
Dünyada dörd minə yaxın xalq olduğu halda, cəmi iki yüzdən bir qədər artıq dövlət mövcuddur və bu o deməkdir ki, heç də hər bir xalq dövlət qura bilməyib, heç də bütün xalqların dövləti yoxdur, əks halda, ən azından dünyada elə dörd minə yaxın dövlət olardı. Məhz Azərbaycan xalqı həmin o xoşbəxt xalqlardandır ki, onun dövləti, özü də müstəqil bir dövləti mövcuddur və biz azərbaycanlıların buna görə qürur duymağa haqqı var.
Heç də bütün dövlətlər müstəqil deyillər və dövlətlərin müstəqil olmaları üçün xüsusi şərtlər vardır, hansıki bu şərtlər olmadan müstəqillikdən də danışmağa dəyməz. Əgər bir dövlət öz qərarlarını özü verə bilmirsə, hansısa super dövlət tərəfindən idarə olunursa, həmin dövlətin müstəqilliyindən danışmağa dəyməz. Daha doğrusu, dövlət sərhəddi, ərazi bütövlüyü, özünəməxsus konstitusiyası, digər dövlət atributları da olsa belə suveren olmayan dövlət müstəqil ola bilməz və bu dövlət müstəqil dövlət hesab edilmir. Ermənistan kimi bir dövlətin timsalında, əgər dövlət sərhədləri başqa bir dövlətin hərbi sistemi, hərbçiləri tərəfindən qorunursa, dövlət daxilində qərarlar başqa bir dövlətin, onun rəhbərlərinin diqtəsi ilə verilirsə, hansısa ölkənin nümayəndələri dövlətin iqtisadi gəlir gətirən sahələrinə rəhbərlik edirsə, bu dövlət suveren, müstəqil dövlət hesab olunmur. Belə dövlətlərin dövlətçilik tarixində də elə hər zaman asılı şəkildə mövcudluq müşahidə edilib və bu gün də həmin ənənəni davam etdirirlər və şəxsən Ermənistan buna nümunə sayılır. Bu dövlət hər zaman xarici dövlətlərin təsiri, himayəsi və diqtəsi altında mövcud olub, hətta mövcudluğunu belə bu şəkildə qoruya bilib və bu gün də bu şəkildə davam edir, hadisələrin gedişi təsdiq edir ki, bundan sonra da belə davam edəcəyi təkzib edilə bilməz.
Ölkəmizin şərəfli, müstəqil dövlətçilik ənənələrinin tarixi kökləri var və bu ənənələr qədimdən belə mövcuddur. Tarixi Azərbaycan ərazilərində dövlət atributları hər zaman olub, qorunub və nəsildən-nəsilə ötürülüb. Vahid, müstəqil Azərbaycan dövlətinin qurulması istiqamətində hər zaman mücadilə edilib və bu da tariximizin səhifələrində qızıl hərflərlə qeyd edilib. Nəhayət, öz müstəqil dövlətini 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti adı altında yaradan Azərbaycan bütövlükdə Şərqdə ilk demokratik dövlət olaraq tarixə yazıldı və bu gün varlığı ilə qürur duyduğumuz müstəqil dövlətimiz Şərqin həmin o ilk demokratik dövlətinin varisi sayılır. Doğrudur, Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğu uzun zaman davam etmədi və cəmi 23 aydan sonra bolşeviklər, Sovet imleriyası buna vəhşiliklə son qoydu. Düz 70 ilə yaxın bir müddət ərzində müstəqilliyin bərpasına mane olundu və bu barədə düşünənlər belə dərhal qətlə yetirildi, bir sözlə, belə bir fikrin yaranmasına belə qəti şəkildə imkan verilmədi. Onu da diqqətə çatdıraq ki, bu 70 il ərzində hər necə maneçilik törətsələr belə milli ruhumuzu məhv edə, müstəqil dövlət qurmaq əzmimizi qıra bilmədilər və ötən əsrin sonlarında Azərbaycan xalqı öz müstəqilliyini bərpa etdi. Özü də müstəqilliyimizin bərpası vətəndaşlarımızın qanı, canı bahasına əldə edildi. Sovet imperiyasının “20 yanvar” kimi bir faciəyə imza atması, azərbaycanlılara qarşı hərbi kontingentini yeritməsi, paytaxt Bakıda vətəndaşlarımızın qanını su yerinə axıtması, əliyalın insanlarımızın üzərinə zirehli texnikalarla gəlməsi müstəqil dövlət qurmaq niyyətimizin qarşısını ala bilmədi və xalqımız öz müstəqilliyini bərpa edə bildi. Artıq hər il 18 oktyabr tarixini Müstəqilliyimizin Bərpası Günü kimi qeyd edirik və bu milli identifikasiyanın, özünüdərkin vacib elementlərindəndir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatının sədri olması isə ondan xəbər verir ki, artıq dövlətçilik ənənələri formalaşmış Azərbaycan istər bölgədə, istər qitədə, istərsə də bütün dünyada geosiyasi və geoiqtisadi reallıqlar yaradan ölkədir və dövlətimiz artıq hər bir mənada çox güclüdür.
