Prezident Azərbaycan xalqına böyük töhfələr verəcək - MÜNASİBƏT BİLDİRİLDİ

2 Aprel 2022 12:36 (UTC+04:00)

"Cənab Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr tariximizdə sürətli inkişaf, tərəqqi, dərin islahatlar və Azərbaycanın uğurlu inkişaf dövrü kimi qalacaqdır. 2003-cü ildə Azərbaycan xalqının böyük dəstəyini və etimadını qazanan cənab İlham Əliyev ondan sonrakı bütün prezident seçkilərini böyük qalibiyyətlə başa vurmuş və xalqın etimadını qazanaraq uğurla rəhbərlik etmişdir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev bildirib.

Onun sözlərinə görə, cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 18 il ərzində Azərbaycan öz sosial-iqtisadi inkişafı, beynəlxalq nüfuzun artırılması, ordu quruculuğu, dövlətin möhkəmləndirilməsi istiqamətində tarixi bir yol keçmişdir: "Bu müddət ərzində bizim ümumdaxili məhsulumuz 3,2 dəfə, büdcə gəlirlərimiz 13,5 dəfə artıb. Heç şübhəsiz ki, bu ümümdaxili məhsulun həcminin genişlənməsi və büdcə gəlirinin artması əhalinin birbaşa sosial rifah halına öz müsbət təsirini göstərib. Cənab İlham Əliyev hər zaman söyləyib ki, bizim siyasətin mərkəzində Azərbaycan xalqı, bu xalqın sosial rifah halı dayanır. Məhz bu illər ərzində Azərbaycanda yoxsulluğun səviyyəsi 45 faizdən 5,1 faizə qədər enib. Pandemiyanın son 2 ildə davam edən mənfi təsirlərini də nəzərə alsaq bu olduqca böyük bir göstəricidir. Bu illər ərzində Azərbaycanda 2 milyondan çox iş yerləri açılmışdır ki, onların da böyük əksəriyyəti, yəni 1 milyon 900 mindən artığı daimi iş yerləridir. Həmin dövrdə maaşların, pensiyaların, minimum əməkhaqqının ciddi sürətdə artımı müşahidə olunmuşdur. Sosial infrastrukturun yaxşılaşması sahəsində, regionların harmonik inkişafı sahəsində olduqca böyük işlər görülüb və cənab Prezidentin 2004-cü ildə imzaladığı regionların sosial iqtisadi inkişafı üzrə dövlət proqramı 5 illik proqram kimi nəzərdə tutulsa da sonrakı dövrlərdə uğurla bu proqramlar yenidən qəbul olunub. Artıq biz 4-cü proqramın icrası dövründəyik ki, bu illər ərzində Azərbaycanın regionlarında çox böyük islahatlar, inkişaf və tərəqqi əldə olunub.

Əhalinin sosial rifah halının yaxşılaşdırılması cənab Prezidentin daim diqqət mərkəzində olmuşdur. Bu 18 il ərzində maaşlar 8 dəfə, pensiyanın orta aylıq həcmi 11 dəfə artmışdır. 2018-ci ildə cənab İlham Əliyev növbəti dəfə prezident seçilərkən sosial sahədə dərin islahatların aparılmasına söz vermişdir. Elə həmin ildə dövlət büdcəsində sosial xərclərin artırılması üçün ciddi məbləğdə vəsait ayrılmışdır. 2019-cu ilin yanvar ayında cənab Prezidentin sosial sahədə islahatların aparılması ilə əlaqədar 30-a yaxın fərman və sərəncamı qəbul olundu və həmin sərəncam və fərmanlarla əməkhaqları xeyli miqdar artdı. Minimum əməkhaqqının həcmi 2 dəfə artırıldı, minimum pensiya 70 faizdən yüksək rəqəmə artırıldı. Büdcədən maliyyələşən təşkilatda çalışan bütün işçilərin əməkhaqları artırıldı. Bu dərin sosial islahatlardan sonra Azərbaycan əhalisinin sosial rifah halı xeyli genişləndi.

2020-ci ilin martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirus epidemiyasını dünya üçün bir pandemiya elan etdi. Bu da cənab Prezidentin çevik siyasətinin bir nəticəsi idi ki, Azərbaycan koronavirus pandemiyasına qarşı uğurla mübarizə aparan və uğurlu nəticələr əldə edən ölkələrdən biri kimi dünya tarixinə düşdü.

Azərbaycanın daxilində əhalinin sosial rifah halının qorunması, sağlamlığının qorunması, eləcə də əhaliyə pandemiyanın iqtisadi cəhətdən vura biləcəyi zərərlərin aradan qaldırılması üçün kompleks tədbirlər görüldü və 6 milyard manatdan çox əlavə büdcə vəsaiti ayrıldı.

Eyni zamanda cənab İlham Əliyev pandemiya dövründə dünyaya böyük tarixi çağırışlar etmiş lider kimi tanınmışdır. Qoşulmama Hərəkatına sədrlik edən cənab Prezidentin təklifi ilə 3 dəfə ÜST və BMT-nin koronavirusla mübarizəyə həsr olunmuş xüsusi iclasları keçirildi. Azərbaycan 80-dən çox ölkəyə humanitar yardım göstərdi və 10 milyon dollar ÜST-ə ianə olaraq yardım göstərdi.

Cənab Prezidentin bu illər ərzində fəaliyyətinin ən böyük zirvəsi şübhəsiz ki, torpaqlarımızın işğaldan azad olunması və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi oldu. 2020-ci ilin sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı, Azərbaycan ordusu cənab Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək torpaqlarımızı işğaldan azad etdi. Cənab İlham Əliyev Azərbaycan tarixində Müzəffər Ali Baş Komandan kimi əbədi qalacaqdır. Şübhəsiz ki, cənab İlham Əliyevin Azərbaycan xalqının və dövlətinin güclənməsi, qüdrətlənməsi, xoşbəxt gələcək üçün fəaliyyətləri bundan sonra da davam edəcəkdir. Cənab Prezident Azərbaycan xalqına böyük töhfələr verəcəkdir".