Brüsseldə İlham Əliyev faktoru: ya “hə”, ya “yox” – seçim Nikol Paşinyanındır! SİYASİ RAKURS+AKTUAL

4 Aprel 2022 08:39 (UTC+04:00)

Paşinyan bir müddət əvvəl erməni silahlılarının Qarabağdan çıxarılmasının regionun ermənilər tərəfindən itirilməsi kimi qiymətləndirməsi suallar doğurur

Məlum olduğu kimi, Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin görüşü keçiriləcək. Düzdür, görüşlə bağlı bir sıra ekspertlərin proqnozları optimizm üzərində qurula bilər, lakin Nikol Paşinyanın və hökumət səlahiyyətlilərinin “Ermənistan Azərbaycanın təklif etdiyi sülh sazişini imzalamağa hazırdır” fikirlərinə rəğmən, erməni baş nazirinin digər tərəfdən hökumətinin keçirildiyi iclasında ənənəvi ampluadan çıxış etməsi digər istiqamətdə də düşünməyə vadar edir. Ən əsası isə, Paşinyan 10 noyabr 2022-ci ildə imzalanmış üçtərəfli bəyanatın 4-cü bəndinin icrası – Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxarılması ilə bağlı fikirlərində yenidən nala-mıxa döyəcləyib, iddia edib ki, guya Qarabağ regionunda Ermənistana aid silahlı qüvvələr mövcud deyil və s. Belə olan halda isə Paşinyanın Brüssel görüşündə vəziyyəti öz “xeyrinə” dəyişməyə cəhd etməsi proqnozlarını doğruldur.

Nikol Paşinyan gözlənilən danışıqlarda qanunsuz silahlıları “mülki ermənilər” kimi təqdim etməyə çalışacaq

O da sirr deyil ki, Paşinyan bir müddət əvvəl erməni silahlılarının Qarabağdan çıxarılmasını regionun ermənilər tərəfindən itirilməsi kimi qiymətləndirib. Yəni o, bununla eyham vurub ki, erməni silahlıları orada qalmaq niyyətindədirlər.

Bu zaman belə hesab etmək olar ki, hətta Ermənistan silahlı qüvvələri orada olmasa belə, separatçı rejimin qalması, habelə Ermənistandan Laçın dəhlizi vasitəsi ilə Qarabağa sızan mülki geyimli hərbçilər orada qanunsuz hərbi birləşmələrin - terrorçu qrupların üzvlərinə çevrilirlər. İkibaşlı oyun qurmağa cəhd edən Nikol Paşinyan məhz gözlənilən danışıqlarda qanunsuz silahlıları “mülki ermənilər” kimi təqdim etməyə çalışacaq. Amma onun bundan sonra Azərbaycan lideri qarşısında hər hansı “şərtlər” irəli sürərək istədiyinə nail olacağını da düşünmək sadəlöhvlük olardı.

Bakı dəfələrlə İrəvana və beynəlxalq dairələrə çatdırıb ki, onlarla hər hansı bir status haqqında danışmaq, razılaşmaq mümkün deyil və olmayacaq!

Artıq Azərbaycan özünün beş mühüm şərtlərini irəli sürüb. Eyni zamanda, bu günə qədər əldə edilən razılaşmaların icra edilməsi məsələləri də çox yəqin ki, danışıqlar masasında olacaq. Bakı İrəvanın 2020-ci ilin 10 noyabr, 2021-ci ilin 11 yanvar razılaşmalarına əməl etmədiyini çoxsaylı faktlarla, dəlillərlə ortaya qoyacaq və həmin faktlar əsasında Paşinyanın dalana sıxışdırılması, nəhayət, birdəfəlik sülhə məcbur edilməsi amilləri də reallaşdırıla bilər. Əks halda, Qarabağdakı qanunsuz erməni silahlı formalaşmaların, habelə, Ermənistanın nəyə uğrayacaqlarını bəri başdan təsəvvürümüzdə canlandıra bilərik...

Belə bir iddialar da var ki, görüşün Brüsseldə keçirilməsindən cürətlənən erməni tərəfi, yəni Qərbin uşağı hesab edilən Nikol Paşinyan, eləcə də hökumət rəsmiləri prosesi uzatmaqdan ötrü Qarabağ ermənilərinin “mədəni müxtariyyət” adlı “status” istəklərini də irəli sürə bilərlər. Ancaq buna baxmayaraq, Bakı dəfələrlə İrəvana və beynəlxalq dairələrə çatdırıb ki, onlarla hər hansı bir status haqqında danışmaq, razılaşmaq mümkün deyil və olmayacaq. Azərbaycan Ermənistandan fərqli olaraq tolerant və multikultural ölkədir və burada yaşayan bütün xalqlar, millətlər Azərbaycan vətəndaşları olaraq qanunun tövsiv etdiyi bütün demokratik, şəffaf, azadlıq və s. imkanlarından yararlanırlar. Yəni ermənilərin etnik azlıq olaraq digər xalqlardan və millətlərdən heç bir üstün cəhətləri ola bilməz!

Rövşən RƏSULOV