Azərbaycanın güclü dövlət olduğunu bütün dünya gördu və 30 ilə, əsrin üçdə birinə yaxın müddət ərzində ermənilər tərəfindən istehkamlar qurularaq işğal altında saxlanılan torpaqlarını cəmi 44 gün ərzində işğaldan azad etməklə ölkəmiz hansı gücə, hansı qüdrətə sahib olduğunu bütün dünyaya nümayiş etdirdi. BMT kimi mötəbər bir qurumun dörd qətnaməsini hesaba almayan Ermənistan tərəfimizdən kapitulyasiyaya məcbur etdirildi və Ali Baş Komandanın rəhbərliyi, siyasi iradəsi, müdrikliyi, Azərbaycan Ordusunun şücaəti, qəhrəmanlığı, xalqımızın birliyi, həmrəyliyi ilə tarixi ədalət bərpa edildi, eləcə də BMT-nin qətnaməsinin də kağız üzərində qalmaması Azərbaycanın sayəsində mümkün oldu. Az qala 30 ilə yaxın müddət ərzində beynəlxalq təşkilatların məsələni həll edəcəyini səbr və təmkinlə gözləyən Azərbaycan, ermənilərin sonuncu təxribatlarına cavab olaraq əks əməliyyata başladı və qısa müddət ərzində öz haqq və hüquqlarını, ərazi bütövlüyünü təmin etdi, ermənilərin yatadığı mifləri darmadağın etdi, qondarma qurumun mövcudluğunun yalan olduğunu sübut etdi və bölgədə yeni reallıqlar yaratdı. Bütün bunlar müasir Azərbaycan dövləti barədə bütün dünyada çox müsbət təsəvvürlər yaratdı və sözsüz ki, bu məsələdə Ali Baş Komandanın, cənab Prezident İlham Əliyevin misilsiz xidmətləri danılmazdır. Şəxsən ölkə rəhbərinin müdrik siyasəti sayəsində artıq dünyaya qürurla təqdim olunan müasir Azərbaycan dövləti var. İndi bu dövlət məhz qürurla onu da bütün dünyaya nümayiş etdirə bilir ki, biz işğalçı deyilik və işğalçının işğalından azad etdiyimiz torpaqlarımızda quruculuq-abadlıq işləri görürük, Böyük Qayıdış layihəsi də reallaşmaqdadır. Bu işlər çərçivəsində ağıllı kənd, ağıllı şəhər layihələri isə müstəqil dövətimizin müasirliyini ortaya qoyur və innovasiyaların tətbiqi bunu bir daha sübut edir. Biz yenə də, özü də daha böyük cəsarətlə deyə bilirik ki, biz azərbaycanlı olduğumuza görə fəxr edirik, bununla qürur duyuruq.
İnam Hacıyev
6.3.8. – “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili – Azərbaycan dövlətçiliyi müasir mərhələdə”
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.