir Azərbaycan vətəndaşı haqqlı olaraq öz prezidenti ilə fəxr edir, qürur duyur. Çünki, Prezident İlham Əliyev hakimiyyəti illərində Azərbaycanı inkişaf etdirib, gücləndirib, dünya miqyasında qüdrətli ölkəyə çevirib". Bu fikirləri SİA-ya açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.
Onun sözlərinə görə, xüsusilə son 4 ilə nəzər salsaq görərik ki, İlham Əliyev güclü iqtisadiyyat qurub, neft gəlirlərini insan kapitalına yönəldib, güclü ordu yaradıb və sonunda xalqımıza tarixi Qarabağ Zəfəri qazandırıb: "Bütün bu müstəsna xidmətlərinə görə biz Müzəffər Ali Baş Komandanımıza minnətdarıq.
İlham Əliyev bütün fəaliyyəti boyu bir amal uğrunda çalışıb, həyatını xalqına, dövlətinə həsr edib. İlham Əliyev Azərbaycanın milli maraqlarını şərəflə qoruyub. Onun siyasətinin mərkəzində həmişə Azərbaycan xalqının rifahı, xoşbəxt gələcəyi dayanıb.
Bu gün Azərbaycan nəinki bölgəmizdə, hətta dünyada söz sahibidir. Ölkəmiz etibarlı və güvənli tərəfdaş kimi dünya miqyasında özünəməxsus çəkiyə malikdir. Son illər Azərbaycan Avropanın əvəzedilməz enerji təminatçısına çevrilib. Bölgənin ən nəhəng layihələrinin müəllifi Azərbaycandır. Bütün bu uğurların müəllifi heç şübhəsiz ki, Prezident İlham Əliyevdir.
İlham Əliyev hakimiyyəti illərində həm də vətənpərvər gənc nəsil yetişdirib. Bu illər ərzində böyüyən, milli mənəvi dəyərlər ruhunda formalaşan gənc nəsil Qarabağ uğrunda qəhrəmanlıqla döyüşdü, inanılmaz şücaətlər göstərdi. İlham Əliyevin yetişdirdiyi bu gənc nəsil xalqımızın, dövlətimizin başını uca etdi.
Bu gün Azərbaycan tarixdə heç vaxt olmadığı kimi güclü və qüdrətlidir. Biz dünyanın ən qürurlu xalqına çevrilmişik, alnımız açıq, başımız uca gəzirik. 30 il işğalda saxlanan torpaqlarımızı cəmi 44 günə azad etmişik, misli bərabəri olmayan qələbə qazanmışıq. Biz bu uğurları İlham Əliyevin yaratdığı milli birliyin, dəmir yumruğun, inamın hesabına bacarmışıq. Bütün bu xidmətləri onu Azərbaycan xalqının gözündə ən uca edib, xalqın ürəyində əbədi liderə çevirib".