“ANAİB I Uşaq Kitab Festivalı” keçirilib - TƏDBİR-FOTOLAR

2 Aprel 2022 14:37 (UTC+04:00)

Bu gün Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə “ANAİB I Uşaq Kitab Festivalı” keçirilib. SİA xəbər verir ki, #kitablaböyüyək haştaqı altında təşkil olunacaq sərgidə müxtəlif nəşriyyatlar, kitab evləri, eləcə də fərdi şəxslər iştirak edərək kitablarını sata biləcəklər.

Təhsil Nazirliyinin təşkil etdiyi “Düşünən oxucu” müsabiqəsinin mükafatlandırma mərasimi də sərgi çərçivəsində gerçəkləşəcək.

Tədbirdə, həmçinin Türkiyədən dəvət olunmuş məşhur uşaq yazıçısı Suat Turqutun imza mərasimi təşkil ediləcək.

Bundan başqa, tədbirdə müxtəlif panellər, nağıl, tamaşa saatları təşkil olunub, tanınmış uşaq yazıçıları, eləcə də incəsənətin müxtəlif sahələrini təmsil edən mütəxəssislərlə görüş keçirilib, o cümlədən aktyor və yazıçı Bəhram Bağırzadə, yazıçılar Şəmil Sadiq, Zahid Xəlil, Vüqar Haqverdiyev, Həmid Piriyev, Elgüsel, Xülya Cəfərova, Reyhan Yusifqızı, Amin Sükut və başqalarının təqdimat və imza günləri baş tutub.

Eyni zamanda layihə rəhbəri Fatimə Alxazın verdiyi məlumata görə, sərgidə 15 kitab nəşriyyatı, 5 kitab mağazası iştirak edir: “Eyni zamanda uşaqlara bayram əhval-ruhiyyəsi yaşatmaq məqsədi ilə musiqi məktəblərindən ifaçı və rəqqas uşaqların təqdimatları da baş tutub”.

Səbinə Hüseynli